"Karvan-Yevlax" Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qarabağ"a 0:3 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb:
Sportinfo.az xəbər verir ki, qonaqların məşqçisi Füzuli Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Gərgin oyun oldu. "Qarabağ"a qarşı oynamaq həmişə çətindir. Futbolçularım bu gün çox əzmkarlıq, fədakarlıq göstərdilər. Hər bir futbolçuya təşəkkür edirəm. "Qarabağ"a qalib gəlmək çətindir. Kubokda mübarizəni dayandırdıq, bundan sonra çempionata köklənəcəyik. Bütün matçlara maksimum nəticə üçün çıxacağıq.
- Niyə çempionat oyunundakı ssenari təkrarlandı?
- Təhlil etmişdik. Hər oyundan qabaq və sonra həm rəqibi, həm də özümüzü təhlil edirik. Səbəb aydındır. Futbolçularımız fiziki cəhətdən tam hazır deyillər. Məşqlərdə çox əzmkarlıq göstərirlər. "Qarabağ"a qarşı oynamaq çətin olur. 80-ci dəqiqədən sonra bir az yorğunluq hiss edilir. Onda da səhvlər yaranır. "Qarabağ"ın futbolçuları da kiçik səhvlər edir.
- Sizin gəlişinizdən sonra müdafiədə intizam hiss olunur. "Qarabağ"la oyunlar sizə ümid verir?
- "Qarbağ"a qarşı hücum futbolu oynamaq çətindir. Məcbur edirlər ki, müdafiə olunasan. Oyunçularım əzmkarlıq göstərirlər. Oyun intizamını sona qədər qorumağa çalışdılar. Hər matçda müdafiə olunmayacağıq. Epizodumuz da var idi. Əgər "Qarabağ"a qarşı epizodun varsa, dəyərləndirməlisən.
- Büdcə imkan verir ki, qışda heyəti gücləndirəsiniz?
- Mütləq güclənməliyik. Qarşıda 3 oyunumuz var. Bütün diqqətimiz həmin oyunlaradır. İmkandan yararlanmağa çalışacağıq.

