Azərbaycanın iki klubunda baş məşqçi müəmması – PFL aydınlıq gətirdi

20:00 Premyerliqa 232
Azərbaycanın iki klubunda baş məşqçi müəmması – PFL aydınlıq gətirdi

Premyer Liqanın iki klubunda baş məşqçi müəmması hələ də davam etməkdədir.

Dekabrda baş məşqçiləri ilə yollarını ayıran “Karvan-Yevlax”la “Araz-Naxçıvan” yeni mütəxəssislərlə anlaşıb.

Azər Həşimovu Füzuli Məmmədov, Elmar Baxşıyevi isə Andrey Demçenko əvəzləyib. Lakin hər nə qədər qəribə səslənsə də, Peşəkar Futbol Liqasında heç birinin adı yoxdur.

“Araz-Naxçıvan”da Elmar Baxşıyevi adı qalırsa, Yevlax təmsilçisində baş məşqçi xanası boşdur. Həşimovun ad-soyadı silinsə də, yenisi əlavə olunmayıb.

Sual doğuran məqamın kimdən və ya haradan qaynaqlandığını öyrənmək üçün PFL-in mətbuat katibi Sənan Abdullayevlə əlaqə saxladıq.

Qurumun sözçüsü məsələyə aydınlıq gətirdi:

“Karvan-Yevlax”da baş məşqçi postu hələ ki, vakantdır. Füzuli Məmmədov bizdə köməkçi-məşqçi kimi qeydiyyatdan keçib.

“Araz-Naxçıvan”a gəlincə, bu gün etibarən bütün klublarda qeydiyyat dövrü başlayır. Keçmiş baş məşqçi ilə xitam sözləşməsi, yeni baş məşqçi ilə yeni müqavilə təqdim olunanda, saytda dəyişiklik ediləcək”.

Maraq üçün bildirək ki, Premyer Liqanın son oyunlarında aran təmsilçisini meydana Füzuli Məmmədov çıxarsa da, PFL-in saytında Azər Həşimov göstərilirdi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti