Bezerra “Neftçi”də çox qalmaq istəyir: “Hər şey özümdən asılıdır”

19 Oktyabr 2021 20:00 Neftçi 699
Bezerra “Neftçi”də çox qalmaq istəyir: “Hər şey özümdən asılıdır”

13 illik jurnalistika karyeramda Azərbaycana gəlib-getmiş çox sayda futbolçudan müsahibə almışam.

Bir çoxunun karyerasında Türkiyə adı olub.

Lakin türk dilində bu dərəcədə sərbəst danışanı, açığı, görməmişdim.

Tyaqo Bezerra hələ “Neftçi”yə transfer olunduğu ilk günlərdə klubun TV kanalına verdiyi müsahibə zamanı türk dilində sərbəst danışması ilə təəccübləndirmişdi.

Braziliyalı hücumçu ilə həmsöhbət olmaq, başqa dildə səlis ünsiyyət bacarığının canlı şahidi olmaq istəyirdim.

Adının çəkisini, təcrübəsini, “Neftçi”yə gəlişi ilə qolları sıralamasını ağlıma gətirəndə, türklərin sözü olmasın, müsahibəyə “kolay-kolay” razılıq verəcəyini düşünmürdüm.

Elə ilk zəngimdəcə dəstəyi qaldıran Bezerra jurnalist olduğumu bilincə, sualları ünvanlamağımı istədi.

- Türkiyə, Küveyt, Özbəkistan, Səudiyyə Ərəbistanı, Qətər karyerasının ardınca özünü Azərbaycanda necə hiss edirsən?
- Əla! Super! Heç bir problem yoxdur. Türkiyə ilə oxşar ölkə olduğu üçün uyğunlaşmağa vaxt itirmədik. Mentalitet, dil, yeməklər – hamısı demək olar eynidir.

- Ailən də yanındadır?
- Əlbəttə.

- Qardaş, türkcə məndən yaxşı danışırsan. Başqa dili bu dərəcədə mükəmməl öyrənməyin necə baş verdi?
- Abi, bir ölkədə 6 il yaşayırsansa, istədin, ya istəmədin, dili öyrənirsən. Bəzən oynadığım komandada tərcüməçiyə çox gərək duyulmurdu deyə, hamı türkcə danışırdı. Belədə, mən də öyrənmək məcburiyyətində qalırdım. Uzun illər top qovduğun ölkədə yerli dili öyrənmək çox önəmlidir. Bax, türkcə bilməyim burda da işimə yarayır. Bilməsəydim, Allah bilir hansı çətinliklər yaşayardım.

- Yeməklərimiz də eynidir. Problem olmaz, məncə.
- Eynidir, eyni. Çox az fərqlilik olsa da, aşağı-yuxarı eynidir.

- Hansı yeməkləri bəyənirsən?
- Kabab, dönər, lahmacun... Türkiyədə yediyim yeməklərdir deyə, çox sevirəm.

- Türkiyə ilə Azərbaycan arasında fərqliliklər var?
- Nə mənada?

- Məsələn, orda nə var ki, burda yoxdur?
- Varsa da, çox azdır. Ola bilsin, Azərbaycan və Türk dilləri bir az fərqlidir. Amma başa düşmək olur. Eynilə İspaniya və Portuqaliya dilləri kimidir. Yeməklər, dediyim kimi, oxşardır. Hə, İstanbulla Bakını müqayisə etsək, Bakı balacadır. Buna baxmayaraq, Bakı gözəl şəhərdir. Restoranlar, parklar, ticarət mərkəzləri – nə istəsən var.

- Darıxmırsan deməli.
- Qətiyyən! Özümü Türkiyədəki kimi hiss edirəm.

- “Neftçi”yə keçidin birmənalı qarşılanmamışdı. Yaşını qabardıb, klubun siyasətini pisləyənlər vardı. Onlara nə demək istəyirsən?
- İnsanların bu fikrə düşməsi normaldır. Çünki bəzi adlı-sanlı legionerlər belə, 30 yaşdan sonra başqa ölkəyə gedib səviyyələrindən aşağı çıxış edib. Belə olduğu halda insanların gözü qorxur, pis şeylər düşünməyə başlayırlar. Onların fikirlərinə hörmətlə yanaşıram. Mən tam başqa xarakterə sahibəm. İllər keçsə də, futbol acıyam. Və meydana çıxıramsa, gücüm tükənənə qədər oynayıram. Bu mövzu barədə mətbuatda yox, meydanda danışacam (gülür). İnşallah, 34 yaşımda nəyə qadir olduğumu göstərməyə çalışacam.

- Onsuz da, gəldiyin gündən qolçuluq bacarığını göstərməyə başladın. Çempionatda 2 qol vurdun, yoldaşlıq görüşündə “Qəbələ”nin qapısına yol tapdın.
- Dediyim kimi, gəldiyim gündən futboldan kənarda hansısa problem yaşamadım. Belədə, bütün diqqətimi məşqə və oyuna yönəltdim. Bir də ki, yaxşı kollektivə sahib komandada uyğunlaşma prosesi uğurla gedir. Kollektivdə mehribanlıq var, legionerlər də çoxdur. Baş məşqçimiz də hamıya isti münasibət göstərir, yenilərin komandaya alışması üçün çox şey edir. Ona görə də işim rahat oldu.

- Azərbaycan çempionatının səviyyəsi haqda nə deyə bilərsən?
- Hər ölkənin özünəməxsus futbol stili var. Buranın futbolu vaxtilə oynadığım Özbəkistan futboluna oxşayır. Azərbaycan komandalarında futbolçular çox qaçır, mübarizə aparır, döyüşür. Həm “Neftçi”də, həm də digər komandalarda səviyyəli futbolçular var.

- Amma Premyer Liqada cəmi 8 komanda var...
- Hər yerdə futbol hansısa nöqtədən başlayır. İstər İngiltərədə olsun, istər Braziliyada, istərsə də Türkiyədə. Belə deyim, böyük liqadalar da nə vaxtsa 8-10 komanda ilə başlayıb. Bu gün 8 komandadır, inşallah, gələn mövsüm 10 olar, o biri il 12.

- İş burasındadır ki, bu gün-sabah Azərbaycan çempionatının 30 yaşı olacaq və vaxtilə elitada 16, 18, hətta 20 komanda mübarizə aparıb. Bizdə əksinədir, ildən-ilə geriləyirik.
- Bilirəm, xəbərim var. Azərbaycan futbolunun keçmişindən xəbərdaram. O vaxt “Bakı” komandası vardı. Biz onlarla Antalyada yoldaşlıq görüşündə qarşılaşmışdıq. Kifayət qədər güclü rəqib təsiri bağışlamışdı mənə. Yaxından tanıdığım Jaba da həmin komandada çıxış edirdi. “Qarabağ”la “Neftçi”nin adını hələ Türkiyədə oynayanda çox eşitmişdim. O vaxt burda olmamışam deyə, niyə belə alındığını deyə bilmərəm. Bu gün 8 komandadır, dua edək ki, 10 olsun.

- Hesabında 2 qol var. Bombardirliyi hədəfləmisən?
- Hər bir hücumçu bombardirlik hədəfi və arzusu ilə oynayır. Təbii ki, mən də daha çox qol vurmaq istəyirəm. Amma mənim üçün ən önəmlisi öz uğurumdan çox komandamın uğurudur. Məqsədim “Neftçi” ilə çempion olub, Çempionlar Liqasında çıxış etməkdir. Düzdür, müqaviləmin müddəti yaya qədərdir. Ümid edirəm ki, uğur qazanmaqla “Neftçi”də çox qalacam. Hər şey özümdən asılıdır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!