
“Qəbələ” Futbokl Akademiyasında illər öncə görüşlən işlərin bəhrəsini bu gün də görməkdəyik, illər sonra da görəcəyik.
Məhz klubun akademiyasında yetişən futbolçular bu gün Premyer Liqanın aparıcı komandalarının şərəfini qorumaqla yanaşı, Azərbaycan millisinin formasını geyinirlər.
Maraqlı faktlardan biri vaxtilə “Qəbələ”nin “şineli”ndən çıxan oyunçuların bu gün elita təmsilçilərinin əsas heyətində möhkəmlənib, kapitan (vitse-kapitan) sarğısını daşımasıdır.
Bəhlul Mustafazadə - təkcə “Qarabağ” kimi komandanın əsas simalarından biri deyil. O, həm də vitse-kapitandır. Bədavi Hüseynov, Abdullah Zubir, Şahruddin Məhəmmədəliyev kimi stajlılar meydanda olmayanda sarğısı Bəhlulun qolunda olur.
Qismət Alıyev – böyük futbolda ilk addımlarını “Qəbələ”də atan 28 yaşlı futbolçu illərdir “Zirə”nin şərəfini qoruyur. Komandada ondan yaşlı futbolçular yer alsa da, Rəşad Sadıqov sarğını məhz Qismətə tapşırıb.
Ürfan Abbasov – ötən ilə qədər “Qəbələ”də kapitan sarğısını daşıyan müdafiəçi yaydan bu yana “Araz-Naxçıvan”ın uğurları üçün tər tökür və burada da komandanı meydana məhz o çıxarır.
Amin Seydiyev – o da bölgə təmsilçisinin yetirməsidir. Əvvəlki illərdə kapitanlıq Elvin Camalova həvalə olunurdu, Amin “vitse” funksiyasını yerinə yetirirdi. Camalovun “Neftçi”yə üz tutmasından sonra “Sabah”da əsas söz sahibinə çevrilib.
Elvin Camalov – 3 ildən artıq müddətdə “Sabah”ın sarğısına cavabdehlik daşıyan “4 nömrə” indi “Neftçi”nin sıralarındadır. Samir Abasov kapitanlığı Rza Cəfərova həvalə edib. Lakin vitse-kapitanlardan biri məhz Elvindir.
Rza Cəfərov – bəlkə də əksəriyyət artıq Azərbaycan millisinə də cəlb olunan qapıçının uşaqlıq illərinin “Qəbələ”nin akademiyasında keçdiyini bilmir. Lakin bu, reallıqdır. Futbolun sirlərinə “Qəbələ”də yiyələnən Rza sonradan paytaxta üz tutaraq “Neftçi”nin aşağı yaş qruplarında əlcək taxıb. İndi isə “ağ-qaralar”ın kapitanıdır.
Yusif Nəbiyev – yeniyetməlik illəri qardaşı Fəridlə birlikdə “Qəbələ”nin akademiyasında keçib. Böyük futbolda ilk addımlarını atan dönəmdə bölgə təmsilçisinin hədəfləri böyük olduğundan, başqa klublara üz tutmaq məcburiyyətində qalmışdı. Artıq xeyli vaxtdır “Səbail”də kapitanlıq edir.
Siyahını Faiq Hacıyev (Turan Tovuz), Turan Manafov (Kəpəz), Fərid Nəbiyev (Səbail) kimi adlarıa genişləndirmək olar. Lakin onlar mövsüm ərzində nadir hallarda kapitanlıq məsuliyyətini daşıyırlar.
Bu, o deməkdir ki, “Qəbələ” ölkə futbolu üçün təkcə futbolçu yox, həm də xarakteri güclü olan liderlər yetişdirib.
Davamının gələcəyinə ümid edək.
HƏBİB / SPORTİNFO.AZ