
Moskva “Dinamo”sunun Avropa Liqasının II təsnifat mərhələsində Tbilisi “Lokomotiv”inə məğlubiyyəti Rusiya klublarının avrokuboklardakı biabırçı nəticələrini gündəmə gətirib.
Sportinfo.az xəbər verir ki, həmkarlarımız komandalarının indiyə qədər sürpriz yenilgilərini sıralayıb.
7 matçın yer aldığı siyahıda Tula “Arsenal”ının Azərbaycan təmsilçisi “Neftçi”yə məğlubiyyəti də var. 2019/20 mövsümündəki duellə bağlı belə yazılıb:
“Latın Amerikasından olan legionerlərlə güclənən “Neftçi” “Arsenal”ı hər iki matçda üstələdi. “Neftçi” o qədər hazırlıqlı və ağıllı komanda kimi görünürdü ki, istər-istəməz sual meydana çıxdı:
UEFA birləşmiş liqalara icazə versəydi, Rusiya Premyer Liqası təkcə Belarusla deyil, həm də Azərbaycan klubları ilə əməkdaşlıq etməli idi?”
Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Neftçi” “Arsenal”ı 3:0 və 1:0 hesablı qələbələrlə mübarizədən kənarlaşdırmışdı.