Kamran Quliyev nə ilə fəxr edir?

14 Avqust 2022 19:20 Neftçi 812
Kamran Quliyev nə ilə fəxr edir?

“Neftçi”nin prezidenti və yanındakı köməkçiləri indi kabinetdə oturub Premyer Liqanın növbəti mövsümü ilə bağlı planlar qurur, gələn yayla bağlı düşünür.

Komandanın avrokuboklarda növbəti dəfə uğursuzluğa düçar olması klubun başında dayanan adamı sənin və mənim qədər narahat etmir.

Onun düşüncəsində “Neftçi” düz yoldadır, tutduğu vəzifəni haqq edir və kiminsə ona qapını göstərəcəyindən qəti qorxmur.

Düşünür ki, Mamadu Kane ilə Sabrin Buqrinin satışından kluba pul gəlib, Azərbaycanda sponsor əməkdaşlığı etmədiyimiz şirkət qalmayıb, 8 illik fasilədən sonra çempionluq əldə olunub, “Aris”lə Bakıdakı dueldə geridönüş edilib, “Rapid” kimi güclü rəqib Vyanaya məğlub yola salınıb və s. və i. Bunları gözləri önünə gətirib fəxr edir, özü ilə qürur duyur.

Yəni adamın və adamların futbola yanaşması bu cürdür, bundan artıq deyil. İşin minimumu onlar üçün prioritetdir. Gördükləri işi “Neftçi”nin tarixi, keçmişdəki uğurları, orada çalışanların nə iş görməsi ilə yox, yaxın keçmişdə kluba rəhbərlik edən Elnur Məmmədovla Orxan Hüseynzadənin dönəmi ilə müqayisə edirlər.

Danışdırsan, “biz kluba gələndə vəziyyət bilirsiniz nə gündəydi, böyük işlər gördük, bla, bla, bla” şəklində cavab eşidəcəksən.

Biri bunlara başa salmalıdır ki, klub rəhbərlinin öhdəliyi klub və komandada təşkilatçılıq-cavabdehlik işini doğru-düzgün qurmaqdır. Samir Abasov ötən yay üsyan edirdi, yadınızdadır yəqin. Adam çempion olmuşdu, amma rəhbərlik ona avrokuboklar üçün futbolçu almırdı, tapmırdı. Guya əcnəbiləri “Neftçi”də oynamağa razı salmaq mümkün deyildi. Vaxtilə Ali Cansun, Flavinyo, Mitreski, Mpenza kimi tanınmışlar gəlmişdi, indikilər gəlmək istəmir. Guya...

Amma bütün beynəlxalq yarışlar başa çatan kimi transferlər sıralandı.

İyunda elə həmin Samir Abasova qapını göndərib təxminən 3 həftəlik axtarışlardan sonra Laurentsiu Regekampfı tapdılar. Yenə gecikdilər. Onun gəlişi ilə əcnəbi transferlər sıralandı. Hamı fiasko təhlükəsini göz önünə gətirəndə, rumın çalışdırıcı mətbuat konfranslarında qələbə nağılları oxuyurdu.

Əlqərəz, “Neftçi” rəhbərliyi illərdir eyni səhvləri təkrarlamaqda davam edir. O boyda klubun rəhbərliyi Azərbaycan daxilindəki yarışlara fokuslanıb “Qarabağ”dan sonrakı yeri rəqiblərinə verməməyi özünə fəxr bilir. Ki, “Qarabağ” ölkədə ən güclüdür, biz ən güclüdən sonrakı güclüyük. Halbuki başbilənlərin əsl bacarığı beynəlxalq turnirlər zamanı üzə çıxır.

Baş məşqçi seçimi, əcnəbilərin komandaya qatqısı, səfər oyunları zamanı psixoloji hazırlıq və sair.

Başqa ölkədə sponsor şəxs(lər) Kamran Quliyev kimi prezidenti qarşısında oturmağa məcbur edib ondan hesabat tələb edir, dinləyir, sözünü deyir və qapını arxadan bağlamağı tələb edir. Nə yazıq ki, bizdəki vəziyyət fərqlidir. Klub idarəçisi olmayan Quliyev klubu idarə edir.

İdarə edir deməyə adamın dili də gəlmir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər