
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov Premyer Liqa təmsilçilərinin maliyyə menecerlərinin iştirakı ilə keçirilən iclasın detallarını açıqlayıb.
Sportinfo.az xəbər verir ki, o, "report"a açıqlamasında bunun xüsusi toplantı olmadığını bildirib.
E.Məmmədov ənənəvi olaraq apreldə elita klublarını bir araya yığdıqlarını söyləyib:
"Necə ki, bizim həmkarlarımız, digər 54 milli assosiasiya da bunu edir. Klublardan apreldə məlumatlar alınır.
Bunlara illik maliyyə hesabatı və oradakı göstəricilər daxildir. Onlar UEFA-nın xüsusi platforması vasitəsi ilə Avropa futbol qurumuna təqdim olunur.
Bu məlumatları toplayaraq təşkilat hər il illik hesabat tərtib edir. Hansı ki, orada hər bir ölkə üzrə maliyyə vəziyyəti ilə bağlı müqayisəli təhlillər aparılır".
AFFA rəsmisi hələlik növbəti lisenziyalaşdırma mövsümündən etibarən maliyyə meyarlarına ediləcək dəyişikliklərlə bağlı məlumat verə bilməyəcəyini vurğulayıb:
"Çünki dəyişikliklər öncə UEFA-da təsdiq edildikdən sonra bizə göndərilir. Biz də klublara bildiririk
. Seminarımız texniki məsələlərlə bağlı idi. Növbəti illə bağlı açıqlama vermək tezdir.
Müəyyən dəyişikliklər gözlənilir. Amma UEFA açıqlamamış rəsmi açıqlama verə bilmirik.
Qurumun İcraiyyə Komitəsi tərəfindən yeni qaydalar yayda təsdiq olunsa, klublara bu barədə iclaslar keçirəcəyik".