"Neftçi"də "mənəm-mənəmlik" etsə, biabır olacaq!

1 Mart 2021 17:00 Neftçi 693
"Neftçi"də "mənəm-mənəmlik" etsə, biabır olacaq!

Rəqib müdafiəçinin səhvlərinə, Namiq Ələsgərovun formada olmasına, sönük oyunla son dəqiqədə vurulan qola görə xalları yığmaq olar.

Bu, müvəqqətidir.

Əzmkarlıq, "nastroy" da müəyyən nöqtəyə kimidir. Məşqçilik sənəti isə detallardadır.

Sabir Buqrin son 5 ildə "Nefçi"yə gəlmiş ən səviyyəli iki legionerdən biridi (o biri isə Mamadu Kane). Özü də əla forma yığıb. Bu cür oyun qurucusunu axı necə ehtiyatda oturtmaq olar?!

Bir də ki, Samir Abbasov "Zirə" ilə qarşılaşmanı Ahmed Ahmedovu oyundan alıb, yerinə orta sahə oyunçusunu salanda uduzdu. Qol buraxan kimi hücümçunu oyuna salması sanki səriştəsizliyin boynuna alması idi.

"Neftçi" yenə "Zirə" ilə oyunda qol epizodu yarada bilmədi. Əlacsızlıqdan 90 dəqiqə ərzində cərimə meydançasına 90 asma etməklə qol vurulmar – hücüm xəttində Alan Şirer yoxdursa.

"Futbol tanrısı" sanki Samir Abasova gəldiyi gündən bir deyil, iki deyil, bir neçə avans verdi. Qalırdı bu avanslardan istifadə etmək. Çempion olmaq istəyən məşqçi birbaşa rəqib olan "Zirə"yə uduzmamalıdır.

Öz növbəsində, Rəşad Sadıqov taktiki baxımından həmkarını tam üstələdi. Rəqibə görə sxemi dəyişdi, əvəzolunmaz sayılan Klessio Bauku start heyətdə meydana buraxmadı.

Etdiyi əvəzetmələrə də söz ola bilməz. İlk yarıda görünməyən Davit Volkovu dəyişmədi, əvvəl Klessionu, sonra isə Musanı buraxmaqla qol vurmaq, udmaq niyyətini göstərmiş oldu.

İndi biri çıxıb desin ki, "Zirə" 3 xala layıq deyildi!

"Zirə" ilə oyun artıq başa çatıb. Hər şey bundan sonra nələrin yaşanmasından asılı olacaq. Samir Abasov bundan əvvəl çalışdığı komandalarda aldığı zərbələri dəf edə bilməyib, uğursuzluğu bir qayda olaraq futbolçuların "ayağına yazırdı", özündə isə heç bir günah görmürdü.

Məhz bu xarakteri ucbatından Samir bəy "Sumqayıt" ilə "Zirə"də uğursuz oldu. "Neftçi" isə böyük klubdur. Burada "mənəm-mənəmlik", xırda şəxsi ambisiyaları kollektivdən üstün tutmaq qətiyyən olmaz.

Arzu edərdim ki, Samir bəy əvvəlki səhvlərdən nəticə çıxarıb, düşərgədə çaxnaşma yaratmasın.

Oyun bitdi, mövsüm isə bitməyib. "Neftçi" yenə də çempion ola bilər. Hər şey baş məşqçinin özünü necə aparmasından asılı olacaq.

Erkin İbrahimov

Digər Xəbərlər
Xəbər Lenti