Azərbaycanın futbol klublarının qış təlim-məşq toplanışında keçirdikləri yoxlama oyunlarının statistik göstəriciləri bəlli olub.
Sportinfo.az xəbər verir ki, "report"un araşdırmasına görə, Misli Premyer Liqasında çıxış edən komandalardan "Qarabağ", "Zirə", "Sumqayıt" və "Turan Tovuz" Türkiyənin Antalya şəhərində, "Neftçi" isə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə hazırlıq prosesi keçib.
"Sabah", "Araz-Naxçıvan", "Şamaxı", "İmişli", "Kəpəz", "Qəbələ" və "Karvan-Yevlax" ölkə daxilində toplanışda olublar.
Çempionatın hazırkı lideri "Sabah" iki yoxlama oyununda qüvvəsini sınayıb. Paytaxt təmsilçisi "Şamaxı"ya 2:0, "Mingəçevir"ə isə 9:1 hesabı ilə qalib gəlib.

"Qarabağ" da bütün görüşlərdən qələbə ilə ayrılıb. Ağdam klubu "Neftçi"ni (Özbəkistan) 5:0, Xorvatiyanın "Osiyek" klubunu 3:1, Polşanın "Zaqlembe" komandasını isə 3:1 hesabı ilə məğlub edib.
"Zirə" Antalyadakı hazırlıq prosesində üç oyuna çıxıb. Bakı klubu Rumıniyanın "Çiksereda" komandası ilə heç-heçə (3:3) edib, Ukraynanın "Aleksandriya" kollektivinə 2:3, Çexiyanın "Bohemians 1905" klubuna isə 1:3 hesabı ilə uduzub.
Yalnız Polşanın "Poqon" komandası ilə qarşılaşan "Turan Tovuz" məğlubiyyətlə barışıb - 2:3.
Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" bütün oyunlarda yenilib. "Kimyaçılar" Macarıstanın "Pakş" klubuna 1:5, Serbiyanın OFK (Belqrad) komandasına 1:4, Xorvatiyanın "Osiyek" kollektivinə isə 0:2 hesabı ilə uduzub.

"Araz-Naxçıvan" üç yoxlama oyunu keçirib. Komanda "Qəbələ"yə 0:1 hesabı ilə məğlub olub, "Araz-Naxçıvan-2" üzərində 7:0, "Zaqatala" üzərində isə 4:0 hesablı qələbə qazanıb.
"Şamaxı" iki görüşdə iştirak edib. Komanda "Sabah"a 0:2 hesabı ilə uduzsa da, Azərbaycanın U-21 yığmasından üstün olmağı bacarıb - 1:0.
Əbu-Dabidə toplanışda olan "Neftçi" Qazaxıstanın "Kayrat" klubunun qapısından 3 cavabsız top keçirib. Misir təmsilçisi "Piramids" ilə heç-heçə (1:1) edən "ağ-qaralar" Çinin "Çenqdu Ronqçenq" kollektivinə isə 3:1 hesabı ilə qalib gəlib.
"İmişli" yoxlama oyunları haqqında məlumatlar açıqlamasa da, iki görüşdə gücünü yoxlayıb. Bölgə klubu I Liqada çıxış edən "Şimal" üzərində 5:0 hesablı qələbə qazanıb. Komanda həmin çempionatın lideri "Şəfa" ilə qarşılaşmada isə hesabda geri düşəndən (0:1) sonra meydanı tərk edib.
"Kəpəz" "Qəbələ" ilə oyunda 1:3 hesabı ilə məğlub olub, "Karvan-Yevlax"la görüşdə isə qolsuz heç-heçəyə razılaşıb.
"Qəbələ" də keçirdiyi bütün yoxlama oyunlarında qalib gəlib. "Qırmızı-qaralar" "Kəpəz"i 3:1, "Araz-Naxçıva"nı 1:0, "Baku Sportinq"i isə 7:1 hesabı ilə məyus edib.
"Karvan-Yevlax" yeganə yoxlama oyununda "Kəpəz"lə heç-heçə (0:0) edib.

"Qarabağ" 3 3 0 0 11-2 9
"Qəbələ" 3 3 0 0 11-2 9
"Neftçi" 3 2 1 0 7-2 7
"Sabah" 2 2 0 0 11-1 6
"Araz-Naxçıvan" 3 2 0 1 11-1 6
"İmişli" 2 1 0 1 5-1 3
"Şamaxı" 2 1 0 1 1-2 3
"Karvan-Yevlax" 1 0 1 0 0-0 1
"Kəpəz" 2 0 1 1 1-3 1
"Zirə" 3 0 1 2 6-9 1
"Turan Tovuz" 1 0 0 1 2-3 0
"Sumqayıt" 3 0 0 3 2-11 0
Beləliklə, qış fasiləsində 12 komandadan yalnız 3-ü ("Qarabağ", "Qəbələ", "Sabah") yoxlama matçlarında maksimum nəticəyə imza atıb.
Toplanışı həmçinin 2 kollektiv - "Neftçi" və "Karvan-Yevlax" da məğlubiyyətsiz başa vurublar. "Turan Tovuz" və "Sumqayıt" isə keçirdikləri bütün oyunlarda uduzublar.
Premyer Liqda mövsümün ikinci yarısına bu gün start veriləcək.

