“Neftçi” baxışa çağırdığı gənc afrikalını saxladı: “Gələcəyi var, pis təsir bağışlamır”

14:40 Neftçi 362
“Neftçi” baxışa çağırdığı gənc afrikalını saxladı: “Gələcəyi var, pis təsir bağışlamır”

«O, bizdə üç-dörd ay qalacaq.

Burada oynayıb, əsas komandaya layiq olub-olmadığını göstərməlidir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi-2»nin baş məşqçisi Rəşad Abdullayev deyib.

Daha öncə xəbər verdiyimiz kimi, «Neftçi» heyətinə yeni legioner qatıb. Bir müddət baxışda olan Mamadu Diavara «ağ-qaralar»ın düşərgəsində qalıb.

Əvəzedici heyətin məşqlərinə cəlb edilən və yoxlanışdan keçən qvineyalı gənclə uzunmüddətli müqavilə imzalanıb.

Belçika vətəndaşlığına da malik 18 yaşlı afrikalı qarşıdakı 4 ayda «dubl»un formasını geyinəcək. Sol cinah vingeri yalnız iyul ayından etibarən əsas komandanın sıralarına qoşulacaq.

Diavaranın dünəni əsasən Belçikayla bağlıdır. Futbolda ilk addımlarını bu ölkədə atıb.

2015-ci ildə RSCA-nın akademiyasına götürülən yeniyetmə daha sonra «Gent»in diqqətini çəkib. 2018-ci ildə «Genk»in dəvətini qəbul edib.

Dörd il burada qalıb və 2022-ci ildə «Brugge» ilə anlaşıb. 2024-cü ildə Almaniyaya üz tutub, «Şalke 04»ün U-19 komandasının formasını geyinib.

O, hazırda azad agent statusu daşıyır.

R.Abdullayevi dinləyək:

«Biz Diavaranı qarşıdakı aylar ərzində diqqət mərkəzində saxlayacağıq. Perspektivini görmək üçün bu müddət tamamilə kifayətdir.

Məşqlərdə pis təsir bağışlamır. Belə yenə son söz əsas komandanın məşqçilərinindir.

Əvəzedici heyətimizi bilirsiz. Burada yaxşı uşaqlar çoxdur.

O, bu uşaqların arasında özünü yaxşı göstərməyə çalışır. Bir az təcrübə toplamaq lazımdır ona. Gələcəyi var».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti