
Azərbaycan Premyer Liqasında mövsüm sona yaxınlaşır.
İki həftədən, başqa cür desək, 3 turdan sonra 2024/25 “futbol ili” başa çatacaq.
Çempionatımızın bombardirlər cədvəlinə baxanda, məhsuldarlığın az olduğuna görə dərindən “ah” çəkmək məcburiyyətində qalırsan.
Avqust ayında başlayan mövsümün 33 turu geridə qalıb və sərrast oyunçunun aktivində cəmi 14 qol var
(Leandro Andrade, “Qarabağ”). Kabo-Verdelinin ən yaxın izləyicisi Salifu Suma (“Zirə”) 12, onun gürcüstanlı komanda yoldaşı Davit Volkovla “Sabah”lı Cesse Sekidika 10 dəfə fərqləniblər.
Məsələn, ötən mövsüm “Qarabağ”lı Juninyo 20, ondan öncəki mövsüm yenə “Qarabağ”lı Ramil Şeydayev 22 qolla yadda qalmışdı.
Azərbaycan Premyer Liqasındakı cari məhsuldarlığı UEFA-nın bayrağı altında keçirilən çempionatlarda vurulan qolların sayı ilə müqayisə etmək həvəsinə düşdük.
54 ölkənin 12-də çempionat yaz-payız sistemi ilə keçirildiyindən, onları müqayisədən çıxardıq. Yerdə qalan 42 birinciliyin 1-i Azərbaycanımn payına düşür. Bəs digər 41 ölkədə vəziyyət necədir?
33 ölkənin Premyer Liqasının bombardiri Andradedən daha çox fərqlənib.
İki ölkənin (Avstriya və Macarıstan) çempionatlarında ən çox fərqlənən futbolçuların hesabında bizdəki qədər – 14 qol var.
Odur ki, Azərbaycan çempionatı məhsuldarlıq müqayisəsində yalnız 6 ölkəni qabaqlayır. Bunlar Kipr (13), Kosovo (13), Moldova (11), Monteneqro (9), Makedoniya (11) və San Marinonun (13) yüksək liqalarıdır.
Məhz bu çempionatların bombardirlik siyahısındakı vəziyyət Azərbaycandakından da aşağıdır.
HƏBİB / SPORTİNFO.AZ