"Neftçi" - "Səbail" matçına doğru: Paytaxt derbisində bizi nələr gözləyir?

27 Noyabr 2022 11:40 Premyerliqa 363
"Neftçi" - "Səbail" matçına doğru: Paytaxt derbisində bizi nələr gözləyir?

Premyer Liqada 15-ci tura bu gün start verilir.

İlk matç paytaxt derbisi ilə başlayacaq. “Baksel Arena”da “Neftçi” “Səbail”i qəbul edəcək.

Tərəflər qarşılaşmaya tam fərqli ab-havada ayaq basacaqlar.

Meydan sahibləri son üç turda “Zirə” və “Qəbələ” kimi əsas rəqibləri udması fonunda “Sabah”la “Qarabağ”ın bərabərə qalması ilə liderlərlə nisbətən də olsa aradakı xal fərqinin böyüməsinin qarşısını almış oldu. Bu, daxili ab-havanın da müəyyən qədər düzəlməsinə yol açacaq.

Qonaqların durumu isə sadəcə acınacaqlıdır. Mahmud Qurbanovun yetirmələri 5 oyundu qələbəyə həsrətdir. Son 4 görüşdə isə onun futbolçuları ümumiyyətlə fərqlənməyi belə bacarmırlar.

Həmin 4 görüş arasında “Şamaxı”nın qapısından qol keçirməyi bacarmayan (0:0), Gəncədə darmadağın olan (0:3) olan Bayıl təmsilçisinin “ağ qaralar” önündə yuxudan ayılacağı inandırıcı görünmür.

Tərəflər arasındakı duellərdə də “Səbail”in halına adamın ağlamağı gəlir. Təsəvvür edin son 9 matçda birqayda olaraq “Neftçi” qalib gəlib. Son 4 qarşılaşmada isə qonaqlar rəqib qapısından bir qol belə keçirə bilməyiblər.

“Səbail” tərəfinə təsəlli olacaq, ümid verəcək tək məqam milli komandalara görə yaranmış iki həftəlik fasilədə Regekampfın yetirmələrinin rəsmi oyun keçirməməsidir. Sözsüz ki, bu, “Neftçi”li futbolçuların tonusda qalmasını mütləq axsadacaq, toparlanmağa zaman gərəkir.

Qurbanovun komandası isə 5 gün əvvəl MOİK-lə ölkə kubokunda üz-üzə gəlib və parlaq qələbə qazanıb – 4:0.

Təbii ki, belə rəqiblə oyunun tonusda qalmağa kömək edəcəyini, oyun təcrübəsinin azlığını aradan aparacağını tam düşünmək də doğru olmaz.

Bir sözlə, hazırkı məqama görə “Neftçi”ni asan qələbə, bəlkə də darmadağınla əldə olunacaq 3 xal gözləyir deyə bilərik. Amma, bu, futboldur, necə olacağını dəqiqləşdirmək üçün mütləq 90 dəqiqəni gözləmək lazımdır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti