Bu komanda doğma rayonuna qayıdarsa, görün, nələr yaşanardı...

22 Yanvar 23:00 Premyerliqa 172
Bu komanda doğma rayonuna qayıdarsa, görün, nələr yaşanardı...

Azərbaycan Premyer Liqasında 2025/26-cı il mövsümünün 16 turu əhatə edən birinci yarı arxada qaldı.

"Sabah" qış fasiləsinə lider, "Karvan-Yevlax" isə sonuncu pillənin sahibi kimi yollandı.

Uzun aradan sonra 12 komandanın təmsil olunduğu liqa 7 şəhəri əhatə etdi.

İki debütantın yer aldığı çempionatda klublar özünü necə göstərdi?

Verilmiş 1 aylıq fasiləni nəzərə alıb, biz də ardıcıllıqla komandaların 16 turdakı fəaliyyətinə göz atmağa çalışacağıq.

"İmişli" ilə davam edirik...

Bu komandanın yay toplanışı, verilən qərarlar yaxın gələcəkdə baş verəcək fiaskodan xəbər verirdi.

Hər halda, Bakıda keçən təlim-məşq toplanışında legionerə verməyə məşq maykası olmayan, mövsümün startına bir neçə gün qalana kimi harada ev oyunlarını keçirəcəyi bilinməyən kollektiv barədə başqa proqnoz da vermək olmazdı.

Hələ baş məşqçi postuna son 10 ildə heç yerdə bir ildən artıq işləməyən, sonuncu klubu Çexiyanın üçüncü Liqasını tərk edən bir komandadan gələn Jorje Kaşkilyanın təyinatını demirəm.

Amma bütün neqativ ehtimallar alt-üst oldu.

Faktiki heç nəyi olmayan, həvəskar klub görüntüsü yaradan aran təmsilçisi meydanda bərk komanda təsiri bağışladı.

Hətta qış çempionu "Sabah"a yeganə məğlubiyyəti yaşatdı.

Heç "Qarabağ"a da asan təslim olmadı.

"Neftçi"ni səfərdə məğlub etməklə Samir Abasovun istefasını təmin etdi.

Aktivində 17 xalı olan bölgə klubu turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşır.

Gözləmək olardı ki, qış təlim-məşq toplanışı daha ciddi keçər, heyətə yeni transferlər cəlb olunar. Ki, mövsümün birinci yarısındakı dinamikanı ən azı qorumaq mümkün olsun.

Kasad heyətlə belə uzun müddət davam etmək olmaz.

Amma nə normal toplanış gördük, nə də yeni transfer.

Bir sözlə, yaydakı vəziyyətin bənzəri davam edir.

Hər halda, Birinci Liqanın lideri ilə yarımçıq qalan oyun, autsayderi üzərində qələbə belə deməyə ciddi əsas verir.

Belə vəziyyətdə yuxarı sıralara qalxmaq real görünmür.

Amma çox arxayın şəkildə ikinci dövrənin gedişində Premyer Liqada qalmaq hədəfini təmin etmək olar.

Onunda əminliklə demək olar ki, bugünkü "İmişli" məşqlərini Bakıda, oyunlarını Şamaxı və Qubada deyil, doğma rayonda keçirsəydi nəticələri daha yaxşı olardı.

Təəssüf ki, bu barədə də hər hansı tərpəniş yoxdur.

Baxımsız qalan İmişli şəhər stadionu hər ötən gün daha da yararsız hala düşür.

Klub rəhbərliyi isə bu barədə düşünmək belə istəmir.

Deyəsən, yurd-yuvasından uzaq, azarkeş dəstəyindən məhrum qalmaq onlara çox xoşdur...

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Yanvar 18:10 Çək və bizə göndər!