“Küçələrdə qalırdım, vağzallarda yatırdım” - Millimizin oyunçusunun dəhşətli həyatı

5 Aprel 20:40 Müsahibə 7 305
“Küçələrdə qalırdım, vağzallarda yatırdım” - Millimizin  oyunçusunun dəhşətli həyatı

Usim Nduka... Tarixin yaddaşına qovuşmuş AZAL-ın heyətində ən çox oyun keçirən futbolçu olsa da, azarkeşlər onu daha çox Berti Foqtsun Azərbaycan millisinə dəvət etdiyi yerli pasporta sahib əcnəbi kimi xatırlayır.

Afrikalı müdafiəçi 2004-2013-cü illər aralığında AZAL-ın şərəfini qoruyub, 1 illik “Tavşanlı Linyitspor” karyerasının ardınca Azərbaycana qayıdaraq “Simurq”da oynamış, ardınca ölkəmizi tərk etmişdi.

Usimin ölkəmizə gələnə qədər, hətta burada olduğu dönəmdə başına gələnlərdən az-çox xəbərdar olduğum üçün müsahibənin maraqlı alınacağına şübhəm yox idi.

Sadəcə, uyğun vaxt tapmaqda razılaşa bilmirdik. Sual-cavab üçün sentyabrda başladığımız söhbət düz 6 ay çəkdi.

Və martın son günündə Nduka ilə təxminən 1 saatlıq söhbətdə çox maraqlı faktlar üzə çıxdı. Xüsusən kasıb insanlarla gənc futbolçular üçün dərslik sayıla biləcək müsahibəni təqdim edirik.

- Necəsən? Nə işlə məşğul olursan? ABŞ-dasan, yoxsa Nigeriyada?

- Allahın dəstəyi sayəsində hər şey qaydasındadır. İşim, ailəm, oğlum – bunlarla məşğul oluram. ABŞ-da yaşayan əslən nigeriyalı dostumla yaratdığımız şirkətin inkişafı ilə məşğuluq.

- Futbol sahəsində, yoxsa?

- Bəli-bəli, sırf futbolla bağlıdır. Karyeramı başa vurandan sonra Amerikaya yollanmışdım. Los-Ancelsdə “Athema Sports Agency” adlı şirkət açmışdım. Daha bir filial isə artıq Nigeriyada - Abucada fəaliyyət göstərir. Futbol menecerliyi ilə bağlıdır.

- Demək ki, futbol agentisən.

- Bir neçə ildir bu sahədəyəm. Düzü, əvvəlki dönəmlərdə qeyri-rəsmi formada çalışırdım. Lakin 2 il bundan sonra FİFA lisenziyasına sahib oldum. Nigeriya Futbol Federasiyasından menecerlər üçün tələb olunan sertifikatı almışam. Gah ABŞ-da oluram, gah Nigeriyada.

- Hansı ölkənin futbolçuları ilə işləyirsən?

- Əksəriyyəti Nigeriyadan olanlardır. Yollarda qalmamaq üçün birimiz Nigeriyada oturmuşuq, birimiz ABŞ-da. O mənə oradakı və Avropadakı maraqlı təklifləri deyir, mən də ona namizəd futbolçuları göstərirəm.

- Hansı ölkələrdə müştəriləriniz var?

- Makedoniyada, Portuqaliyada, Asiyada.

- Azərbaycanda yoxdur?

- Çoxdandır Azərbaycana gəlmək istəyirəm. Lakin heç cür alındıra bilmirəm. Apartman biznesim, agent şirkətim, yoldaşımın futbol akademiyası – o qədər yük var ki üstümdə. Hamısı ilə məşğul olmalıyam. Amma Bakıya mütləq gələcəyəm. Çox güman bu yay Azərbaycanda olacağam. Ötən il yoldaşımla oğlum Bakıdaydı, heyf mən gedə bilmədim.

- Nə əcəb?

- Yoldaşımın anası azərbaycanlı, atası nigeriyalıdır. Biz tanış olanda xanımım Bakıda yaşayırdı. Bu gün də anası Bakıda – “Qara Qarayev”də qalır. Xanımım da, oğlum da, qaynanam da Azərbaycanda dünyaya gəlib. Bakıda doğulmayan bir mənəm (gülür).

- Fərqi yoxdur, artıq sən də azərbaycanlı hesab olunursan.

- Hə, bilirəm (qəhqəhə çəkir). Azərbaycanda misal var, qadın hansı şəhərdəndirsə, kişi də həmin yerdən sayılır. Həyat yoldaşımla Bakıda tanış olmuşam, Bakıda evlənmişəm, oğlum Bakıda doğulub, 10 ilə yaxın Bakıda yaşamışam, Azərbaycan millisində oynamışam. Başqa nə olmalıdır? Yarıdan çox azərbaycanlıyam.

- 20 il əvvələ qayıdaq. Bakıya gəldiyin ilk günü xatırlayırsan?

- 2003-cü ildə agent vasitəsi ilə bir qrup nigeriyalı futbolçu Afrikadan Rusiyaya yollanmışdıq. Sankt-Peterburqda qalmalı, oradakı klublara təklif olunmalıydıq. Ən pis halda Rusiyanın başqa şəhərlərində klub tapılacaqdı. Biz belə demişdilər. 1 il orada olduğum müddətdə heç nə edə bilmədik. İmkansızlıqdan küçələrdə qalırdıq, vağzallarda yatırdıq. Və bir gün Allah mənə Azərbaycanda yaşayan nigeriyalı tanışımı yetirdi.

- Aha.

- Rusiyada aldadıldığımızı və səfalət içində yaşadığımızı bilirdi. Mənə dedi, tanış adam var, sənə dəvətnamə göndərsin, gəl Bakıya. Açığı, tərəddüd edirdim, amma Rusiyada ac-susuz qalmağın da mənası yox idi. Razılaşdım və təklif göndərildi. İlk üz tutduğum komanda “MKT-Araz” oldu.

- Həqiqi? Bunu bilmirdim, açığı. Bəs, niyə müqavilə bağlamadın?

- Rusiyada olduğum son 5-6 ayı düz-əməlli məşq etməmişdim. Bakıya eniş edən kimi agent məni hava limanından birbaşa məşqə apardı ki, səni gözləyirlər. “MKT-Araz” həmin vaxt Bakıda yığışmışdı. O vəziyyətdə ideal formada ola bilməzdim axı. Və bilirdim ki, hazırlıq səviyyəm onları qane etməyəcək. Nəticədə ukraynalı baş məşqçi (İqor Nakoneçnı) məni bəyənmədi. Agentlə danışdım, vəziyyəti başa saldım və o, bu dəfə mənə başqa komandanı məsləhət gördü.

- Hansı komandanı?

- AMMK adlı komanda o vaxt Birinci Divizionda mübarizə aparırdı (sonradan “Olimpik-Şüvəlan”, AZAL, “Şüvəlan” kimi tanınan klub – H.). Onlar məni və daha dörd afrikalını baxışa çağırdı. Hazırlıq səviyyəmə görə birbaşa Premyer Liqada oynamağın çətin olduğunu anlayıb, “divizion”da oynamaq istəyirdim. “Şəfa”ya getdik, baş məşqçi də Şakir müəllim idi (Şakir Qəribov). Məşq etdik, Şakir müəllim də bəyənmədi, lazımsız olduğumuzu dedi, çıxıb getdik.

- Yenə “havada qaldın”.

- Ruhdan düşmürdüm, bilirdim ki, potensialımı göstərə bilsəm, bəyənəcəklər. Sadəcə, fiziki və psixoloji yüklənmələr məni yormuşdu. Bakıda bir nəfərlə tanış olmuşdum, atası Şakir müəllimi tanıyırdı. Ondan xahiş etdim ki, baş məşqçi mənə bir neçə gün şans versin. Digər afrikalılar Azərbaycanı tərk etmək istəsə də, mən qalmaqda israrlıydım. Şakir müəllim gəlməyimizi istədi. Məşqlərdə iştirak edəndən sonra AMMK ilə müqavilə bağladıq. Sırf futbola köklənmişdim, məşqdən evə gedirdim, evdən çıxıb məşqə gəlirdim. Digər gənclər kimi klub və restoranlara üz tutmurdum, içki içib, siqaret çəkmirdim. Açığı, buna imkanım da yox idi. Vaxt ötdükcə komandadakı dörd afrikalı ilə yollar ayrıldı, tək mən qaldım.

- Azərbaycandakı ilk maaşını xatırlayırsan?

- Əlbəttə. Hətta maaşı danışdığımız söhbət, məkan, mənzərə də yadımdadır. Aylıq 250 dollara razılaşmışdıq, onun 50 dollarını agentimə verməliydim. Mənə 200 dollar qalırdı, o da dolanışığıma güclə bəs edirdi. Oynadıqca yaxşı təkliflər gəlməyə başladı.

- Azərbaycandan?

- “MKT-Araz”la yoldaşlıq görüşündən sonra klub rəhbərliyi oyunumu bəyəndiyindən agentimə zəng vurub məni komandaya gətirməyi tapşırmışdı. Halbuki, həmin baş məşqçi bir müddət əvvəl məni bəyənməmişdi. “MKT-Araz” çox yaxşı maaşla müqavilə təklif edirdi. Açığı, mənim üçün cəlbedici idi. Agentim heç yerə getməməyi, AMMK-da qalmağı məsləhət gördü. Hətta “Araz-Naxçıvan”ın aylıq 1000 dollarlıq təklifi ilə də razılaşmağa qoymadı. Dedim, mobil telefonum yoxdur, özümə yeni paltarlar ala bilmirəm, düz-əməlli qidalanmıram, 200 dollar çatmır, 1000 dollar mənim üçün böyük puldur. Ortaya anam girdi.

- Nə mənada?

- Agentim israr etdiyimi görüb qərar verməyi mənə buraxdı. Bir tərəfdə “divizion”da oynayıb 200 dollar qazandığım AMMK, digər tərəfdə 1000 dollar təklif edən “Araz-Naxçıvan”. O an içimdən səs gəldi ki, anamla məsləhətləşim. Vəziyyəti anama danışıb, seçim etməkdə köməklik göstərməyini xahiş etdim.

- Nə dedi?

- (davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti