O, "Neftçi"də qalsaydı, döy(dür)üləcəkdi…

19 Yanvar 2020 17:02 Neftçi 1 343
O, "Neftçi"də qalsaydı, döy(dür)üləcəkdi…

Aylardır sürən qarşıdurma dünən Roberto Bordinin başında çatladı. İtaliyalı baş məşqçi klub prezidentinin təqdimatı əsasında göndərildi.

Sözsüz, Kamran Quliyev bu fikrə birdən-birə düşməmişdi: o, "günah keçisi"ni çoxdan seçmişdi və hərləyib-fırlayıb onu "vurmağı" gözləyirdi.

Bu gün də yetişdi. Əslində, yoxlama görüşündə Polşanın ən zəif klubuna - "Lodz"a böyükhesablı məğlubiyyət bəhanədir.

Toplanış vaxtı belə qarşılaşmalar, adından göründüyü kimi, komandaya oyun təcrübəsi qazandırmaq, futbolçuları fiziki yorğunluq fonunda izləmək üçündür.

Ona qalsa, Tərlan Əhmədov 2018-ci ilin qışında Antalyada "SKA-Xabarovsk"a 1:8 hesabıyla uduzmuşdu, amma "Neftçi"nin ovaxtkı başbilənləri baş məşqçiyə güldən ağır söz söyləmədi.

Bordinin kələyini mövsümün əvvəlində kəsmişdilər. "Bney Yehuda" ilə Avroliqa oyunlarından sonra. İtalyan hələ iyulda göndəriləcəkdi, SOCAR-dan razılıq ala bilməmişdilər.

Kamran Quliyev baş məşqçidən Avropa Liqasının pley-off mərhələsinə vəsiqə istəmiş, olmamışdı. Ogündən tərəflər "soyuq müharibə" şəraitində bir-birini yola verirdi. Klubdaxili prosesləri yaxından və diqqətlə izlədiyimizdən, bilirdik ki, gərginlik sürətlə pik nöqtəyə yaxınlaşır, belə münasibətlə Bordinin "başını yeyəcəklər".

İstefa qərarının dünən gecə açıqlanması təsadüfi deyil. sutkanın başa çatmasına dəqiqələr qalmış bu xəbərin yayılması məqsədlidir və məğzi ikibaşlıdır.

Bir tərəfdən, mediada və sosial şəbəkədə "Neftçi"yə aid gedəcək yazıların, statusların sayını, tonunu aşağı salmaq niyyəti güddülərsə, digər yandan, AFFA-nın İcraiyyə Komitəsinin üzvləriylə bağlı müzakirələri gündəmdən sıxışdırmaq fikriylə bu qərarı saat 23:50-dən sonra ictimaiyyətə çatdırdılar. Kamran Quliyev beləcə öz aləmində bir güllə ilə iki dovşan ovladı.

Kirill Petrov Ukraynaya gedib qayıtmayanda, təhqirbaz Dario Frederiko əvəzedici heyətə göndəriləndə, Stiven Jozef-Monroz pasportunun itməsi bəhanəsiylə düşərgəyə gec gələndə, Baqali Dabo yoxlama oyununda əvəzlənməsinə etiraz edib baş məşqçini söyəndə, sonra üstünə hücum çəkəndə, bəlli idi ki, Bordinlə "iplər" qırılmaq üzrədir.

Son akkordun Antalyada - təlim-məşq toplanışının ortasında vurulması öncədən düşünülüb, ssenari hər incəliyinə kimi götür-qoy edilib və hazırlanıb.

Bordin komandayla Bakıya dönsəydi, yəni ki, işini davam etdirsəydi, mütləq başına bir iş gələcəkdi. Ya ondan narazı futbolçuların biri tərəfindən məşqdə döyüləcəkdi, ya da küçədə tanımadığı şəxsin atmacasına tuş gələcəkdi.

Bunlar elə-belə təxminlər deyil: informasiya Kamran Quliyevin yaxın çevrəsindən redaksiyamıza sızıb. Necə deyərlər, təhlükə Bordini qarabaqara izləyirdi.

Liviya doğumlu apenninli çalışdırıcının yola salınmasında Müşahidə Şurasının rolu sıfra bərabərdir. Klub prezidenti bu məsələni SOCAR-la razılaşdırıb. Şura üzvlərinin ayrılığa müsbət yanaşması haqda fikir formalaşdırılır, ancaq bu, həqiqəti əks etdirmir.

Quliyev Bordini gətirəndə şurayla məsləhətləşməmişdi, göndərəndə də məsləhətləşməyib. Uzaqbaşı, qərar açıqlanandan sonra sədr Çingiz Abdullayevə telefonla mesaj yazıb xəbəri veriblər, ya verməyiblər.

Kamran Quliyev yenə də Ceyhun Sultanovun çaldığı havaya və əlinə oynadı. Axı baş məşqçinin ən böyük əleyhdarı idman direktoru idi. O isə futbolçuların yanında nüfuzunu itirməmək üçün çoxluğun mövqeyinin altında əzilməməyi üstün tutdu.

Eyni zamanda, artan maraqları gözünün önünü örtdü. Bordinin "artıq ət" elan olunması ilə Sultanov özünü xilas etdimi?

Axı idman direktorunun özü də son günlərə kimi ipdən asılı vəziyyətdə idi, SOCAR baş məşqçiylə yanaşı, onun da klubdan uzaqlaşdırılmasını prezidentin qarşısına şərt kimi qoymuşdu.

Hələlik gedən Bordindir, yerinə keçən Sultanovun öz adamıdır, idman direktorunun məramına çatıb-çatmaması yalnız bir müddət sonra üzə çıxacaq və dəqiqləşəcək.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti