İki cəbhədə - Çempionlar Liqasında və Premyer Liqada mübarizə aparan “Qarabağ”ın işləri hələ ki, pis getmir.
Avropanın bir nömrəli klub turnirində 4 oyundan sonra aktivinə 7 xal yazdıran “köhlən atlar” daxili birincilikdə rəqiblərindən 1 oyun az keçirməklə 23 xalla turnir cədvəlinə başçılıq edir.
Vəziyyətin bu cür olmasında “Qarabağ”ın çempionatdakı az qala bütün oyunları öz meydanında keçirməsi az rol oynamayıb.
Ağdam təmsilçisi 11 turdan sonra 10 görüşdə meydana çıxıb ki, bunların 8-də rəqiblərini “Azersun Arena”da qəbul edib. Əslində, say daha az – 5 olmalı idi. Lakin...
Oktyabrın 4-dəki “Kəpəz”lə oyun Qəbələdə keçirilməli idi. Ancaq MDB oyunlarının Qəbələdə təşkil olunmasına görə qarşılaşmanın yeri dəyişdirilib “köhlən atlar”ın meydanına salındı.
Oktyabrın 31-də “İmişli” ilə duel isə Qudaba baş tutmalıydı. Ağdamlıların “Çelsi” ilə vacib oyununu nəzərə alan baş məşqçi Qurban Qurbanov qarşı tərəfdən matçın “Azersun Arema”da keçirilməsini xahiş etdi və müraciəti müsbət cavablandırıldı.
Oktyabrın 17-də “Turan Tovuz”la reallaşan dueldə bölgə təmsilçisi nominal meydan sahibi rolunda çıxış edib. Tovuz stadionunun örtüyünün dəyişdirilməsi səbəbindən oyun “Azersun Arena”da baş tutub.
Hər nə qədər maraqlı olsa da, “Qarabağ” cəmi iki dəfə səfərə çıxaraq hər iki halda qələbə qazanıb. Şamaxıda “Karvan-Yevlax”ı 2:0, Mərdəkanda “Araz-Naxçıvan”ı 5:0 hesabı ilə udub.
“Azersun Arena”dakı 8 qarşılaşmanın 5-də qələbəyə müvəffəq olan ağdamlılar “Sumqayıt”a uduzub, “Zirə” və “Şamaxı” ilə bərabərə qalıb.
Vəziyyətin bu cür olması “Qarabağ”ı ikinci dövrədə 12-22-ci turlarda 6 dəfə səfərə çıxmağa məcbur olacaq. Üstəlik, “Sabah”la 1-ci turdan təxirə salınmış və dekabrda keçirilməsi nəzərdə tutulmuş oyun da “Bank Respublika Arena”da reallaşacaq.
“Azersun Arena”nı 5 qarşılaşmada hiss edəcək komanda üzvləri 7 dəfə rəqib meydanında mübarizə aparacaq.
HƏBİB / SPORTİNFO.AZ

