
Kiyev “Dinamo”sunun sabiq qapıçısı Vladimir Tsitkin Ukrayna yığmasının DÇ-2026-nın seçmə mərhələsində İslandiya (5:3) və Azərbaycanla (2:1) keçirdiyi oyunları dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, 59 yaşlı mütəxəssis ardıcıl iki qələbəyə baxmayaraq, hələ də ideal durumda olmadıqlarını düşünür.
Tsitkin hər iki qarşılaşmadakı performansın gözlənilməz olduğunu deyib:
“İslandiya və Azərbaycanla oyunlarda çoxlu məntiqsiz məqamlar oldu. Məsələn, kim gözləyirdi ki, ukraynalılar Reykyavikdə bu qədər inanılmaz performans göstərəcəklər, qapıya hər zərbə qolla nəticələnəcək?
Yaxud kim proqnoz verə bilərdi ki, Krakovda azərbaycanlılara qarşı oyun bu qədər çətin keçəcək? Axı, rəqib aşkar autsayder sayılırdı.
Millimizin hələ o səviyyədə ustalığı yoxdur ki, İslandiya və Azərbaycan kimi komandaları asanlıqla məğlub etsin. Buna görə də qələbələr belə çətin alındı.
Azərbaycan hesabı fasilədən öncə deyil, ikinci hissədə bərabərləşdirsəydi, vəziyyət xeyli ağır olardı. İstənilən halda Ukrayna hər iki matçda qələbəyə daha yaxın idi”.
Ukraynanın aşağı yaş qrupları üzrə yığmalarında çalışmış məşqçi noyabrdakı matçlara ümidli yanaşıb:
“Qrupda ikinci yerin sahibinin adına noyabrın 16-da Ukrayna ilə İslandiya arasındakı matçda aydınlıq gələcək.
Ona qədər İslandiya hələ Bakıya uzun səfər etməlidir. Bu da onların fiziki durumuna təsir göstərə bilər.
Təsəvvür edin ki, Ukrayna Fransaya uduzmur və Azərbaycan millisi İslandiyaya qalib gəlir. Futbolda bəzən məntiq heç işləmir”.
Ukrayna yığması noyabrın 13-də Fransa, 16-da isə İslandiya ilə qarşılaşacaq.