Mario Souza braziliyalı futbolçuları Azərbaycana göndərə bilmir - MÜSAHİBƏ

23 Sentyabr 2021 14:00 Müsahibə 1 798
Mario Souza braziliyalı futbolçuları Azərbaycana göndərə bilmir - MÜSAHİBƏ

Mario Souza - “Xəzər Lənkəran” azarkeşlərinin unutmadığı adların başında dayanır braziliyalı yarımmüdafiəçi.

Vaxtilə ölkəmizdə sayılıb-seçilən legionerlərdən olan, öz texnikalı oyunu ilə futbolsevərlərin rəğbətini qazanan bəstəboy legioner sonradan “İnter”lə “Simurq”un formasında görünsə də, düz 10 il əvvəl Azərbaycanı tərk etmişdi.

Ölkəmizdə olduğu 3 il müddətində meydana çıxdığı 96 görüşdə 33 qol vurub, “Xəzər Lənkəran”la ölkə kubokunu başı üzərinə qaldırmaqla yadda qalmışdı.

İndi 44 yaşı var, karyerasını çoxdan bitirib, Braziliyada özünə iş qurub. Müsahibə verməkdən heç vaxt boyun qaçırmayan Mario Sportinfo.az-ın suallarını həvəslə cavablandırdı.

- Səsindən tanımadım. Mario, dəqiq sənsən?

- Mənəm qardaş, mənəm. Səs həmişə eyni qalmayacaq ki. Azərbaycanı tərk etdiyim 10 il oldu artıq. O vaxtdan bu yana övladlarım boyda məni keçib, sən də deyirsən səsin dəyişib (gülür).

- Necəsən? Nə işlə məşğulsan?

- Yaxşıyam, işlər də qaydasında gedir. Öz şirkətim var. Futbolçuların dünyanın bir çox ölkələrindəki klublara keçidinə vasitəçilik edirəm. Agent deyiləm, vasitəçiyəm. Kiməsə futbolçu lazımdırsa, şəxsən özümdə yoxdur. Lazım olanı tapıram, keçidə vasitəçilik edirəm və faizimi alıram.

- Pandemiya yəqin ki, sənin işinə də təsir edib.

- Pandemiya demə, qardaş. Tək məni yox, dünyanı çökdürüb. Braziliyada ölüm sayını bilirsən? Yarım milyon adam koronavirusdan ölüb. Dəhşətdir, dəhşət.

- Azərbaycanla əməkdaşlıq edirsən?

- Düzünü desəm, yox. Azərbaycanda qardaş qədər yaxın bildiyim doğmalarım var. Amma indiyə qədər ora bir futbolçu belə göndərməmişəm.

- Niyə? Səbəb nədir?

- Yaponiya, Çin, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər kimi ölkələr olan yerdə Azərbaycana futbolçu göndərmək çox çətindir. Yaxşı futbolçu yaxşı pul istəyir. Məsələn, Azərbaycanın “Neftçi” və “Qarabağ” kimi imkanlı klubları yaxşı futbolçuya aylıq maksimum nə qədər pul verə bilir? 20-30 min dollar, düzdür? Amma adlarını sadaladığım ölkələr aylır 70-80, hətta 100 min dollar təklif edir. Belədə oyunçu daha yaxşı qazana biləcəyi yerə gedir. Təbii, söhbət səviyyəli oyunçudan gedir.

- Qiymətlərdən xəbərdarsan. Görünür, Azərbaycan futbolu ilə yaxından maraqlanırsan.

- Əlbəttə, maraqlanıram. Hətta bu sahədə işləməsəydim belə, yenə maraqlanardım. Mənim üçün Azərbaycan sıradan ölkə deyil. Ora mənim üçün çox doğmadır. Parladığım, tanındığım, sevib-sevildiyim ölkə. Dediyim kimi, orda mənim qardaş dediyim insanlar var. Azərbaycan futbolu ilə elə-belə maraqlanmıram. Bəzən ofisdəki televizorda “Neftçi”ylə “Qarabağ”ın avrokubok matçlarına baxıram. Çox bəyənirəm. Azərbaycan son 10 ildə çox dəyişib, çox.

- Nə mənada?

-Hər mənada. Təkcə stadionların ot örtüklərini götürək. 2008-ci ildə Qəbələyə səfər matçına gedəndə, qazona ayaq basmağa qorxurdum. Ora futbol meydanı deyildi, başqa bir şey idi. Götürək, “Muğan”ın rəqiblərini qəbul etdiyi sahəni. Tovuz da o cür. Allaha dua edirdik ki, ayağımız sınmasın. O vaxt örtüklər faciəvi durumdaydı. İndi baxıram, qazonlar göz oxşayır. Qəbələdə yerə sanki xalça səriblər. Bakıda yeni stadionlar inşa olunub. “Neftçi”nin ev oyunlarını keçirdiyi arena (“Bakcell Arena”), Avropa çempionatının final mərhələsinin keçirildiyi Bakı Olimpiya Stadionu.

-Əlbəttə, 10-15 il öncə ilə müqayisədə fərqlər mövcuddur.

-“Formula-1”i demirəm hələ. Keçən dəfə oğlum “Formula-1”ə baxır, yarış da Bakıda keçirilirdi. Soruşuram, tanıyırsan buranı? Deyir, yox. Dedim, atan bu gözəl ölkədə yaşayıb, futbol oynayıb. O vaxt uşaqlar balaca idi.. Oğlumun 3, qızımın 6 yaşı vardı. Ona görə də xatırlamırlar. Sizi inandırım, Azərbaycanla bağlı xoş nəsə görəndə çox sevinirəm. Çünki özümü azərbaycanlılardan ayırmıram.

- Dəyişən çox şeyin içində “Xəzər Lənkəran” yarası da var. O cür əzəmətli komanda tarixin yaddaşına qovuşdu, yoxdur artıq.

- Bu, çox böyük yaradır. O cür klub, o cür stadion, o möhtəşəm azarkeşlər... Sonu belə olmamalıydı. Yadındadı, futbolçu karyeramı bitirəndən sonra “Xəzər Lənkəran”a skautinq menecer kimi qayıtmışdım? Xatırlayırsan?

- Əlbəttə.

- Sonrası nə oldu? İşləmədim, işləyə bilmədim və çıxıb getdim.

- Niyə?

- Çünki mən işlədiyim yerdə ideyalarımı ortaya qoymalıyam, hədəflərim olmalıdır. Bunun üçün çalışırdım, amma gördüm ki, heç kimə maraqlı deyil. Nə isə, unudaq, olub-keçənləri yada salmaqla heç nə dəyişməyəcək. “Xəzər Lənkəran” bir tarix idi, heç vaxt unudulmayacaq tarix. İndiyə qədər çox sevirəm bu klubu. Lənkəranlı azarkeşlər məni və ailəmi sevirdi, biz də onları. Qarşılıqlı istək, hörmət vardı. Səni inandırım, sabah “Xəzər Lənkəran” Birinci Divizionda, ya nə bilim, Həvəskarlar Liqasında oynasın, mən bu komandanın qatı azarkeşi olacam (kövrəlir sanki, bir müddət fasilə verəndən sonra davam edir). Mənim ofisim “Xəzər Lənkəran”ın ofisinə bənzəyir. Hər yerdə klubla və Azərbaycanla bağlı xatirələrdir.

-Azarkeşlərlə əlaqən qalıb?

- Təbii ki. Hər dəfə “messencer”də hal-əhval tuturlar, maraqlanırlar, soruşurlar. “Xəzər Lənkəran”ı 11 il əvvəl tərk etmişdim. Düz 11 il əvvəl. Və hələ də məni xatırlayırlar, sevirlər. Və bu, sıradan sevgi deyil. Hər birinə təşəkkür edirəm, bağrıma basıram.

- Yeri gəlmişkən, futbolla “Simurq”da, 34 yaşın olanda vidalaşdın. Halbuki, daha bir neçə il oynaya bilərdin. Nə baş verdi?

- “Xəzər Lənkəran”dan “İnter”ə keçmişdim. Həmin vaxt Kaxaber Tsxadadze ilə müəyyən problemlərimiz oldu. Ona görə də orda alındıra bilmədim. Ən maraqlısı bilirsən nədir? Kaxa indi ən yaxın dostlarımdan biridir (uca səslə gülür). “İnter”dən “Simurq”a göndəriləndə orda oynamaq istəmirdim. Amma peşəkaram deyə, getdim. Ondan sonra dizimdə zədə oldu, başqa problemlər-filan, nəticədə 34 yaşımda karyeramı bitirdim.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı