"Qalatasaray" istəsəydi… "uşaq səhvi" adamı dəli edir

19 Sentyabr 2020 18:34 Neftçi 1 004
"Qalatasaray" istəsəydi… "uşaq səhvi" adamı dəli edir

Bir də bizim özünü mütəxəssis, hətta məşqçi sayanların bu şablon"uşaq səhvi" deməyi adamı dəli edir.

Uşaq səhvləri elə uşaq futbolunda olur.

Bu qəribə terminə nədənsə ancaq postsovet məkanında rast gəlinir. Çox uzağa getməyək, heç türk futbolunda "cocuk hatası" kimi deyimə rast gəlmirik.

Mahir Emreli Lüksemburq ilə qırmızı vərəqə alır, deyirik, uşaq səhvidir. Adıl Nağıyev lüzüm olmadan əli ilə oynayır, bu da uşaq səhvidir. Aqil Məmmədov buradan-bura öz müdafiəçisini görmür, qola nəticələnən pası rəqibə verir, yenə həmin termindən istifadə olunur.

Bu sözü azarkeş, hətta jurnalist deyəndə, normal qəbul olunur. Lakin məşqçilərimizin həmin termindən istifadə etməsi ya köhnədən qalan vərdişdir, ya da ki futbola elə həvəskar kimi baxmaları deməkdir.

Lüksemburq ilə oyunda Mahir və komanda yoldaşları 30 dəqiqə topsuz ora-bura qaçdı, sonucda əsəbləri ilə bacarmayan futbolçu rəqibi vurdu.

Adıl pis müdafiəçi deyil, sadəcə, elementar olaraq bu cür məsul və gərgin keçən oyunda debüta hazır deyildi, nəticədə onun əli topu "tapdı".

Nəyə görə Kipr ilə oyunda "qırmızı", avtoqol, penalti olmadı? Çünki Kipr millisi Lüksemburqa baxanda daha zəif rəqibdir, bizim futbolçulara ciddi problemlər yaşatmadı. Tutalım ki, "Neftçi" "Qaradağ-Lökbatan" ilə oynasa, Aqil çətin ki, bu tip səhv edər.

Azərbaycan millisi bəlkə də avtoqollar üzrə Avropa çempionudur. Ağasəlim Mircavadovdan tutmuş Şahin Diniyevə kimi hamı avtoqolları "uşaq səhvləri" adlandırıb.

Ancaq nədənsə millimiz Fələstin və ya Bəhreyn ilə oynayanda öz qapımıza qol vurmurduq. Həmin səhvləri bizə İtaliya, Uels və diqər güclü rəqiblər məcbur edib.

Deməyim budur ki, "uşaq səhvi" terminindən istifadə edən məşqçinin "futbol savadı" elə uzağı, uşaq futbolu səviyyəsindədir. Yayboyu bir sxem, bir heyətlə hazırlaş, sonra 1 ay boyunca həmin sistemdən istifadə elə, axırda da "Qalatasaray" gələndə, heyəti "tetris" oyunundaki kimi qarışdır, sonda da günahı at futbolçuların "uşaq səhvləri"nə.

Səlahət Ağayev də, sən demə, zədəlidir, yoxsa mütləq oynayacaqdı axı...

Deyən də yoxdur, "Qalatasaray" istəsəydi, Mbodj, Krivotsyuk və digərləri həmin səhvlərdən 5 qat çox buraxardı.

Uşaq səhvi, yox bir, adult səhvi...

Erkin İbrahimov

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!