I Liqanın mərkəzi qarşılaşmasında qol vurulmadı.
Turnir cədvəlinə liderlik edən “Şahdağ Qusar” Binə stadionunda “Gəncəbasar”ı qəbul edirdi.
Kifayət qədər gərgin və qol epizodları ilə zəngin keçən matçda şimallılar qələbəyə daha yaxın olsa da, Gəncə təmsilçisi müdafiədə və qapıda etibarlı oyun nümayiş etdirərək qapısından qol buraxmadı.
1 xal daha çox “Gəncəbasar”a sərf edirdi. Həm qüvvələr nisbətini, həm də səfərdə oynadığını nəzərə alsaq, heç-heçə qərblilər üçün göydəndüşmə oldu.
Bunu komandanın kapitanı Mahir Həsənov Sportinfo.az-a açıqlamasında da təsdiqləyib:
“Liderlərin qarşılaşması idi. Hər iki tərəf yaxşı mübarizə apardı. Məşqçimizin verdiyi tapşırıqları düzgün yerinə yetirməyə çalışdıq.
Səfərdə oynadığımızı nəzərə alsaq, bu heç-heçə bizim üçün qələbəyə bərabərdir.
Rəqibin heyətində kifayət qədər yaxşı futbolçular var. Biz yeni komandayıq və yavaş-yavaş formalaşırıq. İnşallah, Gəncədə “Şahdağ”la oyunda daha yaxşı “Gəncəbasar” görəcəksiniz”.
Qeyd edək ki, 8 turdan sonra “Şahdağ Qusar” 19 xalla turnir cədvəlinə liderlik edir. “Gəncəbasar” 17 xalla ikinci, 16 xalı olan “Karvan-Yevlax” isə üçüncü pillədə qərarlaşıb.
HƏBİB
