AFFA-nın yaratdığı acı yeni reallıq - "İndi heç kim hücumçu olmaq istəmir"

2 Noyabr 21:40 Azərbaycan Futbolu 393
AFFA-nın yaratdığı acı yeni reallıq - "İndi heç kim hücumçu olmaq istəmir"

Azərbaycan Premyer Liqasında 10-cu tur davam edir.

Hər dəfə Peşəkar Futbol Liqasının saytında bombardirlər cədvəlinə göz atanda köks ötürməmək mümkün deyil.

Əcnəbi hücumçular sözün həqiqi mənasında at oynadır.

Siyahı əcnəbi ilə başlayır, əcnəbi ilə bitir.

Elə orta sıralar da onların adı ilə bəzənib.

Bircə Toral Bayramov xaric. "Qarabağ"ın üniversalı 3 qolla 4-cü pillədə yer alır.

Cədvələ 6 qolla "Araz Naxçıvan"dan Ba Muaka Simakala başçılıq edir.

"Sabah"lı Mikeslin aktivində 5 qol var.

Digər 7 nəfər gəlmənin də adında Bayramov kimi 3 qol var.

Təbii ki, bizi üzən yerlilərin kölgədə qalmasıdır.

Bu qədər zəif, aciz görünməsidir. Gəlmələr 10 tura 10 qol vura, deyəsən əşşi arada ciddi uçurum var. Ən yaxşısı 6 qola, digər 7-si 3 qola sevinib.

Belədə haqlı sual yaranır, bəs bizimkilər nə işə baxır? Ötən illərdə Musa Qurbanlı, Ramil Şeydayev kimi adlar öz varlığını göstərə bilirdi. İndi onlar da kölgədə qalıb.

Mövzunu Azərbaycan millisinin və "Qarabağ"ın hücumçusu Rauf Əliyevlə davam etdirdik.

Hazırda "Qarabağ"ın akademiyasında məşqçi kimi çalışan gənc mütəxəssis öncə bombardirlər cədvəli ilə bağlı fikirlərini bizimlə bölüşüb:

"Həqiqətən, çox acınacaqlı durumdur. Yerli hücumçularla bağlı ciddi problem var. Əksər klublar legionerlərə şans verir. Elə vəziyyət yaranıb ki, uşaq futbolunda heç kim hücumçu olmaq istəmir. Valideynlər də bunda maraqlı deyil. Baxır ki, Premyer Liqa klubları hamısı əcnəbi hücumçuları oynadır. Belədə övladını bu mövqedə görmək istəmir. Çünki şansı yox kimidir".

Klublar problemini qismən gəlmələrlə həll etmiş olur. Burada şərtlər uyğundur. Legioner limiti ləğv edilib, büdcəsində pulu olan-olmayan kənardan gələnlə mədət umur. Bəs milli komanda?

Ayxan Abbasovun yetirmələri 10 gün sonra Dünya çempionatının seçmə mərhələsində İslandiya və Fransa kimi yığmaları Bakıda qəbul edəcək.

Və futbol ictimaiyyəti həmin oyunlarda normal olaraq qol axtarışına çıxacaq. Fransa millisini başa düşdük, heç olmasa ümid edirik ki, İslandiyadan xal qopara bilərik. Kimlərlə?

Əliyev də indiki şərtlər altında ən çox zərbənin milli komandaya dəydiyini sözlərinə əlavə edib:

"Hazırda milli komandaya dəvət etmək üçün Ayxan Abbasovun əlimdə optimal formada olan 1 hücumçu belə yoxdur. Dəhşətli haldı. Əlimizdə olanlardan Mahir Emreli klubunda oynamır. Renat Dadaşov da oyun praktikasından əziyyət çəkir. Musa Qurbanlı zədəlidir. Nəriman Axundzadə indiki vəziyyətdə o qədər hazır deyil. Bəlkə də yaxşı mənada bir tək Nərimanı qeyd edə bilərik. Çox çətindir. Hər nə qədər ki, Premyer Liqa klublarında hücumda yerli uşaqlar oynamayacaq, biz də böyük çətinlik çəkəcəyik".

Rauf Əliyevin bir cümləsində böyük faciə gizlənir - Uşaqlar hücumçu olmaq istəmir...

AFFA legioner limitini ləğv edəndə düşünürdü ki, yerli uşaqlar inkişaf edəcək. Burada rəqabətdə uduzanlar ölkə xaricinə yollanacaq. Fərqində deyillər ki, olan-qalanı da qurutmaqla məşğuldular.

İlk gündən limitin ləğvinin yanlış fikir olduğunu yorulmadan dilə gətirmişəm/gətirirəm. Bu dəfə biz yox, uşaq futbolunda çalışan biri deyir ki, akademiyalarda uşaqlar hücumçu olmaq istəmir. Həqiqətənmi bir qərarla Azərbaycan futboluna nə qədər böyük zərbə vurduğunuzun fərqində deyilsiniz? Faciənin miqyasını 10-11 yaşlı uşaqlar da hiss edir, görür, amma yersiz qərarın verilməsində xidməti olan AFFA rəsmiləri yox. Təəssüflənməmək əldə deyil...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:00 Çək və bizə göndər!