“Qarabağ”, “Neftçi”, “Sabah”ın adını eşidib, əl-ayağa düşənlər

22 Aprel 23:20 Premyerliqa 854
“Qarabağ”, “Neftçi”, “Sabah”ın adını eşidib, əl-ayağa düşənlər

Premyer Liqa klubları aparıcı futbolçuları ilə bağlı təşvişə düşüb.

İddialı klubların maraq dairəsində olan oyunçular təcili danışıqlar masası arxasına dəvət olunur, müqavilələrin müddəti artırılır.

İlk belə addımı “Şamaxı” atdı. “Neftçi”nin xüsusi maraq göstərdiyi portuqaliyalı qapıçı Rikardo Fernandeşlə sözləşmənin vaxtı uzadıldı.

Daha sonra “Araz-Naxçıvan”ın rəhbərliyi qollarını çırmalamaq qərarına gəldi. “Neftçi”ylə yanaşı, “Qarabağ”ın da diqqət göstərdiyi deyilən mərkəz müdafiəçi 2026-cı ilin yayına qədər Naxçıvan təmsilçisinin formasını geyinməyə razılıq verdi.

Belələrindən biri də Alexandro Serranodur. “Turan Tovuz”un “beyni” ağıllı oyunu ilə diqqətləri üzərinə çəkməyi bacarıb. İspanın arzusu indiyə qədər heç vaxt dadını hiss etmədiyi avrokuboklarda oynamaqdır.

Komandası Konfrans Liqasına vəsiqə qazansa, çox güman, burada qalacaq. Əks təqdirdə "Neftçi", "Sabah", ya da "Araz-Naxçıvan"ın sıralarında görünə bilər.

Rati Ardazişvili də Premyer Liqanın yeni tapıntısı hesab olunur. Bu ilin əvvəlindən “Kəpəz”in fomasını geyinən gürcü yarımmüdafiəçi ağıllı oyunu və texniki bacarıqları ilə adından söz etdirməkdədir.

Odur ki, 27 yaşlı futbolçu ilə maraqlananlar var. “Kəpəz” də işini bərk tutaraq onunla yayda başa çatacaq anlaşmanın müddətini uzatmaq barədə düşünür.

“Səbail”li Süleyman Alluşu da yeni mövsümdən iddialıların birində görsəniz, təəccüblənməyin. Düzdür, niderlandlı vingerin “Səbail”lə müqaviləsi iki aydan sonra başa çatır. Üstəlik, hazırda şərəfini qoruduğu komandanın elitanı tərk edəcəyi böyük ölçüdə dəqiqləşib.

Azərbaycana gələnə qədər parlaq karyeraya sahib olmayanların çempionatımızda oynayandan sonra daha yüksək hədəf və qazancın arxasında qaçdığına illərdir şahidlik etməkdəyik.

Bu mənada futbolçuların istəyi anlaşılandır. Bir məsələ də var ki, onları kəşf edən klublar həmin futbolçuları əldən buraxmamaq üçün daha yüksək maaşla yeni sözləşməyə razılıq verir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!