Belçika Kral Futbol Assosiasiyası (KBVB) Canni İnfantinonun FİFA prezidenti vəzifəsinə yeni müddətə namizədliyini dəstəkləməyəcəyini açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, assosiasiyanın qərarı FİFA-nın hələ də şəffaf məlumat təqdim etmədiyi iki əsas məsələ ilə bağlıdır.
Bunlardan birincisi dünya çempionatının bəzi hüquqlarının satışı ilə bağlı “FIFA Forward Enterprise” layihəsidir.
KBVB qeyd edib ki, bu iş üzrə bir sıra mühüm qərar və qiymətləndirmələrin əsaslandırılması, eləcə də qərarların qəbul edilməsi prosesi barədə kifayət qədər məlumat verilməyib. Bu isə şəffaflıq və idarəetmə ilə bağlı suallar doğurur.
Belçika Kral Futbol Assosiasiyası UEFA ilə razılaşma çərçivəsində fəaliyyətini davam etdirdiyini və qərar qəbuletmə prosesi, eləcə də növbəti addımlarla bağlı aydın cavablar tələb etdiyini bildirib.
İkinci məsələ isə dünya çempionatı zamanı Folarin Baloqunun (ABŞ millisinin hücumçusu) qırmızı vərəqəsinin ləğvi ilə bağlıdır.
KBVB-nin birbaşa tərəf olduğu bu iş üzrə assosiasiya qəbul edilən qərarların aydın əsaslandırılmasını və gələcəkdə oxşar hallara necə baxılacağının izahını istəyib. Ancaq bildirilib ki, bu müraciətlərə hələ də adekvat cavab verilməyib.
Bununla əlaqədar KBVB FİFA-ya müraciət edərək, Baloqunla bağlı məsələnin oktyabrın 15-də keçiriləcək növbəti FİFA Şurasının iclasının gündəliyinə salınmasını xahiş edib.
Həmin iclasda assosiasiyanın prezidenti Paskal Van Damm da iştirak edəcək.
