"Neftçi"nin uğursuzluğunun kölgəsində qalan uğurlu ADLAR

19:00 Neftçi 144
"Neftçi"nin uğursuzluğunun kölgəsində qalan uğurlu ADLAR

"Neftçi" son illər uğursuz nəticələri ilə azarkeşlərini üzməkdədir.

Əcnəbi-yerli baş məşqçilər əlcək kimi dəyişilir, rəhbərlikdə yeni simalar təmsil olunur, amma vacib olan nəticə düzəlmir.

Əsas komanda barədə çox danışılıb, çox yazılıb.

Amma bu neqativlərin fonunda yatan bir başqa məqam diqqətdən qaçmamalıdır.

Söhbət klubun akademiyasından gedir.

Hər nə qədər əsas komanda məyus etsə də, sevindirici haldır ki, akademiyanın yetirmələri barədə eyni bədbinlik hökm sürmür.

Özünü yaxşı tərəfdən göstərən "Neftçi"li gəncləri hər il görürük.

Düzdü, "Neftçi"nin özünə faydaları az dəysə də, digər klublarımızın dadına çatanları kifayət qədər çoxdur.

Ən yaxşı nümunələrdən biri Rüfət Abbasovdur. Ayxan Abbasovun "Şamaxı"sında özünü inkişaf etdirən müdafiəçi artıq milli komandaya da dəvət alır. Hətta bir neçə əcnəbi klubun maraq dairəsinə düşüb.

19 yaşlı Murad Məmmədov da həmyaşıdları arasında ən üzdə olan gəncimizdir.

Gənclər millimizin əsas simalarından biri hesab olunan vinger "Neftçi"nin əsas heyət üzvünə çevrilməsə də meydanda olduğu 28 görüşdə 3 qol, 4 məhsuldar ötürmə ilə yadda qalmağı bacarıb. Bir qədər daha çox haqq etdiyi oyun vaxtını alsa, daha yaxşı işlər görəcəyinə əminəm.

Özünü hələ ki, təsdiqləməkdə çətinlik çəkən Ağadadaş Salyanskinin isə digər klublardan aldığı təklif heç də az deyil.

"Şəfa"da çıxış edən İsmayıl Zülfüqarlı, "Araz-Naxçıvan" forması geyinən Ömər Buludov, "Kəpəz"dən Elcan Əbilov, "Turan Tovuz"dan Fərid Yusiflini Premyer Liqa səviyyəsində yaxşı nümunələr sırasında təqdim edə bilərik.

Amma A komandanın uğursuz fəaliyyəti yaxşı yetirmələri də bir qədər kölgədə saxlamış olur.

Kim bilir, bəlkə də əsas komanda son illər uğurlu ola bilsəydi, adını çəkdiyimiz gənclər daha çox inkişaf etmiş olardılar.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti