Dəyişən zaman, yerində sayan problem - Qəbələdə nə(lər) baş verib?

20:20 Premyerliqa 115
Dəyişən zaman, yerində sayan problem - Qəbələdə nə(lər) baş verib?

Təxminən 1.5 ildən sonra Premyer Liqa matçı üçün Qəbələdə oldum. Ölkəmizdə sevərək getdiyim 2-3 arenadan biridir. Sözün həqiqi mənasında dörd bir yanında futbol ruhunu hiss edirsən.

Əsas meydanda "Qəbələ" - "Sumqayıt" oyunu, digər meydanda uşaqların məşqi, bir başqa meydançada isə qızlar arasında matç keçirilirdi. Bir sözlə, dağların ətəyində futbol oynamaq üçün mənzərə ideal, şərait əla.

Təəssüf ki, gözəlliyin fonunda yenə tribunlar boş idi. Zaman dəyişir, bu rayonda azarkeş ənənəsi heç cür formalaşmır.

Azarkeşlərdən söz düşmüşkən, 90 dəqiqə sumqayıtlılar çox aktiv oldu. Xüsusilə zəfər turunda şəhidlərimizi bir neçə dəfə xatırlamalarını qeyd etməliyəm.

Bundan başqa Sumqayıtda yaşamış, əslən Qəbələdən olan Milli Qəhrəmanımız Polad Həşimovu da unutmadılar. Həşimovun adı eşidilincə yerli azarkeşlər bu jesti alqışla qəbul etdi. Sayları isə 44 nəfər idi. Qısası, zəfərin 5 illiyinə təsadüf edən səfərə hazırlıqlı yollanmışdılar.

Oyun barədə danışılacaq çox şey yoxdur.

Matç da tribunlar kimi quru idi, cəlbedici keçmədi.

Çox sayda top itkiləri, aşağı sürət adamı yorurdu, hətta tabloda vaxtı "sıxacaq" qədər.

"Qəbələ" yenə pis oynamadı, ancaq yenə də xalsız qaldı. Hər şey qaydasında kimi görünür, lakin heç nə yolunda deyil. 11 oyunda qazanılan cəmi 5 xala nə ad verəsən?

Hücumçu kimi 31 yaşında Azərbaycana gətirilən Sanqare ilə bundan artığını gözləməyə dəyməz. Gənc də deyil ki "düzələr" deyib üzərindən keçəsən. Bu qədər qol imkanlarına girən komandanın normal forvardı olsaydı, indi bombardirlər cədvəlinin ilk sıralarda özünə yer etmişdi.

İnsafən, Mehdi Cənnətovun yaxşı oyununu da qeyd etməmək olmaz. 2-3 uğurlu çıxarışla yadda qaldı. Bəlkə də mövsümdə ilk dəfə ideal oyun keçirdi. Kiperin performansı millimizin İslandiya və Fransa ilə görüşləri öncəsi yerinə düşdü.

"Sumqayıt" isə o qədər yaxşı keçirmədiyi görüşdə çox vacib qələbə qazana bildi. Belə baxanda, guya "Qəbələ"ni kim üstün və baxımlı oyunla uda bilib ki? Xatırlamıram...

Ümumiyyətlə, "Kimyaçılar" arxada qalan 11 tura görə boyundan yuxarı tullana bilib.

Kasad heyət, məhdud büdcə ilə kollektiv ikinci pillədə yer alır.

Ən azı 6 rəqibindən bir çox komponentlərdə geri qaldığı halda "Kimyaçılar"ın liderlər qrupunda özünə yer etməsi ciddi nəticədir.

Saşa İliç sükanı belə saxlaya bilsə, mövsümün əvvəli əlçatmaz görünən avrokuboklar növbəti dəfə Sumqayıta qonaq gələ bilər.

Serbiyalı bu yolda əlini gücləndirmək üçün qış fasiləsinə 2-3 normal transferlə mütləq güclənməlidir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti