Premyer Liqanın 18-ci turunun maraqlı qarşılaşmalarından biri "Araz-Naxçıvan" - "Neftçi" arasında baş tutacaq.
Yeni baş məşqçi Demçenko ilə qış fasiləsindən sonrakı ilk turda debütant "İmişli" səfərində vacib 2 xal itirən "Araz" üçün qələbə hava-su kimi vacibdir.
Avrokuboklar yolunda əsas rəqiblərdən sayılan "Turan Tovuz"un "Qarabağ"la oyunda xalsız qalmaq perepektivi yüksəkdirsə, "Zirə"nin də "Sabah"la matçda büdrəmək ehtimalı az deyil.
Belədə əldə olunacaq qələbə vəziyyəti bir xeyli yaxşılaşdıra bilər.
Amma bərabərlik təqdirində də komanda ciddi nəsə itirməyəcək. Üst pillələrlə xal fərqinin artmaq ehtimalı gördüyünüz kimi çox deyil.
Amma Demçenkodan fərqli olaraq, onun həmyerlisi Yuri Vernidub üçün qələbə həyati əhəmiyyət daşıyır.
Yaxşı qış təlim-məşq toplanışı keçən "ağ qaralar" 2026-cı ilin ilk matçında "Zirə" ilə bacarmadı. Göstərilən oyun da azarkeşləri məyus etdi.
Növbəti qələbəsiz bir həftə çətin olan vəziyyəti geridönüşü olmayan duruma sala bilər.
İndiki halda 4-cü sırada yer alan "Zirə" ilə arada 8 xallıq fərq var. "Qartallar" qələbə qazansa fərq 10 və ya 11-ə qədər yüksələ bilər.
Bu turu da kənara qoysaq, qarşıdakı 15 görüşdə fərqi aradan qaldırmaq real görünmür.
Ona görə ukraynalı mütəxəssis üçün həmyerlisi üzərində qələbə qazanmaq mütləqdir.
Əks halda, mövsümün qalan dövrü Bakı klubu üçün formallığa çevrilə bilər.
XANOĞLAN / SPORTİNFO.AZ

