“Qarabağ” 2025/26 avrokubok mövsümündəki çıxışı ilə azərbaycanlı futbolsevərlərə əsl futbol bayramını yaşatdı.
Mübarizəyə iyulda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən başlayan “köhlən atlar”ın yolçuluğu düz 7 ay davam etdi.
Öncə böyük əksəriyyətin gözləmədiyi halda Liqa mərhələsinə vəsiqə qazanıldı, daha sonra dünyanı təəccübləndirən sensasiya yaşandı – “Qarabağ” adını Avropanın ən güclü 24 komandasının arasına yazdırıb pley-offa yüksəldi.
Burada isə İngiltərə və Azərbaycan futbolu arasındakı uçurum fərqi özünü göstərincə, sevinən tərəf “Nyukasl” oldu.
Ağdamlıların ÇL-dəki statistik göstəriciləri barədə zaman-zaman xəbərlər dərc etmişik.
Bu dəfə Premyer Liqada yaranmış fasilədən istifadə edib, bir çoxunuzun ağlında dolaşan suala cavab tapdıq.
Çempionlar Liqasında “Qarabağ”da dəqiqə etibarilə ən çox şans qazanan futbolçu kim oldu?
Pedro Bikalyo, yoxsa Mateus Silva?
Abdullah Zubir, yoxsa Mateuş Koxalski?
Bəlkə Elvin Cəfərquliyevlə Bəhlul Mustafazadədən biri?
Maraq üçün bildirək ki, təmsilçimiz 6-sı təsnifat, 8-i Liqa, 2-si pley-off mərhələsində olmaqla 16 matç keçirib.
Bütün oyunların həyəcanını yaşamış 4 nəfərdir – Pedro Bikalyo, Abdullah Zubir, Elvin Cəfərquliyev və Mateus Silva.
Daha 4 futbolçu isə 15 qarşılaşmada iştirak edib – Leandro Andrade, Kevin Medina, Bəhlul Mustafazadə və Mateuş Koxalski.
3 nəfərin dəqiqə sıralaması bir-birinə çox yaxın olsa da, braziliyalı Bikalyo həmyerlisi Silvanı 1 dəqiqə qabaqlayıb.
Sıramala belədir.
Pedro Bikalko – 16 oyun, 1376 dəqiqə
Mateus Silva – 16, 1375
Abdullah Zubir – 16, 1373
Mateus Koxalski – 15, 1350
Kevin Medina – 15, 1303
Bəhlul Mustafazadə - 15, 1255
Elvin Cəfərquliyev – 16, 1185
Leandro Andrade – 15, 1029
Statistik göstəricilər ünlü “transfermarkt” saytındakı məlumatlara əsasən təqdim olunub.
HƏBİB / SPORTİNFO.AZ

