
"Qarabağ" İspaniya səfərinə hazırlaşır. Ağdam klubu Çempionlar Liqasının əsas mərhələsində üçüncü matçını adıçəkilən ölkənin Bilbao şəhərində keçirəcək.
İlk iki turda qələbə qazanmış komandamızın bu matçda şansları necədir?
"Atletik"in büdcəsi təmsilçimizdən minimum 15 dəfə çoxdur
Heyətində 60-70 milyon dəyəri olan futbolçular çıxış edir. "Qarabağ"da ən dəyərli oyunçu qiyməti maksikum 2-3 milyon olar-olmaz.
"Atletik" "Real"ın, "Barselona"nın yer aldığı La Liqada, "Qarabağ" isə Azərbaycan Premyer Liqasında çıxış edir.
Qısası, matçın birmənalı olaraq favoriti ispanlardır. Nəzərə alaq ki, oyun da səfər keçiriləcək.
Digər pis xəbər Niko Vilyamsın sağalmasıdır. "Atletik" Niko ilə tam başqa gücə sahibdir. 23 yaşlı vinger zədə alandan sonra basklar qələbə qazanmaqda çətinlik yaşayırdı. Milli fasilədən əvvəl "Malyorka" ilə oyunda son 37 dəqiqə meydanda oldu və komandası həftələr sonra qələbə qazandı.
Amma Bilbaoya uzanan tunel zülmət qaranlıq deyil, müsbət nəticəyə aparacaq işıq da var.
"Atletik"in bu mövsüm ÇL-də işləri yolunda getmir. Komanda evdə "Arsenal"a, səfərdə "Borussiya"ya məğlub olub.
Əvəzində "Qarabağ" hər iki görüşündə qalib gəlib.
"Atletik" güclü rəqiblərə uduzubsa, Ağdam klubu özündən qat-qat güclü "Benfika" və "Kopenhagen"i məyus edib.
Psixoloji üstünlük, qələbə ruhu təmsilçimizin tərəfindədir. Ən azı birinci turda "Benfika" səfərinə yollananda daxilimizdə olan ümidsizlik indi ola bilməz. Əvəzində inam formalaşıb. Futbolçularda da mütləq bu belədir.
Digər əlimizə işləyən fakt odur ki, "Qarabağ"ın dincəlmək, bərpa olunmaq üçün daha çox zamanı olacaq. Çünki "Kəhər atlar" Premyer Liqanın "Turan Tovuz"la matçına 17 oktyabr çıxdısa, "Atletik" 2 gün sonra "Elçhe"ni qonaq edəcək.
İspaniyada qələbə seriyasını davam etdirmək çox çətin, bəlkə də mümkünsüz görünür.
Amma 1 xala az da olsa ümid etmək olar. Bunun üçün erkən qol buraxmamaq vacibdir.
Dəqiqələr ötdükcə rəqib düşərgədə gərginlik artacaq.
Hücumda daha çox vaxt keçirən "Atletik" arxada zaman-zaman boşluq buraxır.
"Qarabağ" belə məqamlarda diqqətli olsa, əlinə düşən fürsətləri dəyərləndirə bilər.
Çətin yolda ümid işığı az da olsa bir. Umid edək ki, illərdi proqnozları alt-üst edən Ağdam klubu bu dəfə Bilbaoda yazacağı tarixlə dünyaya səs salacaq.
XANOĞLAN İMANOV