“Neftçi” yayda böyük ümidlərlə yayda heyətinə qatdığı İmad Farajdan gözlənilən effekti almır.
Vaxtilə Fransanın U-16, U-17, U-18, U-19 millilərinin formasında 19 oyuna çıxan cinah yarımmüdafiəçisi “ağ-qaralar”ın heyətində meydana çıxdığı 17 matçda 1 qol və 3 assistlə yadda qalıb.
Buna baxmayaraq, çox sayda qol imkanlarını boşa verib, lazımi anlarda ötürmə verməkdə gecikib.
“Neftçi” azarkeşlərinin İmaddan gözləntiləri böyükdür. Hətta “Araz-Naxçıvan” üzərində 4:0 hesablı qələbənin qazanılmasıı Farajın meydanda olmaması ilə əlaqələndirənlər də tapıldı.
Paytaxt təmsilçisinin fransalı “11 nömrə”si Sportinfo.az-a açıqlamasında öz oyunu barədə danışıb:
“İradlarla razıyam. Potensialım daha artığını etməyə imkan verir.
Bitiricilik üzərində daha çox çalışmalıyam. Bəzən driblinqlərim uğurlu alınsa da, son zərbədə dəqiqlik çatmır. Əsas problemim budur.
Karyeram ərzində daha çox sağ cinahda oynamışam. “Zirə”ylə qarşılaşmada yarımmüdafiənin solunda çıxış etdim. Baş məşqçi harada güvənirsə, orada oynamağa hazıram.
Ancaq cinahı dəyişəndə istər-istəməz uyğunlaşmaq üçün vaxt itirirəm. Yaxşı olar ki, davamlı eyni mövqedə oynayım. Bu, hər bir halda baş məşqçinin qərarıdır”.
HƏBİB

