“Lazım olsa, çiyinlərinə çıxıb qulaqlarına qışqıraram” – “OD PÜSKÜRƏN” MÜSAHİBƏ

29 Dekabr 2021 20:40 Müsahibə 2 342
“Lazım olsa, çiyinlərinə çıxıb qulaqlarına qışqıraram” – “OD PÜSKÜRƏN” MÜSAHİBƏ

Vidadi Rzayev deyəndə ağıllara İsveçrə millisi ilə oyunda vurulan qələbə topunun müəllifi olaraq yığmamızın ilk rəsmi qələbəsinin memarı, “Pünik”in qapısına yol tapan futbolçu, “Turan”, “Neftçi”, “Kəpəz” və “Şəmkir”lə çempion olmuş oyunçu, 1996-cı ildə ölkənin, 2005-ci ildə “Birlik kuboku”nun ən yaxşısı gəlir.

Parlaq futbolçu karyerasına malik olan Rzayev, təəssüf ki, eyni uğuru məşqçilikdə qazana bilmədi.

Məşqçiliyə “Karvan”da Yunis Hüseynovun köməkçisi kimi başladı, ardınca “Qəbələ”də işlədi, sonradan “Gəncə”də davam etdi və hazırda “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadənin köməkçisidir.

Vidadi bəy hələm-hələm mətbuatla ünsiyyət quran deyil. “Damarı” var ki, onu tutmalısan. Tutdunsa, vəssalam, bir çox həmkarları kimi heç kimdən çəkinmədən bilib-gördüklərini danışacaq.

Rzayevin “damarını tutub” ölkə futbolundan, millidən, özündən – hər şeydən danışdırdıq. 54 yaşlı mütəxəssisin Sportinfo.az-a müsahibəsini təqdim edirik.

- Necəsiniz? Neynirsiniz?

- Bu günümüzə şükür. Allah sizdən razı olsun! Çempionatın birinci yarısı başa çatıb, fasilədir. Yanvarın 10-a kimi istirahətdir.

- Yenə dağlara çəkilmisiniz?

- Əşi, dağlar nədi, su donub, səhərdən onu açmaq üçün çalışıram. Buralar qardır, şaxtadır.

- Əsas odur aça bilmisiniz. İstirahətiniz necə keçir?

- Belə də, həmişəki kimi. Ova getməyə hazırlaşıram.

- Ov var?

- Olanda olur. Dovşandan-zaddan vururuq arada.

- Qışın əsas malı nədir?

- Balıq, dovşan, cüyür, qaban, dağ keçisi – nə istəsən.

- Sizin tərəflərdə hamısı var?

- Bura məskənidir onların. Hər şey meşədir, maşallah.

- Dağın başına çıxmısınız. Ordan Azərbaycan futbolu necə görünür?

- Yuxarıdan aşağı baxanda necə görünürsə, elə. Aşağıdadır (gülür).

- Futbolumuzun bu günü sizi də narahat edir, yoxsa “Kəpəz”də işləyirsiniz deyə narahatlığa gərək yoxdur.

- İşdən söhbət getmir. Təbii ki, hamı kimi məni də narahat edir. Qrupda 1 xal toplayan milliyə görə rahat olmaq mümkün deyil.

- Dərdimiz təkcə yığmanın 1 xal toplamasıdır?

- Elə çempionatlarımız da o gündədir. Birində 8 komanda, o birində əvəzedici komandalarla peşəkar klublar qarışıb bir-birinə. Əvəzedicilərin öz çempionatı olmalıdır, orda oynamalıdırlar. Birinci Divizionda gücü vermək lazımdır bölgə təmsilçilərinə. Region Liqasında oyunlara baxırsan, adama ləzzət edir.

- Nə mənada?

- O gün Mingəçevirdə “Eneregetik”in oyununa baxıram, nə qədər adam var, ay kişi. Heç Premyer Liqanın seçilən matçlarına o qədər adam gəlmir. Birinci Divizionu vermək lazımdır bölgə komandalarına. Əla mübarizə izləyərik.

- Gəncədə futbol qalıb?

- Düzünü desəm Gəncədə futbol qalmayıb. Çünki burdakı uşaqlar şəraitsizliyə görə başqa rayon və şəhərlərə gedib. Harda ki, yaxşı şərait, akademiya var, ora həvəs göstərirlər. “Sabah”da, “Qəbələ”də bilirsiniz nə qədər gəncəli balaları var. Valideynləri də qınamalı deyil, övladının futbolçu olmasını istəyir.

- Gəncəli futbolçuların böyük əksəriyyəti Konstantin Abramenkonun “əlində böyüyüb”. Bu gün Gəncənin “Dyadya Kostyası” var?

- Oxuyan, savadını artıran, kateqoriya alan uşaqlar var. Problem məşqçilərdə deyil, problem uşaqların 18-19, ya da 20-21 yaşına çatanda batmasıdır. Bunun səbəbi maraqlıdır mənə. Kimdən də soruşuram, konkret cavab tapa bilmir.

- Sizcə, nədən qaynaqlanır?

- Konkret səbəb demək çətindir. Mən belə bir təklif irəli sürə bilərəm ki, AFFA rayon və şəhərlərdə internat təmayüllü akademiyalar yaratsın. O vaxt mən özüm də “Razin”dəki internatda oxumuşam. Tərlan Əhmədov da ordan çıxıb. Uşaq orda yatıb-dursun, qidalansın, oxusun, məşqini etsin. Sırf AFFA-nın nəzdnində ola, özləri nəzarət edə.

- Avropada bunu klublar edir axı.

- Messi, Xavi, İnyetsa harda yetişib, harda böyüyüb? “Barselona”nın akademiyasında. Bizə də beləsi lazımdır. O vaxt rəhmətlik Fuad Musayevin dövründə “Şəfa”da belə bir sistem yaratmışdılar. Zaur Tağızadə, Elçin Rəhmanov, Ruslan Musayev, Emin Quliyev, Namiq Həsənov – bu uşaqlar “Şəfa”da yetişənlər idi, milliyə qədər yüksəldilər. Klublar yaratmırsa, imkanları yoxdursa, AFFA yaratsın, özü də birbaşa nəzarət etsin. Oturub klubların addım atmasını gözləyə-gözləyə illəri itiririk axı. Sistem qurub, arxasınca getmək lazımdır. Problem bilirsiniz nədədir?

- Nədə?

- Uşaqlar müəyyən yaşa qədər oynayır. 19-20 yaşına, əvəzedici komandaya qədər. Sonra onların ardınca növbəti nəsil gəlir və yaşı 21-22 olan futbolçular qalır “havada”. Çünki onları istəyən yoxdur. Premyer Liqadakılar legionerlərlə təcrübəlilərə bel bağlayır, Birinci Divizionda da yaş limiti var. Deyirlər, filan futbolçunu götürək, o yaxşıdır, o biri pisdir, götürməyək. 20 yaşı var, deyirlər, ondan futbolçu olmayacaq. Allah köməyi olmuş, bu uşaq 10 il futbolla məşğul olub, bura kimi gəlib çıxıb, bundan sonra da siz kömək etməlisiniz. 20 yaşın hələ də öyrənməli olan dövrdür. Bizdə böyük əksəriyyət 20-21 yaşında karyerasını başa vurur.

- Vidadi Rzayev bu gün niyə “Kəpəz”də “ikinci”dir?

- Bu sualı mənə yox, lazımi adamlara vermək lazımdır.

- Axı əvvəldən siz bu yolu seçib bu cür də davam etdiniz.

- AFFA-da oturub, filankəsi ora, beşmənkəsi bura təyin edənlər mənim “ikinci” olmağımın səbəbini yaxşı bilir. Bu maliyyə ölkənin, dövlətindir. Orda kim nə işlə məşğuldur, Allah bilir. Onlara düz işləyən adam lazım deyil. Onların düşüncəsində düz işləyən düzdə qalmalıdır. Şükür, hələ düzdə qalmamışam. Əli əyri olan yaltaqların çoxu indi iş başındadır.

- 3-4 il əvvəl “Kəpəz”də baş verənləri nəzərdə tutursunuz?

- Klubların çoxunda belədir. Nə demək istədiyimi bilirlər.

- Sizə elə gəlmir ki, Vidadi Rzayev əlini bu işə bulaşdırmışdısa, məşqçiliyə baş məşqçi kimi başlamalıydı. Buna görə özünüzü qınayırsınız?

- Özümü ona görə qınayıram ki, gərək futbolçuların maaşını götürüb “yeyərdim”. İndiyə qədər heç kimdən qara qəpik almamışam. Tərli maykanın içindən çıxmışam. Futbolçu da mənim kimi tərli maykada gəzir. Bu cür düşünmüşəm həmişə, ona görə də bu gündəyəm.

- Baş məşqçi işləyə bilməzsiniz?

- İmkan verməzlər. Yadında saxla, sözün düzünü deyənlə heç kim işləmək istəmir. Çıxın sorğu keçirin və sual verin ki, yaltaqdan xoşun gəlir? Hamı “zəhləm gedir” deyəcək. Amma gözlərinin içinə qədər yalan deyirlər, hamı yaltaqdan ötrü ölür. Bu yaltaqlığı də mən bacarmıram.

- Həmin yaltaqları həyatda görürsünüz? Üz-üzə gəlirsiniz?

- O qədər görmüşəm ki.

- Üzlərinə deyirsiniz yaltaq olduqlarını?

- Üzlərinə deyirsən nədir, lazım olsa, çiyinlərinə çıxıb qulaqlarına qışqıraram. Sən hələ gör, onlar mənimlə görüşmək, üz-üzə gəlmək istəyir, ya yox. Onları ağızlarını açmağa peşman edərəm.

- (əsəbləşdiyini hiss edirəm) Allah sizdən razı olsun. Hamı sizin kimi açıq sözlü olsaydı, futbolumuz bu günə qalmazdı.

- (davamı olacaq)

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!