"Neftçi" - "Qarabağ" oyunu ətrafında gərginlik pik həddə çatıb.
Derbiyə nə az, nə çox 15 gün qalır.
Amma indidən aləm bir-birinə dəyib.
Bilməyənlər də agah olsun...
Deməli, 18 fevral evdə Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasıl"ı qonaq edəcək Ağdam klubu 3 gün sonra Premyer Liqada "Neftçi"nin qonağı olmalıdır.
24 fevral İngiltərə səfərində meydana çıxacaq kollektivin yaxşı dincəlməsi üçün "Qarabağ" derbinin təxirə salınmasını təklif edib.
Ağdam klubunun dar günündə əzəli rəqibi ondan üz çevirib.
İlkin narazılıq dalğası "Neftçi" azarkeşlərindən gəlib.
“Forza Neftçi”nin rəhbəri Səccad Abasov sosial şəbəkə hesabından sərt çağırış edib:
"Dediyinizə görə, ikinci heyətiniz belə, Premyer Liqada "tək ayaq" oynayar.
"Ancaq iş nəticəyə gələndə meydandan qaçırsınız. “Neftçi” rəhbərliyi də bilməlidir ki, birmənalı şəkildə bu matç oynanmalıdır".
Paytaxt klubunun rəhbərliyi belə vəziyyətdə azarkeşinin yanında olaraq "Qarabağ" tərəfinin təklifini geri çevirib.
"Neftçi" cəbhəsinin israrı heç də boşuna deyil...
"Ağ qaralar" sonuncu dəfə 2021-ci ilin 19 mayında "Qarabağ"ı 1:0 məğlub edərək çempion olub.
Mərdəkandakı matçda itirilən çempionluğa qəzəblənən ağdamlıların hirsi arxada qalan 6 ildə soyumayıb.
Təsadüfi deyil ki, sonrakı 19 qarşılaşmada bir bərabərlik qeydə alınıb, digər 18 matçda "Qarabağ" qalib gəlib.
Qapısında 60 qol görən "Neftçi" cəmi 9 dəfə özü qola sevinib.
Son 6 matçda qol belə bura bilməyən bakılılar öz qapısında 18 qol görüb.
"Neftçi" rəqibinin üzləşdiyi sıx qrafikdən istifadə edərək 6 ildən sonra onu məğlub etməyi düşünür.
Tilsimi qırmağa bundan yaxşı fürsət?
Yəqin ki, bu məqam "köhlən atlar"a da xüsusi motivasiya vermiş olacaq.
Çempionluğun itirilməsini asanlıqla bağışlamayan Qurban Qurbanov "Neftçi"yə uzatdıqları əlin geri çevrilməsinə də etinasız qalacaq adam deyil.
Deməli, gərginlik bir qədər də artmış olacaq.
Futbol belə prinsipiallığı, rəqabəti çox sevir.
Elə azarkeşlər də.
Matça isə hələ çox var. Nələr olacaq, nələr yaşanacaq indidən demək çətindir.
Hazırda ən çox danışılan məsələ "Neftçi"nin "Qarabağ"ın istəyinə "yox" deməsidir.
Futbol ictimaiyyəti ikiyə parçalanıb - Buna görə "Neftçi"yə haqq verənlər kimi qınayanlar da az deyil.
Kimin haqlı olduğunu demək çətindir, amma dəqiq olan odur ki, verilən qərar derbinin dadını-duzunu bir xeyli artırmış olacaq.
XANOĞLAN / SPORTİNFO.AZ

