"Qarabağ" və "Neftçi"yə töhmət, PFL-ə əhsən...

16:05 Premyerliqa 415
"Qarabağ" və "Neftçi"yə töhmət, PFL-ə əhsən...

Bu gün Azərbaycan Premyer Liqasında "Qarabağ" - "Neftçi" oyunu var. Adını da qoymuşuq derbi. Belə derbi olur?

Oyun günüdür, amma iki bazburutlu klubun 200 minlik hesablarında bircə dənə dişəbatan paylaşım yoxdur.

Sanki rəqib MOİK-dir. Bu oyunun təbliğatı "Şamaxı", "Zirə" ilə oyunlardan fərqlənmirsə, onun adı necə derbi olsun axı?

Rəhbərlər, məşqçilər, futbolçular hamısı çərçivədə danışır. Amandı kiminsə xətrinə dəyərəm. O da hələ danışsa...

Bu düşüncə təbii ki, media komandasından da yan keçə bilməz.

Sizlər belə quru olandan sonra azarkeşlərdə nə intriqa yarana bilər ki?

Hə, satışa çıxan 5800 bilet qurtarıb. Əksəriyyəti tamaşaçı rolunda.

Maksimum 70-80 üzvü olan azarkeş qrupları bir-birinin ünvanına "qaz", "daldan" şuarı səsləndirib keçəcək də...

Gərək rəhbərlər əzəli rəqiblə üz-üzə gəldiyini hiss etdirsin, məşqçilər xüsusi hazırlaşdığını göstərsin, media komandası ortaya kreativ, atmacalı paylaşımlar qoysun, futbolçular özlərini ruh kimi aparmasın ki, azarkeş də azarkeş olsun. Tribunaya dəstək üçün alışıb-yanaraq gəlsin, oyun saatını gözləməyə səbri çatmasın.

"Neftçi" - "Xəzər Lənkəran" qarşılaşmasında olduğu kimi.

"Böyük oyunu" böyük edən onun oyunçuları idi. Rəhbərdən xadiməçiyə kimi hamı qarşısındakı rəqibə əzəli rəqib gözü ilə baxırdı.

Boş-boşuna "İsmət Qayıbov"da, Tofiq Bəhramov adına Respublika stadionunda, Gəncə şəhər stadionunda tribunlar dolmurdu. Günlər öncədən bir derbi ab-havası olurdu.

Həmin "Neftçi", "Xəzər"dən fərqli olaraq, bugünkü "Neftçi" və "Qarabağ" səssiz rejimdədir. Sanki hər iki cəbhədə də "yavaş olun, amandı kimsə eşidər derbi var" fikri hakim kəsilib.

Belə məqamda yaxşı ki, Peşəkar Futbol Liqası var. Günlər öncədən derbi ilə bağlı paylaşımlar edir.

Derbinin varlığını hiss etdirməyə çalışır. Müxtəlif statistik rəqəmlərlə, video paylaşımlarla.

Qısası, "Qarabağ" və "Neftçi" derbi öncəsi yatır, PFL iş başındadır.

Barı meydanda töhmətlik iş görməsinlər. Bəlkə bağışlandılar...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti