“21 fevral 2026. Bu tarix hələ ki, sizə heç nə demirsə, diqqətinizi bir məsələyə yönəldim. Həmin tarixdə “Neftçi”miz “Qarabağ”la oynamalıdır.
Bu sözləri “Neftçi”nin ən böyük azarkeş qrupu olan “Forza Neftçi”nin rəhbəri Səccad Abasov sosial şəbəkə hesabındakı paylaşımda yazıb.
Fevralın 21-də 21-ci tur çərçivəsində “Neftçi” “Palms Sports Arena”da “Qarabağ”ı qəbul etməlidir.
“Qarabağ” isə Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində fevralın 18-də Bakıda “Nyukasl”la qarşılaşmalı, bir həftə sonra İngiltərədə qonaq olmalıdır.
Yayılan xəbərə görə, sıx qrafiki nəzərə alan “Qarabağ” tərəfi mövsümün prinsipial qarşılaşmasının başqa tarixə keçirilməsində maraqlıdır.
Göründüyü kimi, “Neftçi” azarkeşləri vaxtın dəyişdirilməsi ideyasını yaxına buraxmır və buna görə indidən etiraz səsini ucaldır:
“Amma “Qarabağ” indidən özünə əl qatıb ki, bizimlə oyun təxirə salınsın. Səbəb nədir axı? Çıx oyununu oyna da.
Danışanda elə göylə gedirsiniz ki, dediyinizə görə, ikinci heyətiniz belə, Premyer Liqada "tək ayaq" oynayar.
Ancaq iş nəticəyə gələndə meydandan qaçırsınız. Siz cibinizi düşünürsünüz. Amma “Neftçi” rəhbərliyi də bilməlidir ki, birmənalı şəkildə bu matç oynanmalıdır.
Hörmətli “Neftçi” rəhbərliyi, hər şeydən üstün tutduğunuzu dediyiniz fanatlar bu oyunu gözləyir. Heç kimə ayrı-seçkilik göstərilməməlidir.
“Qarabağ” adı və sair - bu söhbətlər isə uşaqcadır. O adı qoruyan, yaşadan qardaşlar var - fərqi yoxdur torpağın altında və ya üstündə.
Onlar bizim qürurumuzdur. Sizinki ad arxasında gizlənib, cibinizi doldurmaq və özünüzü reklam etməkdir.
Qorxunun əcələ faydası yoxdur. Çıxın oynunuzu oynayın. Udarıq, ya uduzarıq – bu, bizim problemimizdir.
Bizim kəndimiz görünəndir, görünən kəndə isə bələdçi lazım deyil. Uzun sözün qısası, “Forza Neftçi” olaraq bu oyunun təxirə salınmasına şiddətlə qarşıyıq.
Futbol fanat üçündür. Bu "xüsusi qayğı" idman prinsiplərinə zidir. 21 fevral meydanda oyun olsun, qalanını biz həll edərik!”
HƏBİB / SPORTİNFO.AZ

