Qurban Qurbanovun “sağ ol”u

09:25 Qarabağ 176
Qurban Qurbanovun “sağ ol”u

Ötən mövsüm tarixində ilk dəfə Azərbaycan kubokunu qazanan “Sabah” bu mövsüm daha böyük hədəflərə köklənib.

Komanda həm kubokda mübarizəsini davam etdirir, həm də Premyer Liqada çempionluğun əsas namizədi kimi önə çıxır.

Mövsümün bitməsinə 8 tur qalmış “Sabah” ən yaxın izləyicisi “Qarabağ” üzərində 10 xallıq fərqlə liderdir.

Bununla belə, çempionluq yarışında hər detalın həlledici ola biləcəyi mərhələyə daxil olunub. Xüsusilə də, bir xalın belə, qızıl dəyərində olduğu məqamda hakim qərarları daha da böyük əhəmiyyət kəsb edir. Bəzən bir epizod, bir səslənməyən fit, bir qərar mövsümün taleyini dəyişə bilər.

Məhz bu baxımdan “Qarabağ”ın ötən turda “Kəpəz”ə 0:1 hesablı məğlubiyyəti təkcə nəticə ilə deyil, həm də mübahisəli epizodla yadda qaldı. Oyunun sonlarına yaxın “köhlən atlar”ın vingeri Kamilo Duran rəqibin cərimə meydançasında yerə yıxıldı. Bu, penalti kimi qiymətləndirilə biləcək epizod olsa da hakim oyunu davam etdirdi. Epizod VAR-da incələnsə də, qərar dəyişmədi.

Matçdan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov açıq şəkildə həmin epizodun penalti olduğunu bildirdi və VAR-dakı hakimə dırnaqarası minnətdarlığını da çatdırdı. Sitat:

“Təkrara baxdım, mənə görə həmin epizod penalti idi. VAR-da Rauf Cabarov oturmuşdu, “sağ olsun”.

Daha sonra yayılan VAR danışığı isə qərarın dəyişməz qaldığını göstərdi. Amma bu, müzakirələrin səngiməsinə səbəb olmadı. Çünki belə vacib anda verilməyən bir penalti bəlkə də, “Qarabağ”a ən azı bir xal qazandıra, o bir xal isə mövsümün sonunda çempionluğun taleyini həll edən detal ola bilərdi.

Hə, o başqa məsələ ki, bütün məsuliyyəti yalnız hakimlərin üzərinə qoymaq da düzgün yanaşma olmaz. “Qarabağ” oyun ərzində üstün tərəf olsa da, bunu real nəticəyə çevirə bilmədi. Böyük komandalar belə matçlarda taleyini bir epizodun ümidinə, azərbaycanlı hakimlərin insafına buraxmamalıdır.

Konkret, “Kəpəz”lə matçda “Qarabağ”ın lehinə çevrilməyən epizoda gəlincə, hakimlər orada penalti olmadığı fikrində israrlıdırsa, bizə görə tam tərsidir: o epizod penaltilik epizod idi. Kamilo Duranın ayağına təmas var idi, top ayaqdan çıxdıqdan sonra olsa belə, “Kəpəz”in futbolçusu perspektivli hücumun, hərəkətin qarşısını almışdı. Bilərəkdən, ya bilməyərəkdən, cərimə meydançası daxilində rəqibin qolla nəticələnmək ehtimalı yüksək olan hücumunun qarşısını alırsansa, bu, penaltidir. “Kəpəz” – “Qarabağ” matçını idarə edən hakimlər bunun əksini düşünürlərsə də, bu, onların verdiyi qərarın “Quran” ayəsi olduğu anlamına da gəlməməlidir. Əmin olun ki, gələn mövsüm, bəlkə, elə qarşıdakı turlarda oxşar epizodda hakimlərin fərqli qərar verəcəyini görəcəyik (komanda.az).

Fəxri Rüstəmli

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti