QƏRİBƏ SEÇİM - Komandanı tapşırmağa başqasını tapmadılar?

09:40 I Divizion 1 401
QƏRİBƏ SEÇİM - Komandanı tapşırmağa başqasını tapmadılar?

Mövsümün əvvəlində baş məşqçi Samir Ələkbərovla yollarını ayıran “Baku Sportinq” daha sonra bu vəzifəyə Bəxtiyar Soltanovu gətirdi.

Lakin dəyişiklikdən sonra da komandanın hansı məqsədə doğru irəlilədiyi, nəyi hədəflədiyi və hansı nəticələrə nail olmaq istədiyi hələ də aydın deyil.

Əsas sual isə budur: “Baku Sportinq”in iddiaları nədir və klub bu iddialara uyğun addımlar atırmı?

Bəxtiyar Soltanov kimdir? O, bu günə qədər minifutbol və futzal oynamağa davam edən, futbol fəaliyyəti ilə yanaşı, məşqçilik istiqamətində də özünü sınamaq istəyən şəxsdir.

Burada onun futbolçu karyerasını müzakirə etmək və ya bu karyeraya mənfi yanaşmaq niyyətində deyilik. Eyni yanaşma mövsümün əvvəlində komandaya rəhbərlik etmiş Samir Ələkbərova da aiddir.

Hər iki şəxsin futbolçu kimi keçdiyi yol ayrılıqda qiymətləndirilməlidir.

Ancaq futbolçu karyerası ilə baş məşqçilik tamamilə fərqli sahələrdir. Yaxşı futbolçu olmaq avtomatik olaraq yaxşı məşqçi olmaq demək deyil.

Baş məşqçi olmaq üçün müvafiq futbol təhsili, məşqçilik hazırlığı, taktiki biliklər, idarəetmə bacarığı və kifayət qədər peşəkar təcrübə tələb olunur.

Əgər Baku Sporting qarşısına ciddi məqsədlər qoyan, peşəkar futbol prinsipləri ilə fəaliyyət göstərmək istəyən klubdursa, məşqçi seçimində də eyni dərəcədə məsuliyyətli davranmalıdır.

Fikrimizcə, belə səviyyədə baş məşqçi vəzifəsinə namizədin ən azı UEFA A kateqoriyalı məşqçilik lisenziyasına və müvafiq peşəkar hazırlığa malik olması vacibdir.

Klub rəhbərliyi də, məşqçi də başa düşməlidir ki, ciddi nəticələr təsadüfi qərarlarla əldə olunmur. Komandanın məqsədi, oyun fəlsəfəsi və nəticə gözləntiləri olmalıdır. Sadəcə, məşqçi dəyişikliyi etmək hələ inkişaf demək deyil.

Bu səbəbdən Baku Sporting rəhbərliyinə bir neçə sual ünvanlamaq yerinə düşər: Komandanın mövsüm üçün konkret hədəfi nədir?

Bəxtiyar Soltanovun təyinatından sonra hansı nəticələr əldə olunub? Komanda hansı oyun modelini formalaşdırmağa çalışır? Və ən əsası, klub gələcəkdə hansı səviyyəyə çatmaq istəyir?

Çünki peşəkar klub olmaq yalnız ad və iddialarla deyil, qəbul edilən qərarların keyfiyyəti, məşqçi seçimi və meydandakı nəticələrlə sübut olunur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 20:00 Çək və bizə göndər!
22 Noyabr 07:20 Naxçıvan birinciliyi oldu