Premyer Liqa klubu yağışdan çıxıb, yağmura düşdü - Yeni baş məşqçi qapıda...

20:40 Premyerliqa 271
Premyer Liqa klubu yağışdan çıxıb, yağmura düşdü - Yeni baş məşqçi qapıda...

Yağışdan çıxıb, yağmura düşmək...

"Karvan-Yevlax"ın başına gələn bu olsun gərək.

Premyer Liqanın 12-ci turunda Azər Həşimovla yolları ayıran bölgə klubu böyük müsibət bahasına Füzuli Məmmədovu baş məşqçi postuna gətirdi.

Ki, Aran təmsilçisini düşdüyü pis vəziyyətdən çıxarsın.

48 yaşlı mütəxəssis də qaş düzəldən yerdə, vurub göz çıxardı.

Məmmədov gələnə kimi "Karvan-Yevlax"ı aktivində 5 xalı vardı.

Komanda "Zirə", "TuranTovuz", "Araz-Naxçıvan" kimi iddialı rəqiblərə əməlli-başlı başağrısı ola bilmişdi.

Hətta "Qarabağ"a da asan təslim olmamışdı.

Amma Füzuli Məmmədovun başçılığı altında kollektiv meydana çıxdığı 6 görüşdə cəmi 1 xal qazana bilib. Əsas rəqiblərindən olan "Şamaxı"ya doğma azarkeşləri önündə 0:3 uduzmaqla darmadağın olub.

Həşimovla 12 turda 10 qola sevinən yevlaxlılar Məmmədovla 6 turda vur-tut 3 qolu bayram edə bilib.

Nəzərə alaq ki, sabiq baş məşqçinin dönəmində komanda Yevlaxı təmsil edir, Mingəçevirdə məşq edir, Şamaxıda oyunlara çıxırdı. Şərtlər daha ağır idi.

İndi isə hazırkı baş məşqçinin dediyi kimi, heç bir sıxıntı yoxdur, hər şey qaydasındadır, amma yenə nəticələr gəlmir.

Hər ötən tur komandanın aşağı liqaya bir addım da yaxınlaşdırır.

Proses bu şəkildə çox uzağa gedə bilməz.

Görünən odur ki, növbəti baş məşqçi dəyişikliyi qapıdadır.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti