Misli Premyer Liqasının 18-ci turu çərçivəsində "Araz Naxçıvan" və "Neftçi" ilə üz-üzə gəlib.
"Liv Bona Dea Arena"da baş tutan qarşılaşmada "Neftçi" rəqibinə 4:0 hesabı ilə qalib gəlib.
Sportinfo.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Yuri Vernidub matçdan sonra oyun barədə fikirlərini bölüşüb.
Ukraynalı mütəxəssis komandanın fiziki durumundan və tətbiq edilən yüksək pressinqdən razı qalıb. O, bu performansın sadəcə bir oyunluq olmamasını, hər matçda təkrarlanmasını istədiyini bildirib.
Yuri Vernidub həmçinin heç bir futbolçunu icarəyə verməyəcəyini, 22 oyunçunun hər birinə şans yaradacağını əlavə edib:
"Heç bir futbolçunu icarəyə vermək planımız yoxdur. Hazırda heyətimizdə 22 oyunçu və 4 qapıçı var.
İndiyədək kimlər icarəyə göndərilibsə, bu proses artıq başa çatıb. Komandadakı bütün futbolçular oynamaq istəyir və mən hər birinə şərait yaratmağa çalışıram.
Eyni zamanda “Qəbələ”yə icarəyə verilən Rza Cəfərovun çıxışlarını da diqqətdə saxlayacağıq".

