Hazırda Premyer Liqada zədə sarıdan ən bəxti gətirməyən komanda «Zirə»dir.
Komanda az qala yarısı müxtəlif xəsarətlərdən əziyyət çəkir.
Rəşad Sadıqov zədə almasından ehtiyat etməsə, bəlkə özü də çıxar meydana.
O, belə bir həssas məqamda yenə riskə gedir. Necə?
Deyək, bilin!
Tyaqo Silva pis mövsüm keçirmir. Onun yoxluğu «Karvan»la qarşılaşmada hiss olundu.
Portuqaliyalı qapıçı start heyətində yer alsaydı, «Zirə»nin müdafiə xəttində bu qədər qarışıqlıq yaranmaz, iki top buraxmazdı.
Rəşad Sadıqov bunu bilə-bilə Tyaqo Silvanı ehtiyatda saxlayır, əlcəyi Aydın Bayramova geyindirir. O, özünün düşmənidir? Əsla!
Sadıqov Bayramovu milli üçün hazırlayır.
Ölkəmizin bir nömrəli komandası bu ay DÇ-2026-nın seçmə mərhələsində son iki oyuna çıxacaq. Fransa və İslandiya ilə qarşılaşmalar Bakıda olacaq.
Şahruddin Məhəmmədəliyev Ukrayna ilə matçıda sarı vərəqə limitini doldurub. Samir Abasov isə Rza Cəfərova «Neftçi»də 1 dəqiqə şans vermir.
Belə vəziyyətdə hamının gözü Aydına yönəlib. Sadıqov da Bayramova bu imkanı yaratmasa, millimiz növbəti görüşlərdə oyun praktikası olmayan qapıçıların ümidinə qalacaq.
Rəşad Sadıqova milli naminə bu jestindən dolayı min dəfə təşəkkür düşür.
Samir Abasovun də eləməli olduğunu o, eləyir, sağolsun!
Meydanda tək qalsa da.
Çətinliklər içində çabalasa da.
KAMİL

