Sportinfo.az “Neftçi”nin müdafiəçisi Elvin Bədəlovun müsahibəsini təqdim edir:
- İlin ilk rəsmi matçında “Zirə” ilə bərabərə qaldınız. 0:0-lıq heç-heçəni necə şərh edərdiniz?
- Oyun çətin keçdi. Mübarizəli qarşılaşma idi. İki tərəf də qələbə qazanmaq istəyirdi. Düzdür, qol epizodları çox olmadı. Amma ümumilikdə görüş maraqlı alındı. Kim 1 qol vursa, o da qalib gələcəkdi.
- Qələbə qazanmaq üçün qoldan başqa nə çatışmadı?
- Məncə, çatışmayan elə yalnız qol idi. Ümumilikdə isə ilin ilk oyunları həmişə çətin keçir. Fasilədən sonra komandanın formaya düşməsi üçün 2-3 matça ehtiyac olur. İnanıram ki, artıq növbəti görüşlərdə qələbələr gələcək.
- Əbu-Dabi toplanışında qazanılan qələbələr azarkeşləri ümidləndirmişdi. Lakin “Zirə” ilə görüşdə xal itirdiniz. Düşünmürsünüz ki, yenə azarkeşlərin ümidlərini puç etdiniz?
- Təlim-məşq toplanışı ilə çempionat fərqlənir. Bu periodu keçmək lazımdır. 1-2 oyun keçid matçı olacaq. İnanıram ki, növbəti görüşlərdə daha yaxşı çıxış edəcəyik və azarkeşlərimizi sevindirəcəyik.
- Baş məşqçi Yuri Vernidub müsahibəsində bildirmişdi ki, toplanışda fiziki cəhətdən artırmaq lazımdır. Necə düşünürsünüz, “Neftçi” bu çatışmazlığı aradan qaldıra bilib?
- Məncə, pis deyilik. “Zirə” ilə görüşdə də sona qədər mübarizə apardıq. Sadəcə son nöqtəni qoymaq mümkün olmadı. Növbəti matçlarda daha yaxşı nəticələr olmalıdır. Çünki turnir cədvəlində də vəziyyətimiz elədir ki, mütləq qələbələr qazanmalıyıq.
- “Neftçi”nin avrokubok ümidləri davam edir?
- Əlbəttə. Avrokuboklardan əlimizi üzməmişik. Mövsümün hələ yarısı geridə qalıb. Hazırkı mövqeyimiz ürəkaçan olmasa da, vəziyyəti müsəbət doğru dəyişdirə bilərik. Ona görə azarkeşlərimiz əmin olsunlar ki, sona qədər avrokuboklarda uğrunda mübarizəmizi davam etdirəcəyik.

