«Karyeramda tamamilə yeni və həyəcanverici bir səhifə açılır».
Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan yığmasının yarımmüdafiəçisi Rüfət Abdullazadə deyib.
«Sumqayıt»ın yetirməsi gələn mövsümü İsraildə keçiriləcək. «Varajdin» (Xorvatiya) vingeri «Hapoel Kiryat Şimon»a birillik icarəyə verib.
Müsahib bildirib ki, İsrail Premyer Liqasında oynamaq hər bir futbolçu üçün böyük təcrübə və ciddi sınaqdır:
'Kiryat Şmona'ya qoşulduğum üçün çox şadam. Meydanda maksimum gücümlə mübarizə aparıb, komandama hər oyunda kömək etmək istəyirəm.
Adaptasiya dövrünü tez bir zamanda keçib, dərhal işə başlamağa tam hazıram. Bu transferin reallaşmasında əməyi olan hər kəsə minnətdaram.
İlk növbədə karyerama inanan və bu çətin transfer prosesini başdan-sona yüksək peşəkarlıqla idarə edən agentim Emil Əsədova və 'Asadov Pro Bridge' agentliyinə təşəkkür edirəm.
Mənim üçün ən doğru variantı seçdilər. Həmçinin mənə göstərdikləri anlayışa və dəstəyə görə 'Varajdin' klubuna minnətdarlığımı bildirirəm.
İndi bütün diqqətimi məşqlərə və qarşıdakı oyunlara yönəltmişəm. Azarkeşləri yaxşı oyunla sevindirmək üçün əlimdən gələni edəcəm'.

