COP29

"Barselona"da "Qarabağ"ı çox yaxşı tanıyırlar" - MÜSAHİBƏ

4 May 13:00 Müsahibə 5 508
"Barselona"da "Qarabağ"ı çox yaxşı tanıyırlar" - MÜSAHİBƏ

“Sumqayıt”ın düşərgəsinə baş çəkməkdə məqsədim komandanın çalışdırıcısı Samir Abasovla söhbətləşmək idi.

Son bir həftəni İspaniya nəhəngi “Barselona”nın düşərgəsində keçirən təcrübəli mütəxəssislə 1 saata yaxın davam edən sual-cavabda İspaniyada yaşadığı təcrübə, keçirdiyi görüşlər və gələcək planları ilə bağlı danışdıq.

Təbii ki, “Qarabağ” üzərində son qələbə və Premyer Liqadakı son 4 tur ətrafında da müzakirə apardıq.

Buyurun, oxuyun.

- Samir müəllim, İspaniyadan hansı təəssüratla qayıtmısınız?

- Bir az yorğunluq olsa da, səmərəli səfər olduğunu deməliyəm. Mənə çox ləzzət elədi. Uzun müddətdir təcrübə üçün harasa getmirdim. Axtarışlar isə gedirdi. Şükürlər olsun ki, sonunda qismət oldu. "El Klasiko"nu izlədim, bir həftə "Barselona"nın düşərgəsində oldum. Yalnız A komandası yox, digər yaş qruplarını da yaxından izləmək imkanım oldu.

- Niyə "Barselona"?

- Bu, təsadüfi səfər deyildi. Seçimlər arasında ən yaxşısı "Barselona" idi. Dostlarla danışanda da belə bir istəyimin olması barədə bilgi vermişdim. Bu klubun oyun sistemini necə formalaşdırdığını yaxından görmək istəyirdim. Şərait yaradan insanlara təşəkkür edirəm.

- Deməli, bir neçə seçim imkanız olub, amma "Barselona"nı seçmisiniz...

- Yox, seçim deməzdim. Mənə klublar təklif olunmayıb. Mən özüm sırf "Barselona" olmasını istəmişəm. Hə, istəyə bilərdim ki, işlər, danışıqlar bir başqa klub üzərindən aparılsın. Amma mən "Barselona"nı istədim.

- Növbəti səfər hansı ölkəyə olacaq?

- İtaliyaya səfər etməyi düşünürəm. Bu yöndə danışıqlar gedir.

- Hansı klub olduğu dəqiqləşib?

- Yox, hansı tarixdə, hansı kluba gedəcəyim hələ bəlli deyil.

- İspaniya futbolu hücum, İtaliya futbolu isə müdafiəsi ilə ad çıxarıb. Öncə İspaniya, ardınca İtaliyaya getməyinizdə məqsəd bu iki futbol anlayışının sintezini yaratmaqdır?

- Öyrənmək heç vaxt gec deyil. İtaliyanların taktikaya önəm verdiyini çox eşitmişəm. İndi şahidi olmaq, öyrənmək istəyirəm. Mən də taktikaya çox önəm verirəm. Amma vacibdir ki, onu futbolçuya necə hopdururlar. Bu gün hər kəs akademiyadan gəlmir axı. Başqa ölkələrdən gələn futbolçular da var. Onları sistemə necə alışdırdıqlarını bilmək mənim üçün önəmlidir.

- Bəs "Barselona"da daha çox nəyə diqqət edirlər?

- Orada bir çox şəxslərlə görüşdüm. Danışdıqları hər şeyə məşqlərdə şahid olurdum. Bunu "Atletiko"da da görmüşdüm. Məsələn, "Spartak"ın akademiyasında olanda mənə deyilənlərlə məşq prosesində olanlar bir-biri ilə uyğunlaşmırdı. "Spartak"da əsas komandadan aşağı sanki ayrı bir dünyadır. Amma "Barselona"da əsla belə deyil. Burada vahid sistem var. Məşqləri, oyunları bir kənara qoyuram. Şəxsən mənə maraqlı idi ki, Lamin Yamal, Pau Kubarsi kimi 16-17 yaşlı uşaqlar bir anda əsas komandada necə peyda ola bilir? "Napoli"yə qarşı bu yaşda uşaqları oynatmaq riskdir. Amma orada şahid oldum ki, nəinki Kubarsi, Yamal, hətta U-19, U-17 komandasında olan hər kəs əsas komandaya gələndə nə etmək lazım olduğunu bilir. Baş məşqçiyə də heç bir çətinlik yaranmır. Hətta mənə deyildi ki, U-17, U-18, U-19 komandalarının məşqlərinə baxanda elə bilərsən eyni komandadır. Bir dəst-xətt var və heç kim ondan kənara çıxa bilməz. Elə deyildiyi kimi də vardı. Mənim üçün proritet əsas komanda idi. Amma imkan olduqca "B" komandası və digər yaş qruplarını da izləyirdim. 16 yaşlılardan ibarət komandanın məşqini izləyib, keçdim digər yaş qrupuna baxmağa. Bir-birinin eynisi idi. Seçə bilməzdin ki, bu U-16, digəri U-17 komandasıdır.

- Fundamentdən A komandasına kimi vahid sistem olmasını anladıq. Bəs günün birində əsas komandaya həmin vahid sistemdən fərqli futbol fəlsəfəsinə sahib bir baş məşqçi gələndə işlər necə nizamlanır?

- Mən bunu soruşdum. Həqiqətən, özüm üçün də bu suala cavab tapmaq istəyirdim. Hətta nümunə çəkdim. Bildirdim ki, Ronald Kuman "beşli" müdafiə sisteminə üstünlük verir. Sizdən fərqli futbolçu tələb edəndə bunu necə qarşılayırdınız? Bildirdilər ki, buradakı sistemi dəyişəcək bir məşqçi yer üzündə yoxdur. Adamlar gələndə hara düşdüklərini öncədən dərk edirlər. Maksimum əsas komandada nəyisə dəyişmək olar. Bütün İspaniya bilir ki, "Barselona" bu yolla gedir. Mental olaraq uşaqların beyninə hazırkı sistem yeridilir. Bu çox önəmlidir. Məşqlərdə dünya ulduzu Levandovski ilə paralel 17, 18 yaşlı uşaq da tapşırıqları eynisilə yerinə yetirir. Xavinin tələbləri pozulmur. Bu gün mən əvəzedici komandadan futbolçu götürəndə məşqimin keyfiyyəti aşağı düşür. Bu reallıqdır. Nəinki "Sumqayıt"da, digər klublarımızda da belədir. Ya nəsə öyrətmək üçün əlavə vaxt ayırmalısan, ya da baş qoşmalı deyilsən. Amma orada belə deyil də. Mərkəz müdafiəçisi lazımdırsa, aşağıdan gələcək hər kəs əsas komandada nə etməli olduğunu aydın bilir. Hər şey bir mexanizm kimi çalışır. Dəhşət bir şeydir.

- Qısası, orada lövhədə yazılanlar meydanda icra edilir. Burada eynisini etmək üçün sizə münbit şərait yaradılacaqmı?

- Mən bu barədə orada çox düşündüm. Bizdə bir çox maneələr var. Amma həyata keçirmək olarmı? Əlbəttə, olar. Bunu tək məşqçi edə bilməz. "Barselona"dakı sistemi dəyişəcək məşqçi yer üzündə yoxdur. Bu, nə deməkdir? Deməli, klub olaraq buna hazırdılar. Bu yolda hansı maneələrlə rastlaşdıqlarını bilmirəm. Bəlkə, soruşsam da deməyəcəkdilər. Amma bizim üçün çox çətindir.

- Xavi ilə görüşdə nədən danışdınız?

- Öncədən planlaşdırdığımız görüş idi. Açığı, nə Xavidən, nə də oradakı digər insanlardan bu qədər isti münasibət gözləmirdim. Çox xoş qarşıladılar. Məsələn, "Atletiko"da heç belə xoş qarışlanmamışdım. Xavi ilə sistem, yanaşma, metodika barədə geniş danışa bilmədim. Öncədən də bunu bilirdim. Çünki qarşıda ağır oyunları vardı. Daha çox digər insanlarla danışdım. Xaviyə məşqlərini izləməyə, bizə zaman ayırmağa görə təşəkkür etdim. Bildirdi ki, xoşdur, bura sənin evindir. Nə qədər istəsən gəlib məşqlərimizi izləyə bilərsən. Bir azərbaycanlı kimi belə münasibətlə qarşılaşmaq çox xoş oldu.

- Xavi bir çox məşhur məşqçilərlə işləyib. Onların təcrübəsindən nələrisə sizinlə bölüşdümü?

- Yox. Ümumiyyətlə, belə insanlar çalışır ki, öz bacarığını ortaya qoysun. Özünü təsdiqləsin. Qalmasına da sevindim. Doğru qərardı.

- "Barselona"da gənc futbolçulara münasibət necədir? Onların formalaşması üçün hansı addımlar atılır?

- Uşaqlar "La Masiya"da qalır, dərslərə də orada gedirlər. Valideynlər uşaqlara yaxın buraxılmır. İspaniyada olanda bir şeyi tam dəqiqləşdirdim ki, bir uşağın futbolçu olması üçün öncə ailəsi buna hazır olmalıdır. Uşağın qidasına fikir verməli, məşqinə uyğun proqram tutulmalı və ona nəzarət olunmalıdır. Uşağın əlindən tutub məşqə gətirməklə iş bitmir. Bizdə cəmiyyət buna hazır deyil. Mənim də övladım futbola gedir. Görürəm ki, yanaşmamız düzgün deyil. Məsələn, yaxşı oxuyan uşağın həkim olmasını istəyən valideyn onu ən yaxşı müəllimlərin yanına hazırlığa göndərir. Universitetə daxil olması üçün bütün addımları atır. Televizoru söndür dərsini oxu, vaxtında yat ki, durub dərsini oxuya biləsən və.s. Amma dincəl axşam məşqin var, flan qidanı qəbul etmə orqanizminə problem yaradar deyirikmi? Mən demirəm. Biz birinciyə daha yaxınıq, nəinki futbola. Futboldan çox uzağıq. Ailə olaraq buna hazır deyilik.

- Dünya nəhəngi haqqında xoş şeylər danışmağınız normaldır. Bəs sizi təəccübləndirən mənfi nəsə oldumu?

- Qəti! Adamlar danışdıqca biz də düşürük təsir altına. Danışdıqları hər şey meydançadakı proseslərin eynisi idi. Xoş olan məqamlar vardı. Məsələn, Cerard ("Sumqayıt"ın fiziki hazırlıq üzrə məşqçisi) mənə deyirdi ki, bu məşqlərin eynisi biz də edirik. Görürsən ki, müasir futbol elementlərindən, yanaşmasından çox da geri qalmırıq. Bu, mənim üçün həddindən artıq sevindirici idi.

- "Barselona"da təcrübə qazanıb, "Sumqayıt"da həyata keçirmək nə dərəcədə alına bilər?

- Mən onlardan soruşdum ki, eyni şeyi bizim ölkədə qura bilərsinizmi? Zənn edin ki, imkan var və sizi aparıram Azərbaycandakı futbol akademiyasına. Bildirdilər ki, ilk öncə ağıllı futbolçu lazımdır. Orada kimlərin əsas komandaya düşəcəyi və gələcəkdə böyük futbolçu ola bilib-bilməyəcəyi barədə indidən onlarda informasıya var. 6-7 testin nəticəsində son qərar verilir. Məsələn, həmin 7 testdən 5-ni Yamal qarşılayıb. 6-sı Kubarsidə var. Əmindilər ki, hər ikisi də böyük futbolçu olacaqlar. Bu gün Yamala PSJ 200 milyon avro verməyə hazırdı. Məsələn, yaşı az olanda keyfiyyəti ilə seçilən, əsas komandaya bu gün düşməyi bacaran elə futbolçular var ki, testlər əsasında bilirlər ki, böyük futbolda çox qalası deyillər. Məşq keçdikləri 20 uşaqdan kimlərin böyük futbolda qalacağını artıq bilirlər. Təcrübələri böyük ölçüdə doğru çıxdıqlarını göstərir. İlin sonunda əsas komanda üçün mövqelər üzrə seçim aparılır. Hansı zonada oyunçu yoxdursa, anında başqa klublardan pulu ilə komandaya həmin mövqe üzrə oyunçu cəlb edilir. Elə sistem qurulub ki, maksimum 10% yanıla bilərsən. Bugünkü kimi pulun olmadığı dövr gələndə də üzlərini rahatlıqla çevirirlər akademiyaya. Mənim "Barselona" modelini tətbiq etmək fikrim yoxdur. İlk öncə onu kopya etməyim üçün o səviyyədə oyunçularım olmalıdır. Digər tərəfdən hər zaman öz fikrim olmasına çalışıram. Orada öyrəndiklərim çox şey oldu. Hansısa mərhələdə mütləq mənə lazım olacaq və tətbiq edəcəm.

- Beynəlxalq turnirlərdə çıxış edən aşağı yaş qrup komandalarımızın məşqçiləri hər zaman deyir ki, uşaqlarımız digər ölkələrin futbolçularından hətta bəzən daha üstün görünürlər. Bəs necə olur ki, həmin fərq 16-17 yaşında yoxa çıxır?

- Mən Zaqreb "Dinamo"sunda olanda buna şahid olmuşam. Allah rəhmət eləsin. Sabir müəllim də mənimlə getmişdi. Əsas komanda ilə təcrübə keçirdim. Amma boş vaxtımda akademiyaya da baş çəkirdim. Öz-özümüzə deyirdik ki, bizdə bunlardan daha yaxşı futbolçular var. Amma U-15, U-17 komandaların finalına baxanda gördük ki, səviyyə tam başqadır. Mental olaraq uşaqlar fərqli hazırlanır. Çətinliyə düşəndə yükü qaldıra bilirlər. Çətinlik nədir? Taktika, tələblər və.s. Futbolçu beyninin bunu qəbul edib, qavraması lazımdır. Bizdə problem budur. Uşaq olanda bir qapı bir topdur. Məqsəd də qol vurmaq. Uşaq futbolunda başqa nədir?

- Bu həm də savadlı olmağa bağlanırmı?

- Yox, deməzdim. Təhsil yox, futbol savadına bağlanır. Onlar bu prosesə səbrlə yanaşırlar. Biz problemi 16-17 yaşda axtarırıq. Amma problemin kökü aşağıdadır.

- Belə çıxır ki, 13-14 yaşa kimi uşağın göstərdiyi öz qabında olandı. Baş məşqçilər həmin qabda olanı düzgün cilalaya bilmir?

- Bəli, problem bizdədir.

- Deməli, 14-15 yaşında olan uşaqları aparıb "Dinamo" akademiyasına təhvil versək yenə yaşıdlarından geri qalacaq. Çünki arada boşluq yaranıb.

- Bu yaşda ora aparmaq gecdir. Hə, xərclərini qarşılayıb qoya bilərsən. Amma məqsədə uyğundur ki, istedadı olan 8-9 yaşlı uşağı ora təhvil verəsən.

- İspanların Azərbaycan futbolu barədə hansısa məlumatı vardımı?

- Açığı, bilgiləri vardı. "Qarabağ"ı çox yaxşı tanıyırdılar. "Bayer Leverkuzen"lə son oyunlarını unutmayıblar. Bundan başqa Xavi Azərbaycan millisinə qarşı oynadığı oyunu da xatırladı. Hesabın 2:1, ya da 3:1 olduğunu dedi. Bildirdim ki, hesab 0:6 olub, onu soruşma (gülür). Burada oynamış ispan futbolçular barədə soruşdular. "Qarabağ"da oynamış Miçeli xatırlatdım. "Sumqayıt" haqqında maraqlandılar. Cerard direktorlardan birinə turnir cədvəlini göstərdi. Bildirdi ki, xallar eynidi, çox gərgin mübarizə gedir. Yeni tikilən stadionumuz, gələcək planlarımız barədə xeyli danışdıq.

- Açıqlamlarınızdan birində demişdiniz ki, xarici oyunlardan öncə yaşananları görmək istərdiniz. Necə idi?

- Oyundan əvvəl yox, sonra başverənləri izlədim. Bizdə məğlubiyyətdən sonra nələr baş verir Allah bilir. Onlarda oyun bitdisə, hər şey arxada qaldı. Hər kəs qarşıdakı matça köklənir. Nəinki futbolçularda, heç bizdəki məşqçilərdə də elə deyil. Bu, özəydən gəlir. Nəticədən asılı olmayaraq bitən oyun arxada qalır. Biz problemləri meydanda axtarırıq. Amma kənarda axtarmalıyıq. Bayaq ailə məsələsinə toxunduq, indi də psixoloji durumu dedik. Bunlar yüksək səviyyədə olmalıdır ki, çətinlikdə tab gətirə biləsən. Bir günün işi deyil. İllərlə formalaşan məsələdir. Niyə 17 yaşda uşaqlarımız itir? Bax buna görə itir. Bunda isə uşağın günahı yoxdur. Biz düzgün öyrətməmişik.

- Daha çox hansı sual ətrafında axtarış apardınız və cavablar sizi qane etdimi?

- İki gün fiziki hazırlıq üzrə məşqçi ilə danışmağım səbəbsiz deyildi. Bu gün fizikaya həddindən artıq önəm verilir. Mən də buna önəm verirəm. Bu mövzuda çox suallarıma cavab tapdım.

- "Atletiko"da təcrübədə olanda "Sumqayıt" sizsiz "Qarabağ"ı məğlub etmişdi. Bu dəfə eyni hal təkrar olundu. Bundan sonra "Qarabağ"la oyunlardan əvvəl təcrübə keçmək üçün xaricə getməyi planlaşdırırsız?

- Ən azından ölkədən kənara çıxacam (gülür). Kəndə də gedə bilərəm. Təki udaq. Çox xoş oldu.

- Oyunlarda 90 dəqiqə futbolçulara çılğın tapşırıqlar verən Abasov üçün bu görüşü izləmək çətin deyildi?

- "Kəpəz" - "Qəbələ" oyununa baxırdım. Çox yorğun idim. Fasilədə yuxuya getmişdim. Ayılanda "Neftçi" - "Turan Tovuz" oyunu gedirdi. 2:0 olanda oteldən çıxdım. Fikrim saat 8-də başlayacaq oyunda qalmışdı. Otelin yaxınlığında məhəllədə qızlar arasında hansısa yarışın finalı gedirdi. Bir az ona baxdım. Fikrimi dağıtmağa çalışırdım. Oyunun bitməsinə 10 dəqiqə qalır, amma mənə nəsə yazan yoxdur. Görəsən, nə baş verir? Sonra gördüm ki, sən demə meqabaytı bağlamışam. Otelə çatanda mesajlar gəlməyə başladı. Onda bildim ki, udmuşuq. Mən zəng edəndə artıq komanda platardəyişmə otağında idi. Əla bir hislər idi. Futbolçuların hər birini xüsusi təbrik etdim. Çox vacib qələbə idi. Plan quranda bu oyun bəlkə də hesabda yox idi. Bonus oldu bizim üçün. "Atletiko"da olanda da oyuna baxmamışdım.

- “Qarabağ”la oyunda 18 yaşlı Xəyalı start heyətdə oynatmağınız gözlənilməz oldu. Niyə belə riskə getdiniz?

- Beynimdə planlaşdırdığım "11-lik"lə bağlı məşqçilərdən həftə boyu məlumat alırdım. Xəyal barədə ancaq xoş fikirlər oldu. Performansı ilə bağlı narahat deyildim. Bilirdim ki, pis də dursa, çox tənqid olmayacaq. Cavan “uşaqdı” - deyib keçəcəklər. Mənə əsas lazım olan oyundan öncə özünü necə hiss etməsi idi. Məşqçilər bildirdi ki, özünü yaxşı hiss edir. Bu, çox sevindiricidir.

- "Sumqayıt"ı hakimlər "dartır" fikri daha da alovlanandan sonra qələbələri sıralamaqdasınız...

- O söhbətləri beynimdən atmışam. Şükür Allaha göstərdiyimiz oyun da o qədər pis deyil ki, həmin fikirlərə zəmin yaransın. "Turan"la oyundan əvvəl yaşananlar hamının yadındadır. Amma komanda Tovuzda yaxşı oyunla 4:1 qalib gəldi. Bundan sonra deyəcək söz qalmadı.

- “El Klasiko”da oldunuz, Xavi ilə görüşdünüz və bir həftə "Barselona"nın düşərgəsində təcrübə keçdiniz. Bütün bunlardan sonra "Kəpəz"lə oyuna hazırlaşmaq psixoloji cəhətdən çətin deyildi?

- Əksinə, çox güclü gəlmişəm. İnşallah, qismət olsun ildə 1-2 dəfə belə getsək əla olar. Sönmüş telefonu zaryatkaya qoymuş kimiyəm. Beynim doludur. Hə, bir az zərər də verə bilər. Sizinlə söhbət edirəm ağlımda ordakı məşqlərdi. Uşaqlara məşq keçirəm və bir anda öz-özümə deyirəm ki, Samir, ayıl, bura "Sumqayıt"dı.

- Sona 4 tur qalmış avrokubokların astanasındasız. Rəqiblərlə müqayisədə "Sumqayıt"ın oyun təqvimi daha münasib görünür. Arxayınlıq qorxusu yoxdur?

- "Sumqayıt"da belə bir şey yaşamışam. Məni çox qorxudur. Bir neçə tur qalmış ikinci pillədə gedirdik, amma sonda 5-ci sırada bitirdik. Söhbət yalnız meydançada olanlardan getmir. Kənarda baş verənlərə də hazır olmaq lazımdır. İndiki durumda mənim əsas işim bu yöndədir.

- Düzdü, yoxluğunuz düşərli oldu. Amma çempionatın çox çətin dönəmində belə bir səfərin olması rəhbərliyi narazı salmadı?

- Yox, vallahi. Heç bir narazılıq olmadı. Mən də baş saldım ki, belə bir şans bir də ələ düşməyəcək. Bu dəfə icazə verildi, amma sabah da belə olacaq deyə bir şey yoxdur.

- Danışdıqlarınızdan "Barselona"da əsas komanda ilə paralel akademiyanın da işi ilə yaxından tanış olduğunuz sezilir. Maraqlıdır, sumqayıtlı uşaqlar, məşqçilərlə təcrübənizi bölüşməyi planlaşdırırsız?

- Gördüklərimin ən vaciblərini akademiyaya danışacam. Bir iclas keçirməyi planlaşdırıram. "Atlektiko"dan gələndə də etmişdim. Hər kəs maraqla dinləmişdi.

- Düzdü, bəlkə də akademiyaya müdaxilə sizin səlahiyyətinizdə deyil. Amma gördüklərinizin həm də həyata keçməsi üçün hansısa addımlar atmağı, rəhbərliyə istiqamət verməyi düşünürsüz?

- Həyata keçirməyə qalanda realist olmalıyıq. Yaxşı akademiyaları özəl klublarda qurmaq olar. Bu gün ölkə səviyyəsində ən yaxşı futbolçular "Bakı", "Qəbələ", "Xəzər Lənkəran"dan çıxıb. Və adıçəkilən klublar hər biri şəxsi adamların olub. Belə ortamda həmin işləri görmək daha asandı. Bizim kimi komandalara çətindir. Təkcə meydançadan söhbət getmir. Kənar amillər var.

- Sizin timsalınızda bir çox yerli məşqçilərimiz yerli uşaqların potensialını açmağı yaxşı bacarır. Bəlkə, bir müddət əsas komandada hədəfləri aşağı salıb, yerli uşaqlara daha çox şans verib, inkişaflarına təkan verəsiniz?

- Heç bir baş məşqçi A komandasında bunu edə bilməz. Futbolçu mental olaraq əsas komandaya hazır gəlməsə düzəlməyəcək. Biz yerli futbolçulardan nə gözləyirik? Premyer Liqada şans almağı. Niyə A komandasının baş məşqçisi olaraq onlara şans verməliyəm? Niyə o futbolçular mənə hazır gəlmir? Niyə bu şansı onlar qazanmır? Taktikanı başa salaram, amma top qəbulunu niyə başa salmalıyam? Tələb qoyduğunuz insanlar düzgün deyil. Tələb olmalıdır ki, niyə Samirdə 5 yerli oyunçu yoxdur? Sual veriləcək insanlar biz deyilik. Mən yalan danışacam. Oyuna girəndə udmağı düşünürəm. Ona görə də riskə getməyəcəm. Bu qədər qlobal problem oldu ki, Azərbaycandan yaşı uşaq çıxmır? Deməli, özəkdə boşluq var. Həll eləmək olarmı? Olar.

- Buna nə lazımdır?

- İradə lazımdır. Məşqçilərdə yox, həmin özəyi quracaq adamlar çoxlarına yox deməyi bacarmalıdır. Həmin adamlar həyatını buna bağlamalıdır. Ondan sonra qurduğu sistemdə məşqçilərdən də, futbolçulardan da tələb edə biləcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!