İki həftə Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışı keçmiş «Neftçi»nin fiziki hazırlığında artım müşahidə edirik.
Yuri Vernidubun əsas tələbi budur: meydanda kim varsa, hamı qaçmalıdır.
Bu tapşırığa əməl etməyə başlayıb futbolçular. Hətta Emin Mahmudov da!
Vernidub kapitana verdiyi sözü hələlik tutur. 34 yaşlı yarımmüdafiəçi yeni ilk rəsmi oyununu əvəzlənmədən keçirdi.
Bu, nə qədər belə davam edəcək? Yəqin ki, baş məşqçi ürəyində komandanın liderindən razı qalmadı
. Çünki Mahmudov pleymekerlik vəzifəsinin öhdəsindən yetərincə gəlmədi, nəticədə «Zirə»nin qapısı önündə təhlükəli vəziyyətlərin sayı az oldu.
Adda-budda Tiaqo Silvanı oyuna qoşulmağa məcbur edən «Neftçi» Bassala Sambunun da ümidinə qalmamalıdır hər halda.
Nominal ev sahibləri yalnız 60-cı dəqiqədən, Vensan Abubakarın meydana ayaq basmasından sonra irəli zonada canlanma əldə etdi. Ən real imkanı kamerunlu hücumçu yaxaladı, onda da top ayağına yaxşı oturmadı, zərbə qapını tutmadı.
Yuri Vernidub Cordan Rezabalanı bəyənmir. Bir aydır təəccüb içində ondan-bundan soruşur ki, Samir Abasov venesuellalı yarımmüdafiəçini niyə bura gətirib.
Ukraynalının ağ-qara formanı geyinməyə layiq saymadığı Rezabalaya axır 10 dəqiqədə şans tanıdı, o da qəhrəman olacaqdı. Künc zərbəsindən sonra başla qapıya istiqamətləndirdiyi topa Silva əla reaksiya göstərməsəydi.
Açığı, «Neftçi»də dəyişməli çox şey var hələ. Vernidub bir qədər tələsməlidir. İlk «11-lik»də ekspermentlər etməyə zaman daralır.
O, təcili müəyyənləşdirməlidir ki, özünün yığmadığı komandaya hansı taktika dahau uyğun gəlir - dominant futbol, yoxsa «iki nömrə» altında oynamaq.
Bu iki yolun ortasında qalmaq «Neftçi»ni qaldığı yerdən yuxarı dartmayacaq.
ELNUR

