Azərbaycan futbolunda sözünü deyənlər arasında elə insanlar var ki, onlarla saatlarla söhbət etsən, vaxtın necə keçdiyini hiss etməyəcəksən.
Həmin insanlar o qədər səmimi olur ki, ona istənilən sualı çəkinmədən verə bilirsən.
Belə futbol mütəxəssislərimizdən biri də Şahin Diniyevdir.
Millimizin sabiq kapitanı və baş məşqçisi ilə görüşməzdən öncə bilirdim ki, söhbətimiz uzun və maraqlı alınacaq.
Təxminən 2 saat bir yerdə olduq və bir çox məsələlərə aydınlıq gətirdik. Daha nələrdən danışmadıq ki (futbolinfo)…
– Əsliniz Yardımlıdan olsa da, Beyləqanda dünyaya göz açmısınız. Bu köçün səbəbi nə olub?
– Əvvəlcə, ora mənim valideynlərim köçüb. Sovet höküməti vaxtında Jdanov rayonu təzə yaranmışdı. Atam da yazı-pozu adamı idi. Bu rayonda taxılçılıq, üzümçülük və pambıqçılıq geniş yayılmışdı. Onlara mühasib lazım idi. Əvvəlcə, əmim köçdü ora, sonra da atamı bu rayona gətirdi. Yardımlı da qapalı bir yer idi, həyat şəraiti yüksək deyildi. Beyləqanda isə geniş imkanlar var idi.
– Köç təxmini neçənci illərdə baş verdi?
– Səhv etmirəmsə, 1946-47-ci illər. Müharibədən sonra. Artıq 1949-cu ildə bacım dünyaya gəldi.
– Uşaqlığınız necə keçib, futbola marağınız haradan yaranıb?

– Bizim Qəhrəmanlı qəsəbəsində şəhər həyatındakı kimi əla şərait olmayıb. Əlimizdə geniş seçim yox idi. O vaxt heç idman komplekslərimiz olmayıb. Bacardığımız yalnız taxtadan qapı düzəldib futbol oynamaq idi. Bir də inandırıcı görünməsə də, biz qışda hokkey oynayırdıq. SSRİ-də hokkeyin təbliğatı güclü idi. Beyləqan kimi isti bir yerdə qışda hokkey də oynayırdıq. Şayba olmasa da, onu ağacdan düzəldirdik, bəzən də onu topla əvəz edirdik. Futbola gəlməyimin də maraqlı tarixçəsi var. Ümumiyyətlə, həyatımda zərurətdən doğan təsadüflər çox olub. Bir gün mənim böyük qardaşım qatarla Bakıya gələndə təsadüfən bir məşqçi ilə kupedə yol yoldaşı olub. Söhbət mənim gələcək məşqçim Vladimir İvanoviç Qalaktionovdan gedir. Qardaşım ona deyib ki, balaca qardaşım da çöldə-bacada futbol oynayır, Qalaktionov da sözgəlişi cavab verib ki, gətir baxaq… Bax, belə mən Bakıya gəldim. Yeri gəlmişkən, Qalatkionov hələ də yaşayır, 87 yaşı var. Rusiyada məskən salıb, amma hələ də əlaqələrimiz var. Hətta yaxınlarda mənə keçmişdə oynadığmız oyunların protokollarını da yolladı. Bir sözlə, isti avqust günlərində Bakıya gəlib indiki Bakıxanov qəsəbəsindəki idman təmayüllü internat məktəbinə yazıldım. Birinci məni baxışdan keçirdi, bir-iki gündən sonra qardaşıma dedi ki, qoy qalsın. Peşəkar karyerama qədər də internatda futbolun sirlərinə yiyələnmişəm. Əsasən Bakı birinciliyində oynayırdıq.
– İlk peşəkar komandanız isə Mingəçevirin “Avtomobilçi” komandası olub. Ora necə düşdünüz?
– O vaxt SSRİ-də müxtəlif yaş kateqoriyasında turnirlər keçiririlirdi – “Gənclik” və “Ümid” kubokları. Mən hətta həmin vaxt 16-17 yaşlılardan ibarət millimizə də düşmüşdüm. Həmin dövrlərdə Bakıda “Ümid” Kubokunda çempion olduq – orada Ukrayna və Rusiya milliləri də oynayırdı. Ümumiyyətlə, tarix ərzində iki dəfə bizim millimiz bu kubokun sahibi olub. Birində Səməd Qurbanov oynayırdı, digərində isə mən. Həmin vaxt klublardan gəlib baxırdılar, oyunçu götürürdülər. Məni də Anatoli Banişevski bəyəndi. O vaxtdan Mingəçevirə getdim…
– Daha sonra Bakıya köçüb “Gənclik” komandasının şərəfini qorudunuz…
– Mingəçevirdə gözəl bir mövsüm keçirdim və mənə Bakıdan təklif gəldi. “Gənclik” “Neftçi”nin farm-klubu kimi yaranmışdı. Perspektivli uşaqları bura yığıb sonradan “Neftçi”yə cəlb edirdilər. Ağasəlim Mircavadov da orada idi, baş məşqçimiz Tofiq Abbasov idi. Mən futbolun nizam-intizam tərəfini orada öyrənmişəm. Daha sonra “Neftçi”yə keçdim və bu komandanın əvəzedicilərində oynadım. Həmin vaxtlarda da əsgərlik çəkdim və matros kimi fəaliyyət göstərdim. Maraqlıdır ki, həmin vaxt bizi Türkmənistandakı Krasnovodsk, indiki Türkmənbaşı şəhərinə apardılar. Bizim hərbi hissə orada yerləşir. 3 gün adı ilə ora getdik ki, komissiyadan keçməliyik. Ora da ancaq səhralıq, dəniz və qumluq. Aramızda da bir neçə futbolçu var idi: Nadir Əliyev, Alik Rəhimov, Elxan Həsənov və bir erməni. 1 aydan sonra bizi qaytardılar və “Neftçi”nin əvəzedicisində oynamağa başladıq. Hətta Moskva “Torpedo”sunu 1:0 hesabı ilə məğlub etdiyimiz oyunda yeganə qolu uzaqdan dəqiq zərbə ilə mən vurdum. Daha sonra Xarkov “Metallist”inin əvəzedicilərini 2:1 hesabı ilə məğlub etdik. O oyunda da iki məhsuldar ötürmə etdim, birini Səmədağa Şıxlarov vurdu, digərini Şakir Qəribov. O vaxt “Neftçi”də baş məşqçi Vyaçeslav Solovyov idi. Məni əsas komandaya cəlb etmək istədiyini dedi və 18:00-da məşqə gəlməli olduğumu söylədi. Bunlar da Kiyev “Dinamo”su və Moskva “Spartak”ı ilə səfər oyunlarına yola düşməyə hazırlaşırdılar. Mən də əsas komandayla birgə uçmalı idim. Həyatımın bəlkə də ən böyük səhvini orada etdim. Şoka düşdüm, səhərə qədər yatmadım. O vaxt Asif Əliyev mənə “Adidas” butsını verib, mən də sevincimdən uçuram. Onu da qoyub başımın altına yatmışam. Mən sevincimdən bazaya tez gəldim, saat 4-ün yarısında. Əvəzedici komandanın baş məşqçisi məni görüb öz məşqlərinə saldı. Məşqdən çıxanda Solovyov məni əvəzedicilərin arasında gördü və başını yelləyərək “istəmirsən, istəmə” dedi. Amma bu, mənim günahım deyildi. Taledir də, baş verdi. Amma mən buna görə incidim. Nəticədə yarım mövsümdən sonra Gəncəyə üz tutdum.
– “Kəpəz”də necə çıxış etdiniz?
– Orada ən yaxşı illərimdən birini keçirmişəm. Yaxşı oynayırdıq, azarkeşlərimizin dəstəyi böyük idi. İndiyə qədər də “Kəpəz” mənim üçün doğmadır, bu klub mənə çox şey verib.
– Sonra “Nistru”…

– Mən “Kəpəz”də oynayanda qayda belə idi ki, hər futbolçuya ya ev verirdilər, ya da instituta qəbul olmağı təmin edirdilər. O vaxt da orada ən “bərkgedən” təhsil olacağı Texnologiya İnstitutu idi. Çox futbolçuları da ora salırdılar. O vaxt mən Bədən Tərbiyəsi İnstitutunda oxuyurdum deyə buna ehtiyacım yox idi. Kiçik bacım üçün Tibb Texnikomunu xahiş etdim. Dedilər “yaxşı, problem deyil”. Nə isə, bacım gəldi, imtahandan kəsildi, onu qəbul etmədilər. Mən artıq içimdə qırıldım. O vaxt da rayonda qəribə baxırdılar da, kimsə gedib imtahandan kəsilib qayıdıb. Halbuki, bacımı imtahansız qəbul edə bilərdilər. Mən də bunu görüb dedim ki, artıq Gəncədə qalmayacağam. O vaxt İdman Komitəsindən icazəsiz heç yerdə oynaya bilməzdin. Mən də küsüb Bakıya qayıtdım. Fikirləşdim ki, oynamayacağam. Günlərin bir günü bulvarda gəzişərkən İsgəndər Cavadovun həyat yoldaşına rast gəldim. Mən İsgəndərlə həm “Neftçi”nin əvəzedicisindən, həm də “Kəpəz”dən tanış idim. O, “Nistru”ya Gəncədən getmişdi. Nə isə, yoldaşı məndən soruşdu ki, “sən burada nə gəzirsən”, haqq-hesabı danışdım. Mənə evlərinin nömrəsini verdi ki, 2-3 günə mənə zəng edərsən. Zəng etdim, dedi ki, tez bilet al, Kişinyova uçmalısan. Təəccübləndim, dedi “İsgəndərlə danışmışam, səni çağırırlar”. Amma sənədlərim Bakıda idi. Moldovada məni yüksək səviyyədə qarşıladılar, Əhməd Ələsgərov mənə dedi ki, haqqında məlumatımız var və s. Amma yenə də geniş informasiyaları yox idi, amma belə izləmə imkanları mövcud deyildi. İsgəndərin məsləhəti ilə mənə dəvət göndərmişdilər. Həmişə buna görə Cavadova minnətdar olmuşam. Deməli, uzun müddət məşq etmirəm, burada 2 gün məşqə çıxandan sonra “Styaua” ilə yoldaşlıq görüşü keçirməli idik. Buxarest klubu da həmin illərdə Çempionlar Kubokunu qazanmış bir komanda idi. Onlar Moldova ilə yaxındır deyə gəlib-gedirdilər. Avqustda 1 aylıq fasilədə bu oyunu keçirdik. “Nistru”nun oyunçuları sarışın, çoxu Ukrayna və yaxın postsovet məkanından idi. Bunların arasında yeganə qara futbolçu mənəm. Çox yaxşı oynadım. Tribunada da Moldova Partiya Komitəsinin birinci katibi də əyləşib. Mənim oyunumu izləyəndən sonra deyib ki, “Əhmədi bura çağırın”. Ələsgərovdan soruşub ki, bu kimdir, o da deyib ki, “Afrikadan gətirmişik, Kamerundandır”. Göstəriş verdi ki, onu komandaya götürün. Bu da Əhmədə ləzzət elədi. Deyib ki, “yaxşı mən danışaram, amma bilmirəm, qalar, ya qalmaz, çünki buna başqa komandalardan da təkliflər gəlib”. Katib dedi ki, “yox, nə istəyir verin, ev və ya maşın”… Amma yenə də problem yarandı. Mənim adımı iştirak ərizəsinə sala bilmirdilər. Çünki Bakıdan transfer vərəqimi vermirdilər. Appelyasiya Şöbəsinə müraciət etdik. Onlar da Moskvada otururdular, 9 nəfərdən ibarət bir heyət idi. “Neftçi” də araya düşdü ki, o bizə lazımdır və s. Amma boş söhbət idi, məni götürməyəcəkdilər. Bir sözlə, məni Moskvaya apardılar, dedim ki, mən Moldovada oynamaq istəyirəm. Bir sözlə, 9 nəfərdən 5-i keçidimə səs verdi və bu da kifayət etdi. Nəticədə “Nistru”da gözəl 1 il keçirdim.
– Bəs niyə orada çox qalmadınız?
– Bunun da öz səbəbləri var. Yadınızdadırsa, 1990-cı illərdə ittifaq respublikalarında “xalq cəbhələri” yaradılmışdı. İmperiya daxilində millətçilik prosesləri aktivləşmişdi. O vaxt “Nistru”dan Əhməd Ələsgərovu yolladılar və komandaya Tiraspoldan erməniəsilli İvan Danilyants adlı bir moldovalını gətirdilər. Əhmədə bağlı olan bir neçə futbolçular da getdi. Mənə Kişinyovda bir ev vermişdilər. Deməli, mənzilimdə oturmuşam, bir də gördüm ki, mənə zəng gəldi. Dəstəyin o tərəfində Əhməd Ələsgərovun həyat yoldaşı idi. Məni evlərinə çağırdı və dedi ki, “bütün futbolçular buradadır, komandada bir nəfər azərbaycanlı futbolçu sənsən, amma bizə gəlməmisən”. Yeri gəlmişkən, onda İsgəndər Cavadov artıq getmişdi. Nə isə, getdim Ələsgərovgilə. Mənə dedilər ki, “biz hamımız gedirik, sən nə fikirləşirsən?” Əlbəttə, Əhməd müəllim orada yoxdursa, mən də yoxam. Bazaya yollandım, Danilyantsla danışdım. Mənə hər cür şərait yaradacağını və hətta Rumıniya mebeli verəcəklərini dedi. O vaxt bu mebelləri futbolçulara verirdilər, onlar da onu satırdı. Açdılar müqaviləmi, gördülər ki, orada maşın, ev və Rumıniya mebeli yazılıb. Mənim də içindən xəbərim yoxdur. Bu hadisə martda olub və mənə dedilər ki, apreldə 3-ü də əlinin altında olacaq. İmtina etdim, dedim mənim yerlim gedirsə, deməli, mən də burada qala bilməyəcəyəm. Hətta komandada rusiyalı ilə ukraynalı da qalmırdı. Çox təkid etdilər, razılaşmadım. Nə isə, mənzilimə qayıtdım və mənə zəng gəldi ki, təcili Voronejə uçmalısan… Getdim “Fakel”də oynamağa. Əhməd Ələsgərov mənə demişdi ki, “sən get, mən də ora gələcəyəm”. Bu komandanın Leonid adlı yaxşı bir təcrübəli baş məşqçisi var idi. Məni yaxşı qarşıladı, amma özü də bilirdi ki, yerini Əhməd Ələsgərova təhvil verəcək. Elə oldu ki, Əhməd müəllimi hava limanında qarşılamağa getdi, orada ona dedi ki, “sənə hər yerdə iş tapılacaq, amma sən bura gəlsən, mən işsiz qalacağam”. Ələsgərov da onun sözünü yerə salmadı, geri qayıtdı, amma ona dedi ki, “Şahini sənə tapşırıram”. Yarım mövsüm də “Fakel”də oynadım.
– Sonradan yenə Gəncəyə qayıtdınız. Onda “Kəpəz”in baş məşqçisi kim idi?
– Əhməd Ələsgərov məni yanına çağırdı, düşünmədən qayıtdım. Amma onu da deyim ki, “Fakel”in baş məşqçisi mənə demişdi ki, sən vətənə qayıtma, buradan səni Yuqoslaviyaya legioner həyatı yaşamağa yollayacağam. İmtina etdim, dedim ki, ailəsiz qala bilmərəm. Razılaşsaydım, Azərbaycanın ilk legioneri olacaqdım. Doğrudur, sonradan da ilk legioner olmuşam, amma bu daha tez baş verə bilərdi.
– Sonra da “Terek”ə keçdiniz…
– Gəncədə 1 mövsüm oynadım. Elə oldu ki, orada mənə maşın verdilər, sonra da onu əlimdən aldılar. Dedilər ki, bunu başqasına verib, sənə başqa avtomobil gətirəcəyik. “VAZ-2108”i alıb “QAZ-24” söz vermişdilər. Bildim ki, aldadırlar, amma yenə də gətirib qaytardım. 1 ay demişdilər, 3 ay keçdi, heç nə vermədilər. Sonra Əhməd Ələsgərov “Neftçi”yə getdi, məni də çağırdı, amma mən ora yollanmadım. Həmin vaxt Qroznıya Haydar Alxanov məşqçi kimi gəlmişdi, Bakıdan futbolçu axtarırdı, elə oldu ki, adam mənə çıxış tapdı. Ora yolum məhz belə açıldı…
– Bəs İsraildən təklifi necə aldınız?

– Bu da təsadüfdən yaranan bir zərurət idi. Deməli, “Terek”də ilin futbolçusu seçildim. Təsəvvür edin ki, Çeçenistan prezidenti Cövhər Dudayev toyumda mənə “Mersedes” markalı avtomobil hədiyyə etdi. O vaxt Bakıda demək olar ki, “Mersedes” yox idi. Çeçenistanda ilin idmançısı siyahısında da ikinci yeri tutmuşam. Hətta güləş və ağırlıqqaldıran olimpiya çempionlarını qabaqlamışam. Yaxşı oynayıb etibar qazandığıma görə nə qədər azərbaycanlı futbolçunu Qroznıya aparmışam. Vidadi Rzayev, Ruslan Hüseynov, Xaliq Mərdanov… İsrail variantı da orada yarandı. Bir gün Sankt-Peterburqda yerli “Dinamo” ilə oyundan qabaq oteldə otağıma ucaboy kişi daxil oldu və mənimlə Vidadidən soruşdu ki, “siz xaricdə oynamaq istəyirsiniz?” Moskvada yaşayan çeçen idi, bizi İsrailə aparmaq istəyirdi. İki həftə sonra Moskvaya səfərimizdə yenə bizimlə görüşdü və İsrailə bilet aldığını söylədi. Bizim oyunumuz var, amma dedi ki, “yox, sabah uçmalısınız”. Məşqçimiz olan və indiyə qədər dostluq etdiyim və ömür boyu minnətdar olduğum Haydar Alxanova yaxınlaşdım və dedim ki, “belə bir variantım var, həyatda bir şansım var, icazə ver, bundan istifadə edim”. Birinci narazlıq etdi, başa saldım ki, hər şey səndən asılıdır, başqalarının fikri önəmli deyil, imkan yaratsan, bundan yararlanardım… Ondan sonra hətta mən “Terek”ə məşqçi kimi yollananda bu təsirli sözümü mənə xatırladır. Nə isə, imkan yaratdı. Biz Vidadi ilə Moskvadan İsrailə yollandıq. Sən demə, orada bizə konkret hansısa klubdan təklif yox idi. Sadəcə, klubların düşərgəsinə gedib baxışdan keçirdik. Biri Vidadini bəyənirdi, məni bəyənmirdi, digəri məni bəyənib Vidadini bəyənmirdi. Heç biri bizi bir yerdə götürmək istəmirdi. Biz də o vaxt bilmirdik ki, baxış nədir, elə bilirik ki, burada qalacağıq, sonra başqasına yollanırdıq. Axırda Vidadi ilə belə qərara gəldik ki, burada qalmayacağıq. Bizə bilmirəm, bir həftəlik, ya 10 günlük gedib-qayıtmaq bileti almışdılar. Axırıncı gün məni bir komanda istədi, danışqlara gəldi. Mən də qərar vermişəm ki, yox, qayıdıram. Bunlara elə qiymət deyirdim ki, çıxıb getsinlər, daha məndən imtina etsinlər. Bunlar da “Terek”dən aldığımın 10 qatını mənə təklif edirdilər. Mən də deyirdim ki, “bu, mənim üçün çox azdır”. Gedirdilər, qayıdırdılar, bir neçə də dəfə gedib qayıtdılar, qiyməti qaldırırdılar. Mən də başa düşmürəm ki, bizim səfərimizi təşkil edən Sultan adlı çeçen pul xərcləyib, borca giriblər və mənim ora keçidimdən qazanmaq istəyir. Mən də bunu pis vəziyyətə qoyuram. Axırda israilli agent mənə başa saldı ki, geri qayıtsan, Sultanın bütün xərcləri puç olacaq, adam evini girov qoyub. Axırda gecə saat 12-də gəldilər, daha artıq pul təklif etdilər. Daha doğrusu, 3500 dollar. İndi o pul bizim 35000 dollarımıza bərabərdir. Həqiqətən də yüksək maaşdır. Mən o pula Baklda bir ev aldım. Məsələ ondadır ki, yenə də “azdır” dedim və nəhayət 4000 dollarda dayandılar. Axırda Sultan özü mənə ağız açdı ki, bu qədər xərcə düşmüşəm. Razılaşdım, amma fikirləşdim ki, gedim Moskvaya, daha qayıtmayım. O vaxt mənə çatmırdı ki, müqavilə imzaladınsa, deməli bitdi, gəlib oynamaılısan. Mən isə ona kağız kimi baxırdım. Vidadi ilə gəldik, artıq o İsrailə qayıtmayacaqdı. Məni transfer etmək istəyən komanda onu yox, məni seçmişdi. Amma elə komandalar da var idi ki, Vidadini saxlayırdı, məni yox. Nə isə, viza aldım və nəticədə mənim İsraildə 4 illik macəram başladı. İlk komandam da “Hapoel Taybe” klubu oldu.
– Ora Samir Ələkbərov da gəldi…
– Samirin də maraqlı gəlişi oldu. Orada bir agent var idi, mənə dedi ki, sən burada yaxşı oynayırsan, “Makkabi Petax-Tikva”ya da yaxşı bir hücumçu lazımdır, onu Azərbaycandan gətirmək pis olmazdı. Nazim Süleymanov və Vəli Qasımovun xaricdə artıq klubları var idi, Samir də kənarda oynaya bilərdi. Onu məshələt bildim. Dedim ki, bizim Trabzonda sizə qarşı oyunumuz var, gəlin orada Samirin oyununu izləyin”. Bunların prezidenti də mənimlə birgə Trabzona gəldi. Baxdı, bəyəndi, indi də Fuad Musayevlə danışmaq lazım idi. AFFA prezidenti ilə görüşdüm və onu razı saldım. Elə Samir də Trabzondan İsrailə uçdu. Samir orada 6 ay oynadı.
– Ümumiyyətlə, İsrail həyatınız necə keçdi?
– Sovet sistemindən çıxıb nağıllar dünyasına düşmüşdüm. Hər şey peşəkar səviyyədə təşkil olunmuşdu. Paltarımıza qədər yuyurdular, ütüləyirdilər. Bizdə isə isə belə bir şeylər yox idi, hər şeyi özün edirdin. Maaş, baza, stadion, azarkeş – hər şey mükəmməl idi. Öz evim, öz eşiyim. Ailəmi də özümlə ora apardım.
– Bir müsəlman kimi sizə necə yanaşırdılar?
– Qətiyyən problem yox idi, mənim ilk komandam İsrailin ərəblər yaşayan şəhəri idi.
– Oradan hara keçdiniz?
– Təl-Əvivin “Beytar” klubuna. Yerusəlimlə (Qüds) yanaşı, Təl-Əvivin də “Beytar”ı var idi.
– Mən eşitdiyimə görə, yəhudilərlə də qohumluğunuz var…
– Soyadıma görə mənə gah çeçen, gah ləzgi, gah da yəhudi deyirlər. Mənim bu millətlərin heç biri ilə bağlılığım yoxdur. Ümumiyyətlə, mənim nəslim seyid nəslidir. Anam tərəf də Yardımlıdandır, bura ilə də İsrail arasında heç bir əlaqə yoxdur. Mənim babamın babasının adı Mirdini olub. Sovet gələndə Miri yığışdırdılar, dini sözünü saxladılar. Yarı nəslimiz Əliyev soyadını götürüb, yarısı da Diniyev.

– Sonra İsraildən Bakıya qayıtdınız…
– Orada ciddi zədə aldım. Mövsüm bitdi, Qrişa Tsveka adlı bir yəhudi agentim var idi, mənə varlı bir klubdan təklif gəldiyini söylədi. Mən də belimdə dəhşətli ağrılar var idi. Otura bilmirdim, ya uzanırdım, ya da ayaqüstə gəzirdim. Agentim mənə dedi ki, klubun prezidenti sənin oyununu o qədər çox bəyənir ki, hətta formanı geyinib bir dəfə məşqə çıxmağına da razıdır. Sonra evə get, müalicəni al, sağalıb gələrsən. Astronomik məvacib təklif edirdilər. Razılaşmadım, çünki butslarımı geyinə bilmirdim. Güclə məni ora gətirdi, hətta butslarımı da geyindirdi. Topu qarşılayanda elə ağrı tutdu ki, yerə oturdum. Sinir məni heç nə etməyə qoymurdu. Klubla da müqavilə imzalaya bilmədim. O zədə karyeramın bitməsinə səbəb oldu. Çalışdım “Dinamo”da Novruz Əzimova oyunçu kimi bir az kömək edim, amma alınmadı.
– Milli komanda karyeranızı necə dəyərləndirərdiniz? 15 oyun keçirmisizin, hətta kapitan olmusunuz…
– Hər bir futbolçu və məşqçi üçün milli komandada olmaq pik nöqtəsidir. Milli bizim qürur yerimizdir. Təəssüf ki, futbolçu kimi millinin pis vaxtına düşmüşük. Pis deyəndə ki, şəraitsizlik idi. Hərdən Vəli də, mən də, Nazim də bileti özümüz alıb gəlirdik. Çətin dövrlər idi. Komandamızın yaxşı futbolçuları var idi, amma taktikadan uzaq idik. Amma bu da ömrümüzə yazılan səhifədir və mən bunu qürurla daşıyıram. Millinin kapitanı olmaq da şərəflidir. Məğlubiyyətlərimiz qələbələrdən çox olub. Epizodik uğur kimi İsraillə qolsuz heç-heçəni göstərmək olar və s. İsveçrəni isə məndən sonra məğlub ediblər. Qələbəni yoldaşlıq oyunlarında görmüşəm.
– Fransa millisinə 0:10 hesablı məğlubiyyətimizdə meydanda olmusunuz. Həmin matçda hansı hissləri keçirdiniz?
– O vaxt rəqiblər haqda belə informasiyaya malik deyildik. Biz bilmirdik ki, Fransa necə komandadır. Kantona kimi oyunçuların məharətinə tam da bələd deyildik, fikirləşirdik ki, çıxıb oynaya bilərik. Komandada qətiyyən həyacan yox idi, ilk dəqiqələrdən hücuma atılırdıq. Qapansaydıq, daha az hesabla məğlub olacaqdıq. İnformasiyasız olduğumuza görə rəqibdən çəkinmirdik. Böyük məğlubiyyət olsa da, həm də böyük dərs idi.

– Məşqçi kimi ilk işiniz U-16 millisində oldu.
– Müsahibə əsnasında futbolçu kimi inkişaf etməyimdə Qalaktianova, Banişevskiyə və Alxanova təşəkkür etdim. Məşqçilik fəaliyyətimə başlamağımda isə mərhum Fuad Musayevə minnətdaram. O, zədəyə görə karyeramı bitirəndən sonra mənə U-16-da köməkçi məçqçi vəzifəsini təklif etdi. Onda bu komandanı Vaqif Paşayev çalışdırırdı. 4-5 ay işlədikdən sonra U-16-nın baş məşqçisi oldum. O vaxt da millinin baş məşqçisi Vaqif Sadıqov idi, gəlirdi, oyunlarımıza baxırdı. O mənə baş məşqçiliyi təklif etdi, dedim ki, buna hazır deyiləm. Məni buna razı salmaqda məhz onun böyük rolu oldu. Beləcə U-16, U-18, U-21 və nəhayət ki, milli komanda…
– “Şəfa”da da işləmisiniz…
– U-18-in farm-komandası kimi çempionatda oynayırdıq. Millidəki oyunçular çempionatda da oynayırdı…
– Sonradan “Terek”ə məşqçi kimi yollandınız. Sizi ora Alxanov çağırdı?

– Həmin ərəfədə qəza keçirdim və həyat yoldaşımı bu qəzada itirdim. Həyatdan küsmüşdüm. Qəza nəticəsində qabırğam da qırılmışdı, yorğan-döşəkdə yatırdım. Sağ olsun, federasiya, işləməsəm də, maaşımı Ramiz Mustafayev həmişə evə gətirirdi. Axırda ona dedim ki, mən daha işləmirəm, niyə maaşı gətirirsən ki?! Noyabr ayında qəzaya uğramışdım, haradasa yeni ilə yaxın evə zəng gəldi. Gördüm ki, Haydar Alxanov, belə hal-əhval soruşdu. Dedi ki, “sən məni təbrik edə bilərsən, bu dəqiqə Putinin qəbulundan çıxıram və o məni Çeçenistan Respublkasının gənclər və idman naziri vəzifəsinə təyin etdi”. Ailəlikcə bir-birimizə qonaq olduğumuzdan, o mənim həyat yoldaşımı soruşdu, dedim ki, “yoxdur həyatda”. Nə isə, o da telefonu qoydu, mən də telefonu qoydum, danışa bilmədim. Sabahı gün axşam yenə mənə zəng etdi və hər şeyi öyrəndiyini söylədi. Məndən Kislovodska gəlməyimi xahiş etdi, səbəbini demədi. Dedim ki, “gəzə bilmirəm, addım atmaqda çətinlik çəkirəm”. Dedi ki, “sənin arxanca maşın da yollayacağam”. O biri gün yenə zəng edib dedi ki, “elə etmə ki, gəlib səni özüm götürüm”. Axırda 14 günlük sanatoriyada müalicə adı ilə məni razı sala bildi. Düzü, getmək üçün o pulum da yox idi. Utanmaq lazım deyil. Amma özümü toparlayıb ora qədər taksi ilə getdim. Mənə Dağıstanda gözəl şəraiti olan sanatoriyada yer ayırdı. Hər gün də mənə baş çəkirdi. Sona yaxın dedi ki, “Terek”i bərpa etmək lazımdır, Qroznıda futbolu canlandırmaq siyasi gedişdir, indi sən mənə kömək etməlisən, komandaya hər gün futbolçular gələcək, onlara məşq keç”. Kiçik bir yerdə iki futbolçu ilə məşqə başladıq, günbəgün sayları artdı. Futbolçuların sayı 12-yə çatanda Alxanova dedim ki, “mən köməkçi məşqçi olacağam”. Zaman keçdi, onların sayı 26-ya yüksəldi. Mənə dedi ki, istəyirəm komandanı sən çalışdırasan. İmtina edirdim, deyirdim ki, indiyə qədər ancaq gənclərlə işləmişəm, sən isə Çeçenistanın bir nömrəli komandasını mənə həvalə edirsən. Hazır deyildim. Axırda ikinci kimi razılaşdı. İndi evə baş çəkmək üçün geri qayıtmalıyam, müalicə üçün gəlmişəm axı. Alxanov mənə paketdə pul verdi, mən də elə bilirəm ki, məktubdur. Bakıya gəlib uşaqlara baş çəkəndən sonra yenidən ora qayıdanda, gördüm ki, yenə də baş məşqçi yoxdur. Hər gün deyirəm ki, məşqçi gətir, xeyri yoxdur. Soçiyə təlim-məşqə yollananda mənə Moskvadan məşqçi gətirəcəklərini söylədi. Gətirdi. Bu da kim olsa, yaxşıdır? İqor Netto. Adam oturub məşqlərimizi kənardan izləyir. Axırda bizi üzləşdirdi, mən də sevinirəm ki, axır ki, yük üstümdən götürüldü, ona minnətdarlığımı bildirirəm. Axırda Netto dedi ki, “Xaydar, sənin hazır məşqçin var, mən onun məşq üslubunu bəyənirəm, sənin başqa məşqçiyə ehtiyacın yoxdur”. İndi mən İqor Aleksandroviçə yalvarıram ki, siz nə danışırsınız, hara gedirsiniz, mən baş məşqçi ola bilmərəm”. Adam dedi ki, “yox, mənə bilet alın, qayıdıram”. Beləcə baş məşqçi kimi təsdiqləndim. Kubokda ilk oyunumuz Anquşun “Nazran” komandasına qarşı idi. “Neftçi” ilə “Ararat” arasında necə prinsipiallıq varsa, çeçenlərlə inquşların komandası arasında da gərginlik pik həddə idi. Səfərdə 15000 adamın qarşısında meydana çıxdıq. İnquşetiyanın prezidenti Ruslan Auşevlə Çeçenistanın rəhbəri Axmat Kadırov da tribunada görüşü izləyir. Biz bu oyunda 2:1 hesabı ilə qalib gəldik. Oyundan sonra Kadırov düşüb məni qucaqladı və “sən məni biabırçılqdan xilas etdin” dedi. Bir sözlə, nəticələrimiz yaxşı oldu. II Liqada 2-3-cü yerdə gedirdik.
– Bəs niyə vətənə qayıtdınız?
– Uşaqlarıma görə qayıtdım. Onlar anasız böyüyürdü. Artıq başqa yollara girişirdilər. Hiss edirdim ki, övladlarımı itirə bilərəm. Tərbiyələri ilə məşğul olmalı idim. Coşqun bir qədər “dələduz” idi. Dostları arasında bıçaqlama hadisələri olurdu. Ya karyeranı seçməli idim, ya da uşaqları. O vaxt qaıydanda Mineralnı Vodı “Lokomotiv”ini səfərdə 5:0 hesabı ilə məğlub etdik. Son 6 oyunda qələbə qazanmışdıq. Rostovun OİK klubundan sonra 2-ci yerdə idik.
– “Qarabağ”a gəldiniz?
– Bir zaman keçdi. Məni bu kluba rəhmətlik Adil Nadirov dəvət etdi. O vaxt “Azərsun” ayrı komanda idi, səhv etmirəmsə, orada Şahin Şahhüseynli işləyirdi. Sonra onu birləşdirdilər. Komandanı 0-dan yığmağa başladıq. “Qarabağ-Azərsun”un ilk məşqçisi mən olmuşam.
– Sonradan yenidən “Kəpəz”ə qayıtdınız, bu dəfə məşqçi kimi…
– “Qarabağ”da 3-cü yeri tutub avrokuboklara vəsiqə qazandıq və bəzi səbəblərə görə bu klubu tərk etdim. Həmin insanlar indi “Qarabağ”da işləyir deyə mən bu səbəbləri açıqlaya bilmərəm.

– Ümumiyyətlə, “Kəpəz”də ikinci dönəm işlədiyiniz vaxt klubda maliyyə yeyintilərinin olması ilə bağlı söhbətlər yayıldı. Hətta buna görə Mikayıl Nərimanoğlu da vəzifəsindən kənarlaşdırıldl. Həmin məsələlərə aydınlıq gətirə bilərsiniz?
– Birincisi, mənim maliyyədə heç bir işim olmayıb. İkincisi, maliyyə AFFA tərəfindən hesaba köçürdü. Belə söhbətlər həmişə olub. Deyirdilər ki, 17 futbolçunun maaş kartı Şahin Diniyevdə olub. Bu, mümkün deyil. Sən hansısa futbolçudan 1-2 manat ala bilərsən? Heç olmasa, 1-2 kart desinlər, 17 futbolçunun kartını necə ələ keçirə bilərəm axı? Bir futbolçu gəlib desin ki, mən kartımı 1 saatlığa olsa da, Şahin müəlimə vermişəm. Bu, bizə qarşı kampaniyadır. Biz 1 milyonluq büdcə ilə “Kəpəz”i avrokuboklara daşıyıb mərhələ keçdik. Hansı oğurluqdan danışmaq olar? O vaxt “Kəpəz”in sponsoru yox idi, pulu AFFA ayırırdı. O vaxt Elxan Məmmədov pulların hara getdiyini bilmirdi ki? Maliyyə işləri ilə komandanın meneceri məşğul olurdu. Burada nə Mikayılın, nə də Şahinin günahı var idi. Sadəcə uğurlarımızı gözü götürməyən insanlar var idi. Mən baş məşqçi kimi heç vaxt pula qarışmamışam. Kimdən istəsəniz soruşa bilərsiniz. Bunu “Səbail”dən də, başqa klublardan da soruşa bilərsiniz. Mənim bir prinsipim var, futbolçuları qorumaq və onların vaxtında maaşını almasını təmin etmək!
– Elə “Səbail”dən söz düşmüşkən, karyeranızda çalxalanan klublardan biri də məhz “Səbail” idi. Bəs bu klubda fəaliyyətiniz niyə alınmadı?
– Alınmadı deməzdim. Mən “Səbail”i götürəndə, bu komanda “Şamaxı”dan 3 xal geridə idi. Bizim hədəfimiz onları Premyer Liqada saxlamaq idi və bunu bacardıq. Çempionatı da “Şamaxı”dan 4-5 xal öndə başa vurduq. Bu heyətlə bunu edə bilərdik. Mən gələndən sonra komandaya cəmi 2 futbolçu götürmüşdüm. Bu gün mətbuat nə eşitdisə, faktsız-filansız yazır. Deyirdilər ki, “Səbail”in büdcəsi aşır-daşır, elə deyildi, biz çempionatda büdcəyə görə 7-8-ci yerlərdə idik. Kimsə deyirdisə ki, ASCO böyük pullar xərcləyirdi, yalan söhbətdir. Bizdə ən çox maaş alan futbolçu cibinə ayda 10-11 min dollar qatlayırdı. Bu da 3-4 nəfər idi. Sonra mən 0-dan komanda yığdım. Biz hətta 2-ci yerdə gedirdik. Bizim ən böyük problemimiz 12-ci turdan başladı. “Turan Tovuz”u məğlub etdiyimiz oyunda 6 futbolçumuz sıradan çıxdı. Ağabala Ramazanov və digərləri… Yanvarda biz təlim-məşq toplanışına başlayanda əlimin altında 11 futbolçu var idi. Buna baxmayaraq, komanda yenə də öz oyununu oynaya bildi. Bəzi səbəblərdən biz son turlarda mövqeyimizi itirdik və avrokuboklardan kənarda qaldıq. Bu da geriləməmizə səbəb oldu. Nəticədə komandanın büdcəsi azaldıldı. Başa düşdüm ki, komandada qalmağım doğru deyil. Orada pərdəarxası oyunlar getdi, bu da futbolun içində olan proseslərdir. Kimin nə danışdığını bilirəm. Orada qalmaq mənim imicimə zərbə idi. Mənim üçün istefa mədəniyyəti deyilən bir anlayış var. Qoyub çıxıb getdim. Məni indiyə qədər heç kim istefaya göndərməyib. Həmişə özüm getmişəm.
– Bəs milli komandanın baş məşqçisi kimi Şahin Diniyevin ən böyük uğuru nədir?
– Böyük turnirlərin final mərhələsinə çıxmamışıqsa, hansısa uğurdan danışmaq doğru deyil. Sadəcə, mən çalışmışam ki, nəsə fayda verim. O vaxt millidə yaşlı futbolçular çox idi, mən gənc oyunçuları yığmaya dəvət etmişəm. Nəticələrə baxsanız, biz pis oynamamışıq. Türkiyə ilə 1:1, Ukrayna ilə 0:0, Moldova ilə 1:1, Finlandiya ilə 1:0… Amma milliyə həmişə təzyiqlər var idi, hətta klublar belə təzyiq göstərirdi. Hansısa klublar futbolçularını buraxmaq istəmirdi, hansısa futbolçular milliyə gəlmək istəmirdi. Biz seçmə mərhələdə yaxşı nəticələr qazanırdıq, amma Serbiya millisinə Bakıda 1:6 hesabı ilə məğlubiyyətdən sonra anladım ki, burada qalmaq mənasızdır. Amma ümumilikdə milli karyeramın pis keçdiyini düşünmürəm.

– Rəşad Sadıqovu milliyə çağırmamaq… Belə söhbətlər də olub.
– Bəli, olub, amma artıq bunlar keçmişdə qalıb. Komanda Ukrayna yığmasına 0:6 hesabı ilə uduzursa, burada ya məşqçi getməlidir, ya da oyunçuları dəyişmək lazımdır. Burada Rəşad Sadıqovda günah axtarmaq lazım deyil. Rəşadla Şahini üzbəüz qoymaq doğru deyil. Orada bir çox futbolçu heyətdən kənarda qaldı. Federasiya məşqçiyə inanırsa, orada məşqçi hansısa dəyişikliklərə getməli idi. Mən də buna getdim. Millidə qan dəyişdim, komandaya yeni nəfəs gətirdim. Onsuz da bu oyunçularla final mərhələsinə yollana bilməyəcəkdik. Doğrusu, ərizəmi yazıb gedirdim, federasiya qoymadı. Bu məsələni şişirtmək kimlərəsə lazım idi, onu da etdilər. Rəşad 15-16 yaşından mənim əlimin altında oynamağa başlayıb. Söhbət Rəşaddan getmirdi.
– Rəşadda sizə qarşı inciklik olmadı?
– Problem ikimizin arasında yaranmadı, qıraqdan aləmi qatdılar. İndi görüşürük də, salamlaşırıq da. Bir-birimizə hörmətimiz var. Coşqun da, Kərim də onun başçılığı altında oynayıb. Bir şey olsaydı, bu baş verməzdi. Rəşad bu səviyyəyə düşəcək adam deyil. Sadəcə, kimlərsə aranı qatdılar. Mən demirəm ki, 100 faiz mən haqlıyam, yox, mənim də səhvlərim var.
– Sergey Sokolov da sizin dövrünüzdə milliləşdirilib. Bunun təşəbbüskarı kim olub?
– Mən milliyə məşqçi gətiriləndə, çempionatda legioner limit 8+3 idi. Seçim az idi. Əsasən yerlilər qapıçılar idi. Qalırdı 2 yer. Öncə də dedim ki, Ukraynaya ağır məğlubiyyətdən sonra hansısa dəyişikliyə getməli idim. Məcbur olduq ki, bəzi futbolçuları milliləşdirək. Mən bu proses baş verəndə açıqlama vermişdim ki, bütün bunlar müvəqqəti haldır. Biz öz uşaqlarımızı bura gətirənə qədər milliləşdirilənlərin sayı azalacaq. Sonuncu oyunumuzda bizdə 2 legioner oynayırdı. Sayları azalmışdı. O vaxt Ernani Perreyra, Yuri Muzika və Andre Ladaqa kimi oyunçular milliləşdirilmişdi. Sokolovu da mən seçmişəm.
– Bu günə qədər onunla əlaqəniz var?
– Sokolovla yazışırıq. Yaxşı uşaqdır. Gəncədə oynayırdı, mənə uyğun gələn oyunçu idi.

– İllərdi deyirdiniz ki, futbolumuz get-gedə daha pis vəziyyətə düşəcək. Bunu necə hiss edirdiniz?
– Problemi görəndə bunu dilə gətirmişəm. Futbolun içində olan adam hər şeyi görür. Mən limit yığışdırılanda da bunun bizim üçün zərbə olduğunu dedim. Görəcəksiniz, 1-2 ildən sonra bunun böyük fəsadları olacaq. Artıq indidən görünür. Yalandan hər şeya “əla” demək olmaz. Mən Azərbaycan futbolunun yaxşılığı üçün deyirəm. Görün legioner nə qədərdir, yerli nə qədər?! Bəziləri deyir ki, limitin ləğvi ona görə yaxşıdır ki, yerlilər rəqabət apara biləcək. Baxın görün klublar nə nəticə göstərir, milli nə nəticə verir. Azərbaycan futbolunu milliyə görə tanıyırlar. Xəbəriniz varmı ki, bu gün futbola axın dayanıb. Uşaqlar bilir ki, gedib Premyer Liqa klublarına düşə bilməyəcəklər, həvəsdən düşür. Uşaqlarını futbola aparan valideynlər kasıb təbəqənin nümayəndələridir. Onlar limiti görüb kənara çəkilirlər. Məsələn, bu dəqiqə Ukraynada müharibəyə görə gənc insanlar ölür. İndi bunu heç kim hiss etmir. 5 ildən sonra onların uşaqları olmayandan sonra geriləmə baş verəcək. Bizdə də limit belə fəsad yaradacaq. Şükr bizdə vəziyyət Ukraynadakı kimi deyil, sadəcə axın azaldığından oradan oyunçu gəlməyəcək.
– Kərimlə Coşqunun futbolçu karyerasından razı qaldınız?
– Deyərdim ki, hə. Doğrudur, futbolçu uşaqlarının çoxunun karyerası uğurlu alınmır, mənim hər iki övladım yaxşı yol keçdi. Hərçənd Coşqun bir az qabağa getdi.
– Bəs Kərim niyə bir az Coşqundan geridə qaldı?
– Onlar fərqli futbolçulardır. Kərim əməksevərdir, Coşqun istedadlı. Kərim bəzi komandaların baş məşqçillərinin günahına görə karyerasını tez bitirməli oldu. O bir az da oynaya bilərdi. Sadəcə ağıllı uşaq olduğundan belə vəziyyəti görüb kənara çəkildi.

– Az öncə bu məsələyə toxundunuz, mən o sualı sizə verəcəkdim. Yoldaşınızı itirdiyiniz avtomobil qəzası necə baş verdi? Təfərrüatı danışardınız…
– Bir neçə il əvvəl bu suala cavab verə bilməzdim bəlkə də. Amma zaman keçdikcə öyrəşirsən, bu öyrəşmək də çox pis şeydir. Biz toy mərasimindən qayıdırdıq. O da futbola görə oldu. Mən “Şəfa”nın oyununa çatmalı idim, amma maşını da ehtiyatla sürürdüm. Beyləqandan öz ailəm və qardaşımın ailəsi ilə qayıdırdım. Kərimlə Coşqun da maşında idi. Rayon yerində də toy günorta olur. Oyun axşam tərəfləri idi. Deməli, keçmiş Əli Bayramlı körpüsündə mənim qabağımda “İkarus” markalı avtobus gedirdi. Bu məqamda böyrümdə hərəkət edən maşın bizə çırpıldı. Bu məqamda “İkarus” dayandı. Həmin maşın da “İkarus”a dəydi. Ondan sonra heç nə yadıma gəlmir. Bir də ayıldım ki, indi “İdman TV”də işləyən Fikrət Adıgözəlli xəstəxanada başımın üstündədir. Onlar haradansa gəlirdilər, mənə baş çəkmək istəyiblər.
– Uşaqlara heç nə olmadı?
– Yoldaşım arxada oturmuşdu, Coşqun da onun qucağında. O da çox balaca idi. Qəzadan 10 saniyə əvvəl uşağı verib qardaşıma. O tərəfdə olsaydı, vəziyyət daha betər olacaqdı. Mən 4 gün komada oldum, yoldaşımın rəhmətə getməyindən də xəbərsiz oldum, onu da qəzetdən oxudum. Nə deyim, həyatdır da…
– Qardaşınız oğlu Ramil Diniyevin hakimlik karyerası haqda nə deyə bilərsiniz? Onun ümumiyyətlə, futbola gəlişi necə oldu?
– Onun hakimliyə gəlməsində Əli Hüseynovun böyük əməyi oldu. Ramil yüksək səviyyədə futbol oynaya bilmədi. Gördüm bundan heç nə alınmır, Əli Hüseynov mənə dedi ki, gətir sınayaq. Fikrimcə, alındı. Ramil Premyer Liqada çox oyunlar idarə edib.
– Amma “Xəzər Lənkəran” azarkeşləri Ramil Diniyev haqda xoş fikirlər səsləndirmir. “Rəvan”la oyunda onun penalti qərarı hələ də xatırlanır. Məsələ ondadır ki, həmin matçın nəticəsi cənub təmsilçisinin dağılmasına gətirib çıxartdı.
– Mən həmin epizodu xatırlamıram. Bizim mətbuat belə məqamları çox şişirdir. Bir şeyə əminəm ki, Ramil heç vaxt nəyinsə qarşılığında o səhvi etməz. Səhvi hamı edir, amma bu bilərəkdən olmayıb. Bizim nəsildə satılmış adam olmayıb.
– Bəzi “Xəzər Lənkəran” azarkeşləri iddia edir ki, tapşırıq AFFA-dan gəlmişdi…
– Həmişə hər şeyi nəyəsə yozurlar da. Mən Ramilin yerinə cavabdehəm ki, o, heç vaxt belə şey etməz. Prinsipial uşaqdır.
– Keçək nəslinizin fəxri olan bacınız oğlu Eldəniz Əzizliyə…
– Eldəniz Beyləqanda yaşayırdı. Güləşə marağı var idi. Hər dəfə mənə deyirdilər ki, o yaxşı güləşir, şərait yaratmaq lazımdır. Bilirdim ki, rayonda yaxşı güləşməklə deyil, şəhərlə arada böyük fərqlər var. O qədər dedilər ki, axırda qərara gəldim ki, Eldənizi Bakıya gətirim. Güləş federasiyasının vitse-prezidenti Elçin Cəfərova zəng edib haqq-hesabı ona danışdım. Dedi “problem deyil, gəlsin”. Apardım. Bir həftə keçdi zəng etdim, Elçin dedi ki, “Şahin qoy bir az da qalsın, bu uşaqda nəsə var”. Mən də bacımgilə deyirəm ki, “zəifdir, onsuz da düşən deyil”. Rahatlaşsınlar da. Yenə də bir həftə sonra yığdım, dedilər ki, “artıq qalsın!” Bununla da Eldənizin önü açıldı. Savadlıdır, əməksevərdir. Uğur qazanmaq üçün nəyisə qurban vermək lazımdır, o da bundan keçə bilir. 4 dəfə dünya çempionu olmaq elə-belə şey deyil. Çox istəkli uşaqdır.
– Ondan 4-cü dəfə dünya çempionu olmamışdan əvvəl müsahibə götürmüşdüm, sizin haqda sual verəndə mənə belə cavab vermişdi, icazə verin, həmin hissəni sizə oxuyum: “Dayımla münasibətlərim yaxşıdır, hətta deyərdim ki, yüksək səviyyədədir. Görüşürük, danışırıq, məsləhətləşirik. Ümumiyyətlə, təkcə güləşdə deyil, həyatda da addım atmamışdan əvvəl mütləq dayımla məsləhətləşirəm. O, həmişə öz təcrübəsini mənimlə bölüşür. Ümid edirəm ki, onunla münasibətlərim həmişə yaxşı olacaq. Ümumiyyələ, Şahin Diniyev zarafatcıl adamdır. Nəsildə də məni xasiyyətimə görə məhz bu dayıma oxşadırlar. Aramızda çox zarafatlarımız olur. Bəzən dayım təvazökarlıq edib, qazandığım nəticələrə heç vaxt çata bilməyəcəyini deyir. Diniyev həqiqətən də örnək götürüləsi insanlardan biridir”. Fikirləriniz maraqlıdır…
– Çox təsirləndim. Mənim üçün Eldənizin yeri başqadır. Mən onu uşaqlarımdan ayırmıram. Uşaqlarıma necə məsləhətlər verirəmsə, ona da ürəyimi belə açıram. Həmişə fikirləri bir yerə yığıram və deyirəm ki, seçim sənindir. İstənilən halda, mən səni dəstəkləyəcəyəm. İnşallah, bu il də 5-ci dəfə dünya çempionu olsun, güləşi bitirə bilər. 34 yaşı var, güləş də əzələlərin oyunu deməkdir. İnsanlar yaşlaşdıqca əzələlər qıvraqlığını itirir, hüceyrələr ölür. Bununla da cəldlik itir. 30-dan yuxarı artıq əvvəlki kimi cəld ola bilmirsən.

– Şahin Diniyev və “Planet Parni iz Baku”…
– Sənət adamlarıdır və hərə bir cür sənətini nümayiş etdirir. Onların səhnələri insanlara xoş gəlirsə, reytinq qazandırırsa, alqışlanırsansa, deməli keçərlidir. Gülüş doğurmayan səhnə isə sənətkarın zəifliyidir. Amma bu səhnələr onlara uğur gətirirsə, niyə də olmasın?! Mən onlardan heç vaxt buna görə inciməmişəm. Əsas həyatda heç kimi təhqir etməyəsən. Onlar məni təhqir etməyiblər, bu sadəcə təqliddir.
– Səhnəcik sizin xoşunuza gəldi? Özünüz də buna güldünüz?
– Bəzi şeylər var ki, mənə aid deyil, bunu da başa düşürəm. Məsələn, mən siqaret çəkmirəm axı. Amma bu da onların ideyasıdır. Bununla insanları güldürməyi hədəfləyiblər. Amma mən özüm həmin səhnəyə qiymət verə bilmərəm. Qoy tamaşaçılar fikir bildirsin. Bunu edirlərsə, deməli, yaxşıdır.
– Çox savadlı nitqiniz var. Mütaliə edirsiniz?
– Edirəm. Axır vaxtlar detektiv və müharibə mövzusundan kitablar oxuyuram. Müharibə mövzusunda filmlərə də baxmağı sevirəm. Təəssüf ki, Qarabağdakı zəfərimizdən sonra film çəkən olmadı. Bu mənə pis təsir edir. Halbuki, məğlub olduğumuz savaşdan sonra “Fəryad” və “Dolu” kimi gözəl filmlər ərsəyə gəldi. Amma belə parlaq qələbəyə aid heç nə çəkiilmədi. Məğlubiyyəti işıqlandıra bildik, qələbəni yox. Bu millət ağlamaqdan ötrü yaranmayıb.
– 4 il İsraildə yaşayan bir adam kimi İsrail – İran müharibəsinə fikrinizi öyrənmək istərdim.
– Mən hansısa bir millət tərəfdarı deyiləm, onu deyə bilərəm ki, 28 fevraldan dünya tam dəyişib. Əslində, dünya çoxdan dəyişmişdi, biz bunu hiss etmirdik. Qarabağ müharibəsinə görə BMT-nin 4 qətnaməsinə fikir verməyən dünyadan nə gözləmək olardı?! Biz bu ədalətsizliyi hiss etmişdik. Hazırda güc danışır. Əgər bir ölkənin prezidentini yerləşdiyi yerdən götürüb öz ölkənə aparırsansa, nədən danışa bilərik? Ölkə prezidentləri toxunulmaz olmalıdır. Dünyada ədalət və demokratiya boş sözlərdən ibarətdir. Bu gün hər şey neftin üstündə dayanıb. Müharibələr əsasən neft ölkələrində gedir. Bu gün Hörmüz boğazının bağlanması Rusiyanın əl-qolunu açır. Artıq proseslər o həddə çatıb ki, bir neçə dövlət yoxa çıxacaq, hansısa bir ölkə parçalanacaq. Zaman haqlı olduğumu göstərəcək.
– Sizcə, İranı parçalaya biləcəklər?

– Bu müharibədə İranın qalib çıxması çox çətin görünür. Amma İranın bu qədər müqavimət göstərməsi də heç kimin ağlına gəlməzdi. Bu qədər itkilərə baxmayaraq təşvişə düşmürlər, döyüşürlər. Ölkə başsız qalmayıb, varlıqlarını göstərirlər. Amma İsrail və ABŞ-nin silahlarının qarşısında uzun müddət tab gətirmək çətin olacaq. Məncə, bu müharibə maksimum 1 ay uzanacaq. Nəsə olmalıdır. Əslində, Amerika da başa düşür ki, səhv addım atdı. Mən sadəcə günahsız insanların və uşaqların ölümünə görə təəssüflənirəm. Əsgərlərin ölümünü başa düşürəm, bəs məktəb və xəstəxanada bombaların altında qalanların günahı nədir?
– İsraildə yaşayan biri kimi siz daha yaxşı bilərsiniz: dünyada niyə antisemitizm bu qədər güclüdür? Niyə yəhudilərə nifrət edirlər? Hər halda, onları yaxşı tanıyırsınız, yəhudilər başqa millətlərə və digər dinlərin nümayəndələrinə necə yanaşırlar?
– Bilirsiniz, kiçik bir millətin belə qüdrətli dövlət qurması, elm dünyasında böyük irəliləyişlər əldə etməsi digərlərində qıcıq doğurur. Adi həyatda bir nəfər qonşun balaca evini 3 mərtəbəli malikanəyə çevirəndə özünü narahat hiss edirsən. Başlayırsan ona qara yaxmağa ki, bu pulları rüşvətlə qazanaraq özünə şərait qurub. İsrailə qarşı antipatiya bundandır. Mən 4 il yarım orada yaşamışam, azərbaycanlılara qarşı ancaq xoş münasibət görmüşəm. Bu xalq digərlərinə heç vaxt pislik etməyib. Düzdür, bəzi qəribə qanunları var, məsələn, uşağın 18 yaşı olanda, valideynləri ona nəzərət etmək hüququnu itirir və yaxud kiminsə icazəsiz qonaq getmək səlahiyyəti yoxdur. Ev yiyəsi mütləq sənə vaxt təyin etməlidir, belə gedib onu narahat edə bilməzsən. Bu xalqın öz təfəkkürüdür. Amma belə götürəndə, xalq kimi mən onlardan həmişə yaxşılıq görmüşəm. Qətiyyən müsəlmanlara xor baxmaq kimi bir xüsusiyyətləri yoxdur.
– İşsizlik sizi bezdirmir ki? AFFA-ya gedib gəlirsiniz? Məşqçilər Komitsəninin üzvü də deyilsiniz…
– Özüm istəmirəm. Mən bir komandanın “sükanı arxasında” fəaliyyət göstərmək istəyirəm. Zamanla bunun da düzələcəyinə ümid edirəm. Hərdən Allah bir qapını bağlayır ki, başqa qapını açsın. Hərənin bir taleyi var. Deyim ki, futbol üçün darıxmıram, yalan olar. Mən öz vaxtımı gözləyirəm.
– Təkliflər olur?
– Olub. Premyer Liqa klublarından birindən dekabrda təklif almışdım, imtina etdim. Çünki rahat şəraitdə çalışmaq istəyirəm, daha əvvəlki kimi problemli yerlərdən kənar gəzirəm. Artıq o yaşım deyil ki, bütün enerjimi bu problemlərə sərf edim.

