Premyer Liqada çıxış edən futbolçuların mövqelər üzrə QİYMƏTLƏRİ

15 Aprel 2021 21:00 Premyerliqa 1 711
Premyer Liqada çıxış edən futbolçuların mövqelər üzrə QİYMƏTLƏRİ

Sportinfo.az xəbər verir ki, Azərbaycan futbolunda son aylarda baş verən hadisələr transfer bazarında oyunçuların qiymətində dəyişikliyə səbəb olub.

Həm Keysuke Hondanın “Neftçi”yə keçidi, həm də milli komandamızın ötən ay 3 oyun keçirməsi transfermarkt.com platformasında Premyer Liqamızda çıxış edən futbolçuların dəyərinə təsir edib.

Bəzi futbolçuların çempionatda çıxışı da onların qiymətinin artmasına səbəb olub. Platformada qeyd olunan rəqəmlərə əsasən iki kateqoriya üzrə məlumatları diqqətinizə çatdıracağıq (Futbol+):

1. Azərbaycan premyer-liqasında çıxış edən ən dəyərli 25 futbolçu

2. Azərbaycan premyer-liqasının mövqelərə görə ən dəyərli futbolçuları

Əvvəlcə birincidən başlayaq. Məlumat üçün qeyd edək ki, “transfermarkt.com”da premyer-liqadakı futbolçuların ümümi dəyəri 55,75 milyon avro göstərilib.

Siyahıda adı çəkilən oyunçuların qiyməti isə 17,7 milyon avroya bərabərdi. Yəni siyahıda yer alan futbolçuların ümumi dəyəri çempionatda çıxış edən bütün futbolçuların toplam qiymətinin 31,7 faizini təşkil edir.

Azərbaycan çempionatının ən dəyərli futbolçusu Abdulla Zubirdi. “Qarabağ”ın vingeri 1,2 milyon avro ilə siyahıya başçılıq edir. Fransalı yarımmüdafiəçi ötən mövsümə nisbətən 100 min avro dəyər itirib.

İkinci sırada isə 5 futbolçu yer alıb. Onların hamısı “Qarabağ”ın üzvüdü. Bədavi Hüseynov, Filip Ozobiç, Mahir Emreli, Uroş Matiç və Qara Qarayevin dəyəri 1 milyon avrodu.

Bu futbolçulardan yalnız xorvat yarımmüdafiəçinin qiyməti ötən mövsümlə müqayisədə dəyişib. Premyer-liqada özünü yaxşı tərəfdən göstərməsi Ozobiçin qiymətinin 200 min avro artmasına səbəb olub. 7-ci ci pillədə “Neftçi”nin kapitanı yer alıb.

Emin Mahmudovun dəyəri 900 min avrodu. Yarımmüdafiəçinin ötən ilə nisbətən qiymətində dəyişiklik olmayıb. Sonrakı iki yerdə də “ağ-qaralar”ın futbolçuları yer alıb.

Yeni transfer Keysuke Hondanın dəyərini “transfermarkt.com” 800 min avro göstərib. Yapon yarımmüdafiəçinin qiymətində ötən illə müqayisədə dəyişiklik olmayıb.

Anton Krivotsyukun da dəyəri 800 min avro qiymətləndirilib. “Qarabağ”ın kapitanı Maksim Medvedevlə “Zirə”nin yarımmüdafiəçisi Riçard Almeydanın dəyəri 750 min avroya bərabərdi.

Hər iki futbolçunun bazar qiyməti ötən mövsümə nisbətən düşüb. Maksim 150, Riçard 550 min avro itirib. 12-ci yerdə 700 min avro dəyərlə Ömər Buludov yer alıb.

“Neftçi”nin müdafiəçisinin ötən ilə nisbətbətən qiyməti artıb. O, 50 min avro bahalaşıb. 13-14-ci pillələrdə “Qarabağ”ın qapıçısı Emil Balayevlə “Neftçi”nin müdafiəçisi Mamadu Kane yer alıb.

Onların dəyəri 600 min avrodu. Emil ötən illə müqayisədə 200 min avro “geriləsə” də, Kanedə 150 min avro artım müşahidə olunur. Bəhlul Mustafazadə ilə Xayme Romeronun dəyəri 550 min avrodu. Hər iki futboçunun qiymətində ötən ilə nisbətən hansısa dəyişiklik olmayıb.

Premyer-liqada çıxış edən 9 oyunçunun dəyəri 500 min avrodu. Onlardan yalnız “Zirə”nin dayaq yarımmüdafiəçisi Elvin Camalovun qiyməti ötən ilə nisbətən sabit qalıb.

Qalan 8 futbolçunun qiymətində dəyişiklik olub. “Keşlə”nin üzvü Vüsal İsgəndərli 50, “Neftçi”nin bombardiri Namiq Ələsgərov 150, “Qarabağ”dan Kvabena Ovusu və Kevin Medina, “qırmızılar”dan isə Anatole Abanq 200 min “artıraraq” qiymətlərini 500 min avroya çatdırıblar.

“Neftçi”nin qolkiperi Səlahət Ağayev 200, hücumçusu Stiven-Jozef Monroz 150, “Qəbələ”nin forvardı Ceyms Adeniyi isə 100 min avro dəyər itirərək “500 minlər” siyahısında yer alıblar.

Beləliklə, yuxarıda adı qeyd olunan futbolçular hazırda Azərbaycan premyer-liqasında çıxış edən ən dəyərli oyunçulardı.

Mövqelərə görə ən yaxşı futbolçuları aydınlaşdırmaq üçün isə 4-4-2 taktiki sxemindən istifadə edəcəyik. Buna əsasən deyə bilərik ki, premyer-liqamızın ən dəyərli qolkiperi “Qarabağ”ın üzvü Emil Balayevdi.

Ən bahalı sol cinah müdafiəçisi Anton Krivotsyukdu. Mərkəz müdafiəçisi kimi ən bahalı futbolçu “Qarabağ”ın üzvü Bədavi Hüseynovdu. Sağ cinahda isə 750 min avro dəyərlə Maksim Medvedev yer alıb.

Premyer-liqamızda çıxış edən ən bahalı dayaq yarımmüdafiəçisi Qara Qarayevdi. Ən dəyərli vinger Abdulla Zubirdi. Sağ cinahda isə ən dəyərli futbolçu adına Vüsal İsgəndərli yiyələnib.

Pleymeyker mövqeyində Filip Ozobiç yer alıb. Hücum xəttində Mahir Emreli qərarlaşıb. Taktiki sxemə uyğun deyə bilərik ki, çempionatın ikinci ən dəyərli mərkəz müdafiəçisi “Sabah”ın üzvü Bəhlul Mustafazadədi.

Ən bahalı ikinci hücumçu isə “Qəbələ”nin əsas qol silahı Ceyms Adeniyidi. Mərkəz yarımmüdafiəçi mövqeyi bizim sxemə uyğun olmasa da, burda da ən bahalı futbolçu “Qarabağ”ın üzvüdü. Uroş Matiç 1 milyon avro ilə bu kateqoriya üzrə ən dəyərli oyunçudu.

Nəzərinizə çatdıraq ki, cari mövsüm parlaq oyun nümayiş edirən Şahruddin Məhəmmədəliyev 300 min dəyər qazanaraq 400 min avroya çatıb. Lakin bu artım belə, onun ən yaxşılar siyahısına düşməsinə səbəb olmayıb.

Ümid edək ki, "Şah" uğurlu çıxışı davam etdirərək növbəti mövsüm üçün premyer-liqanın ən dəyərli futbolçuları siyahısında yer almağı bacaracaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda