Bu qol, bu qələbə "Neftçi"nin şansıdır - Çempionluq yolu

22 Fevral 2021 22:20 Neftçi 703
Bu qol, bu qələbə "Neftçi"nin şansıdır - Çempionluq yolu

Turun son görüşündə "Neftçi" qəbəliləri qəbul edirdi.

"Qarabağ"ın Sumqayıtda xal itirməsindən sonra “ağ-qaralar” qələbə qazanacağı halda, liderliyini daha da möhkəmlədəcəkdi.

Bu amil "Neftçi"yə əlavə motivasiya verməliydi.

Meydanda isə çempionluğa sanki "Qəbələ" oynayırdı.

Bakılılar otən turdakı “qırmızılar”a görə xeyli itkilərlə üzləşmişdi. Bir tərəfdən də Sabir Buqrinin meydana çıxa bilməməsi orta sahədə əlavə çətinliklər yaradırdı.

Samir Abasovun əsasən müdafiə xəttinə futbolçu tapmaqda çətinlik çəkəcəyi öncədən bilinirdi. "Neftçi"nin bu turda kasad heyətlə bəxti gətirmişdi.

Qarşısında daha ciddi rəqib ola bilərdi. Səfərə çıxmadan, evdə, elə bir iddiası qalmayan, heyətini güclə formalaşdıran, günü-günə calayan "Qəbələ" var idi.

"Neftçi" futbolçu sarıdan korluq çəksə də, rəqib üzərində qələbə çətin olmamalıydı.

Matç əksini göstərdi. İlk dəqiqələrdən qəbələlilər liderdən çəkinmədi, arxada oturmadı, oyun intizamımı qoruyaraq, açıq futbola üstünlük verdi.

Rəqib meydanında 5-6 futbolçuyla təzyiq edərək, "Neftçi"nin rahat mövqe hücumlarının qurulmasına imkan vermirdi.

"Qəbələ" meydanda daha əzmkar görünürdü. Bakılılar elə təəssürat oyadırdı ki, 3 xalı oyundan qabaq qazanıblar. artıq.

Müdafiədə nə qədər problemlər olsa da, orta sahədə Emin-Monroz-Namiq üçlüyü "Qəbələ"ni öz qapısına sıxışdırmalıydı. Son iki futbolçu özünə bənzəmirdi, bütün oyun ərzində çox passiv görünürdülər.

Burada Elmar Baxşıyevin komandasını matça xüsusi kökləməsi də qeyd olunmalıdır. Zatən oyundan öncə bildirmişdi ki, "Neftçi"dən çəkinmirlər. Dedikləri boş söz deyilmiş..

Qəbələlilər müdafiədə intizamlı oyunu ilə tez-tez əks-hücumlara çıxır, imkan yarandıqda top saxlayır, mövqe hücumları təşkil edirdilər. Sürətdə, ikili mübarizələrdə qonaqlar daha yaxşı təsir bağışlayırdılar.

Mirabdulla Abbasovla Fəhmin Muradbəyli onlara verilən şansları havaya sovururlar. "Neftçi" kimi komandada bundan böyük imkanlar olmayacaq, şans yaradılmayacaq.

Fasiləyə qolsuz bərabərliklə yollanmaq "Qəbələ"dən çox “ağ-qaralar”a sərf etdi. "Neftçi" hesabda geri də düşə bilərdi. Gözləmək olardı ki, ikinci yarıda bakılılar ayılacaq, oyunda dönüş yaradacaqlar.

Saman Nəriman Cahanın meydana çıxması da heç nəyə yaramadı. Paytaxt təmsilçisi qış yuxusuna getmişdi. Kənardan elə görünürdü ki, neftçililəri zopa gücünə meydana çıxarıblar.

"Qəbələ"nin hücumları zamanı elə vəziyyətlər olurdu ki, bir qədər məsuliyyətli davransaydılar, boş zonalardan top qarışıq Aqil Məmmədovun qoruduğu qapıya girərdilər.

Qonaqlar yaratdıqları fürsətləri səhlənkarlıqla boşa verirdilər. Əsasən Ceyms Adeniye kimi forvard komanda yoldaşlarını toparlayıb arxasınca aparmalıydı.

Rəqib qapısı qarşısında asanlıqla yaradılan təhlükəli vəziyyətlərə özləri də inanmırdılar. Bu arada "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevin hakim tərəfindən texniki zonadan uzaqlaşdırması da komandanın tarazlığını pozdu.

Çempionatın ən sakit, təmkinli məşqçilərindən birini meydandan qovmaqla, baş hakim İnqilab Məmmədov “inqilab” etmiş oldu.

Hakimlər baş məşqçilərlə davranışlarında diqqətli olmalıdırlar. “Hakimlərə təzyiq edirəm” deyən Samir Abasovun qarşısında intizamlı həmkarının qovulması qəribə mənzərə idi.

"Neftçi" son bölümdə məcbur olub yeni transferini – Ahmed Ahmedovu “döyüş”ə atdı. Samir Abasov komanda oyununun alınmamasının fərqindəydi. İki hücumçu ilə oynamağa risk etmədi. Hər an öz qapısında qol görə bilərdi. Bir xal da bir xaldır.

Futbolun yazılmamış qanunu var - vurmayana vurarlar. Qol "Neftçi" azarkeşlərini taqətdən salaraq son saniyələrdə gəldi.

Top kapitan Emin Mahmudovun ayağına elə oturdu ki, Anar Nəzirovun "Qəbələ"ni xilas etməyə imkanı qalmadı. Beləcə, "Neftçi" liderliyə layiq olmayan oyunla 3 xalını qazanaraq, "Qarabağ"dan bir qədər də uzaqlaşdı.

Bu qol, bu qələbə "Neftçi"nin şansıdır. Çempionluq yolu açıqdır, indi hər şey öz əllərindədir.

Finişə ilk pillədə çatmasalar, günah özlərində olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!