"Qarabağ" başına iş açdı, "Neftçi" qisas aldı - Bəs yeni çempion?

17:45 Premyerliqa 483
"Qarabağ" başına iş açdı, "Neftçi" qisas aldı - Bəs yeni çempion?

"Qarabağ" və "Sabah" arasında gedən çempionluq mübarizəsinin taleyini "Kəpəz" həll etdi.

Son iki görüşdə Ağdam klubunu məğlub etməklə.

Deyəsən, bölgə klubu son çempionu udmağın yolunu tapıb.

Təsadüfi deyil ki, bu mövsüm "köhlən atlar"ı "Nyukasl"dan başqa yalnız "Kəpəz" iki dəfə məğlub edə bilib.

Azər Bağırov əla işlər görür. Əlinin altında cəmi 7 legioner var, amma bəzi həmkarları kimi deyinmir, şikayət etmir. Ortaya iş qoyur. Start heyətində 5 yerli oyunçu yer almışdı. Əvəzetmədən isə 3 azərbaycanlı qoşuldu. Bölgə klubu 90 dəqiqə yaxşı mübarizə apardı. Güclü rəqibinə qarşı meydanın hər qarışanda döyüşdü. Və layiq olduğu qələbəni qazandı. "Qarabağ" isə şok məğlubiyyətlə çempionluq yolunda ciddi zərbə almış oldu. Çempionlar Liqasında iştirakını başa vurandan sonra Qurban Qurbanovun yetirmələrinin liqada qarşısıalınmaz olacağı ehtimal olunurdu. "Araz-Naxçıvan", "Zirə" və "Şamaxı" üzərində ardıcıl qələbələr də bundan xəbər verirdi. Amma Yevlax şəhər stadionunda fərqli şeylər gördük. Düzdü, ərazi üstünlüyü qonaqlarda idi. Daha çox real qol imkanı əldə edən tərəf də "Qarabağ" idi. Amma komanda lazım olan təzyiqi yarada bilmirdi. Alışdığımız "Qarabağ"ı meydanda görmədik. Növbəti dəfə ehtiyat oyunçuların əvvəlki illərlə müqayisədə geri qaldığı təsdiqləndi. Yayda Qurban Qurbanov mütləq ciddi dəyişikliklərə getməlidir. Özünü doğrultmayanlar, gününü ehtiyat skamiyada keçirməklə böyük pullar qazanan Ramil Şeydayev, Abbas Hüseynov, Aleksey Kaşuk və digərləri yola salınmalıdır. Azarkeşlər möhtəşəm idi. Uzun illərdən sonra Yevlax şəhər stadionu bu qədər tamaşaçı görürdü.

Hə, bir də baş hakim Əli Əliyevi unutmaq olmaz. Referi Camilo Durana qarşı edilən aşkar qayda pozuntusuna susmaqla oyuna damğa vurdu. Hətta VAR-ın müdaxiləsi də onun fikrini dəyişmədi. Açığı, bu cür penalı görmək üçün nə VAR-a, nə iti gözə, nə də hakim olmağa ehtiyac yox idi. Penalın buynuzu olmur ki... Şakir vurdu, Camilo yıxıldı. Qalırdı fiti verib, nöqtəni göstərmək. Niyəsə Əli Əliyevin buna cəsarəti çatmadı. İrad bildirənlər var ki, "Qarabağ" "Kəpəz"i udmaq üçün penala möhtac olmalı deyil. Məncə, qüsurlu yanaşmadır. İki klub arasında uçurum ola bilər, amma futbolda hər oyun nəticəni səviyyə fərqi həll etmir. Elə bu "Kəpəz"i cəmi bir neçə həftə əvvəl lider "Sabah" 87-ci dəqiqədə vurduğu qolla məğlub edə bilmişdi. Veriləcək penalti qərarı bu dəfə "Qarabağ"ı xal itkisindən xilas edə bilərdi. Amma Əli Əliyev buna imkan vermədi.

"Sabah" isə çempionluq yolunda inamla irəliləyir. Dambrauskasın yetirmələri bu dəfə "Sumqayıt"a şans tanımadı. Növbəti rahat qələbə ilə 3 xalı aktivinə yazdı. Artıq ən yaxın izləyici ilə xal fərqi 10-a bərabərdir. Masazır klubu bugünkü futbolu ilə çempionluğu haqq edir. Qarşıdakı 8 görüşdə aradakı fərqi əldən verəcəyi inandırıcı deyil. "Sabah"ın "Qarabağ"dan ən böyük fərqi çempionluğu daha çox istəməsidir. Hər qola, hər qələbəyə verilən reaksiya bundan xəbər verir. Qarşıdakı görüşə final matçı kimi baxa bilirlər. Əvəzində "Qarabağ"ın futbolçuları sanki hələ də Çempionlar Liqasının havasından çıxa, yerli çempionata lazım olan qədər köklənə bilmir. Bir tərəfdə uğura ac, digər tərəfdə bundan doymuş kollektiv görüntüsü var.

25-ci turdan sonra çempionluq mübarizəsində gərginliyin azalması fonunda avrokuboklar uğurunda rəqabətə yeni nəfəs gəldi.

"Araz Naxçıvan" ardıcıl ikinci oyunda qələbə qazanmaqla iddiasını davam etdirir. Qələbəyə rəğmən Demçenkonun komandası hələ gələcəyə böyük ümid vermir. Şamaxıda da meydan sahibləri daha yaxşı oynayan tərəf idi. Şamaxılı futbolçular əllərinə düşən imkanları lazımınca dəyərləndirə bilmədi. Qonaqlara 3 xalı gətirən qolu isə Veremeyev öz qapısından keçirdi. Əks halda, qolsuz bərabərlik ədalətli nəticə hesab oluna bilərdi.

"Neftçi" "İmişli"nin daşını daş üstə qoymadı. Freddi Varqas 3 məhsuldar ötürmə ilə gecənin qəhrəmanı oldu. Breno Almeyda "Neftçi" formasında ilk qolunu vurdu. Bakılılar o qədər möhtəşəm oynadı ki, komandanın bombardiri Bassala Sambu, ulduzu Vensan Abubakarın yoxluğu hiss olunmadı. Emil Səfərov Samir Abasovun dönəmində haqsız yerə ehtiyatda qaldığını növbəti dəfə yaxşı oyunu ilə sübut etdi. Yuri Vernidubun gəlişindən sonra əsas heyət üzvünə çevrilən yarımmüdafiəçi Azərbaycan millisinə də dəvət alıb. Ukraynalı mütəxəssis ortabab və autsayderləri udmağın yolunu tapıb. Məsələn, "ağ qaralar" bu "İmişli"yə qarşı əvvəlki iki görüşdə 5 xal itirmişdi. Amma bu dəfə 3 xalı 6 qolla qazandı. "Neftçi" mövsümün əvvəlində "Karvan-Yevlax", "İmişli" kimi autsayderlərlə görüşlərdə itirdiyi xalların əziyyətini indi çəkir. Son iki turda əldə olunan qələbələr yenidən avrokuboklar şansını bir xeyli artırıb. Həm "Araz-Naxçıvan"ın, həm də "Neftçi"nin dördüncü pilləni tutmaq şansları böyükdür. Amma "Neftçi" göstərdiyi oyunla bir addım öndə kimi görünür. Həlledici mərhələyə daxil oluruq. "Qəbələ", "İmişli" üzərində qələbələr mübarizədə qalmağa kömək edir. Avrokuboklara vəsiqə qazanmaq üçün isə mütləq "Zirə"ni məğlub etmk, "Sabah" və "Qarabağ"la qalan görüşlərdən minimum xal itkisi ilə çıxmaq lazımdır.

"İmişli" nağılı sona çatmış kimi görünür. Ötən tur "Sabah", bu dəfə "Neftçi" irhesablı qələbəyə sevindi. Kaşkilya üçün tədricən belə məğlubiyyətlər adiləşməyə başlayıb. Portuqaliyalı mütəxəssis çıxış yolu tapa bilməsə, 11-ci pilləyə enib, liqada qalmaq üçün pley-off oynamalı olacaq.

Əgər "Qəbələ" hamıya məğlub olmasa. "Qırmızı qaralar" bu dəfə "Turan Tovuz"la bacarmadı. Sumqayıtda keçirilən görüşdə tovuzlular 3 xalı 3 qolla qazandı. Qərb təmsilçisisi gümüş medalı asanlıqla əldən verənə oxşamır.

Ümumiyyətlə, 25-ci turdan sonra turnir cədvəlindəki tablo onu göstərir ki, "Sabah" çempion "Qarabağ" gümüş, "Turan Tovuz" isə bürünc medalçı kimi avrokuboklara gedəcək. "Karvan-Yevlax" liqanı tərk edəcək. Yalnız 4-cü pilləni hansı klubun tutacağı sual olaraq qalır.

XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti