
Premyer Liqada 8-ci tura turnir cədvəlinin birincisi kimi daxil olan “Turan Tovuz” liderliyi əldən verdi.
Əslində, qərb təmsilçisi “Qarabağ”la oyuna pis başlamamışdı. Alexandro Serranonun penalti qolu ilə hesabda önə keçmiş, qol imkanları yaratmışdı.
İkinci hissənin gedişində Nəriman Axundzadə ilə Abdullah Zubirin vurduğu qollar yekun nəticəni müəyyənləşdirdi.
“Turan Tovuz”un “Qarabağ”a məğlubiyyətinə kim, yaxud nə səbəb oldu?” sualına qərb təmsilçisinin müdafiəçisi Faiq Hacıyevlə söhbətdə aydınlıq gətirməyə çalışdıq:
“Qarabağ”ın gücü hər kəsə məlumdur. Bunu nəzərə alıb həftəboyu bu oyuna istəklə hazırlaşmışdıq.
Nə planlaşdırmışdıqsa, ilk hissədə ortaya qoya bildik. Hətta hesabı da açdıq.
İkinci hissədə ustalıq səviyyəsi öz sözünü dedi. Əvəzetmələrin hesabına sürəti və təzyiqi artırıb iki qol vurdular.
Zəif oynadığımızı düşünmürəm. “Qarabağ” kimi rəqiblə sona qədər mübarizə apardıq, varlığımızı hiss etdirdik. Dediyim kimi, ustalıq səviyyəsi özünü göstərdi”.
8 tuirdan sonra 1 oyun az keçirən “Qarabağ” 16 xalla liderdir. “Turan Tovuz” “Araz-Naxçıvan”la hərəyə 15 xal toplamaqla 2-3-cü pillələri bölüşür.
HƏBİB