"Turan Tovuz" mövsümdə üçüncü məğlubiyyətini "Qarabağ"dan aldı.
Düzdü tovuzlular güclü rəqibi önündə yaxşı ilk hissə ilə yadda qaldı.
Kurban Berdiyevin komandası ağdamlıları bir çox hallarda mərkəz zonada, bəzən hətta üçüncü zonada qarşılayaraq hücumlar qurmasına mane olurdu. Əksər hallarda bacarırdı da deyə bilərik.
Əbəs deyil ki, fasiləyə 1:0 üstünlüklə yollanmaq mümkün oldu.
Amma ilk hissəni "kəhər atlar"ın passiv keçirməsinin səbəbi yalnız rəqibin yaxşı oynaması deyildi. Həm də heyətdə ciddi itkilərin olması sözünü deyirdi.
Məsələn, sağ cinah müdafiəçisi Danil Bolt sol cinah müdafiəçisi kim meydana çıxmışdı. Elvin Cəfərquliyevin yoxluğunda Abdullah Zubirin də faydalı iş əmsalı bir xeyli aşağı düşmüş oldu.
Marko Yankoviçin yoxluğunda orta xətdə sürətli qərar vermək gecikirdi. Bəhlul Mustafazadənin milli komandadan yorğun gəlməsi səbəbindən onu Samy Mmae əvəzləyirdi. Mərakeşli stoper hazır olmadığı aşkar sezilirdi.
Əbəs deyil ki, Qurban Qurbanov fasilədə iki əvəzetmə və 3 oyunçunun mövqe dəyişikliyinə getdi. Samy Mmaeni əvəzləyən Cəfərquliyev özünə doğma mövqeyə çəkildi. Oyuna solda başlayan Dani Bolt ənənəvi sağ cinah müdafiəçisi yerinə qayıtdı. Görüşə sağda cinah müdafiəçisi kimi başlayan Mateus Silva mərkəz müdafiəçisi kimi çıxış etməyə başladı.
İlk hissədə kölgədə qalan Aleksey Kaşuku əvəzləyən Nəriman Axundzadə sivri ucda mövqe aldı. Orada oyuna başlayan Kamilo Duran isə sağ vinger kimi çıxış etməyə başladı.
Bununla sanki "Qarabağ"ın bütün daşları yerinə oturdu. Qurbanovun bu müdaxiləsindən cəmi 18 dəqiqə sonra "Qarabağ" hesabda öndə idi. İkinci yarı isə meydanda tək komanda vardı - "Qarabağ". Artan sürət, davamlı yerdəyişmələr, iti ötürmələr bölgə klubunu çaş-baş qoydu. Berdiyevin üçlü əvəzetməsi də bu çaşqınlığı aradan apara bilmədi.
Sona qədər qol vurulmayınca 3 xalı aktivinə yazdıran "Qarabağ" öz kürsüsünə qayıtmış oldu.
XANOĞLAN İMANOV

