Ayxan Abbasovla 100 oyunluq səyahət - MÜSAHİBƏ+FOTOLAR

19 Mart 2021 15:00 Müsahibə 967
Ayxan Abbasovla 100 oyunluq səyahət - MÜSAHİBƏ+FOTOLAR

"Sabah"la oyun Ayxan Abbasovun Azərbaycan Premyer Liqasında 100-cü oyunu kimi yadda qaldı.

O, bu nəticəyə iki klubda - "Zirə" və "Sumqayıt"da işləməklə çatıb.

Gənc və istedadlı mütəxəssis Sportinfo.az-a müsahibəsində arxada qalan məşqçilik karyerasını dəyərləndirib.

- Baş məşqçi kimi ilk oyununuz hansı olub və yaddaşınızda necə qalıb?

- İlk oyunum "Qarabağ"ın U16 komandasında olub. "Neftçi"nin U16 komandası ilə baş tutan görüş 1-1 hesabı ilə başa çatmışdı. Həqiqətən, həyəcanlı gün idi. Məşqçiliyə 4-5 ay olar başlamışdım. Düzdü, yoldaşlıq oyunlarına çıxmışdım, amma rəsmi oyunun ab-havası bir başqadı. Premyer Liqada ilk oynuma isə "Zirə"də çıxmışam. Bu "Azal"a qarşı oyuna təsadüf edirdi. Qış fasiləsindən sonra komandanı mənə həvalə eləmişdilər. Qarşımıza Avropa Liqasına qatılmaq məqsədi qoymuşduq. Bu baxımdan oyun vacib idi. İlk oyunumda məğlub olmaq istəmirdim. Premyer Liqanın ab-havasını onda hiss eləmişdim. İlk oyunlarım belə yadda qalıb.

- Əlinizdə imkanınız olsa, 100 oyundan hansının nəticəsini dəyişərdiniz və niyə?

- Qısa vaxtda 100 oyunun olması məni sevindirir. "Zirə"də ikinci mövsümün ilk dövrəsi rəqiblərdən çox xal fərqi ilə öndəydik. Qış fasiləsindən sonra qara zolağa düşdük. Qələbə qazanmalı olduğumuz oyunlarda xallar itirdik. Düzdü, sonda 4-cü yeri tuta bildik. Amma medalları son anda əldən verdik. Bir qələbə çatmadı ki, medallara sahib olaq. Buna hər zaman təəssüf eləmişəm.

- Hazırkı heyət xaric, ən çox xatırladığınız futbolçu kimdir və niyə?

- Çalışdığım futbolçuların hamısını xatırlayıram. "Zirə"dən Jozef Bumu xatırlayıram. Biz onu bəyənib komadaya gətirəndə 2 ilə yaxın idi futbol oynamırdı. Yoxlanışda fiziki durumu bizi qane elədi. Tez bir zamanda əsas futbolçuya çevrildi. Deyərdim ki, ölkəmizə gəlmiş müdafiəçilərdən barmaqla göstəriləcək futbolçulardan idi. Çox yaxşı oynayırdı. Sonradan ailə problemləri imkan vermədi ki, sona qədər çıxış eləsin. Təklif oldu və getmək istədi. "Sumqayıt"da çalışdığım futbolçulardan Əmir Ağayev və Əfran İsmayılovu qeyd edərdim. Ümumən çox futbolçu xatırlayıram. Hər biri ilə normal çalışmışıq və bu bizi sevindirir.

- Sizi intizamsızlığı və ya tapşırıqları gec qavramaq baxımından ən çox incidən, əsəbləşdirən futbolçu kim olub?

- Futbolçuların xarakterləri tam fərqlidir. Hər kəs eyni deyil. Böyük ölçüdə bizi incidən futbolçu xatırlamıram. İncidən futbolçu olanda onunla çalışmaq istəməmişik. Amma tənbəl futbolçular olub. Buna misal "Zirə"dən Riçard Qadzeni deyərdim. Həttən çox tənbəl idi. Özlüyündə düşünürdü ki, məşqlərdə belə olsam da oyunlarda 100% gücümü qoyacam. İlk illərdə belə yanaşırdı. Biz məşqçilər korpusu olaraq onu bu fikirdən daşındırıb, tənbeh eləməyə çalışırdıq. Bildirirdik ki, bu xasiyyətin sənin inkişafına mane olur. Zəif məşqlərinə görə bir neçə oyun əsas heyətə də buraxmadıq.

- Hansı rəqib üzərində qazandığınız qələbə sizin üçün xüsusi dəyərə sahibdir?

- Qələbələrin hamısı şirindi. Bu işi qələbə qazanmaq üçün görürük. Ən çox xatırladığım "Zirə" ilə "Differdanj"a qarşı olan oyundur. "Zirə"nin Avropa Liqasında ilk oyunu idi. Böyük bir məsuliyyət vardı. Hazırlaşmağa ay yarım vaxtımız qalmışdı. Qısa müddətdə gözəl kollektiv formalaşdırdıq. Hər iki oyunda da qalib gəldik. Bu "Zirə"nin tarixinə ilk Avropa Liqasına qələbəsi kimi düşdü. "Sumqayıt"da da uğurlarımız çox olub. Ölkə kubokunun yarımfinalında "Zirə" rəqib olmuşdu. Hər kəs "Zirə"ni favorit göstərirdi. Həmin oyunda "Zirə"ni keçib, finala yüksəldik. Bu "Sumqayıt" tarixində bir ilk oldu. Bu qələbə mənim üçün önəmli idi və heç vaxt yaddan çıxmır.

- Zamanı geri qaytarsaydılar, hansı futbolçunu komandanıza transfer etməzdiniz və niyə?

- Transfer məsələsi məşqçilik işində ən çətin və ən önəmli işdir. Bu günə kimi şükürlər olsun etdiyimiz transferlər böyük ölçüdə bizi təəssüfləndirməyib. Peşmançılıq olmayıb. Düzdü, özünü doğrultmayan futbolçular olub. Bunun da müəyyən səbəbləri olub. Məsələn, "Zirə"də David Manqa çox yaxşı və xarakterli futbolçuydu. Biz ondan çox razıydıq. Amma ailəsinin burda narahat olduğunu dedi. Ailəsi buradan ayrıldıqdan sonra onlarsız yaşaya bilmədiyini gəlib normal şəkildə bizə bildirdi. Bu onun oyununa təsir edirdi. İnandırım ki, Manqa İsrail və Bolqarıstan çempionatında oynadığı kimi oynaya bilsəydi, Azərbaycanda ən yaxşı futbolçulardan olardı. Belə hallarla rastlaşmışıq. Amma kiməsə küllü miqdarda pul verdiyimizi və onun da gəlib özünü doğrultmamasını xatırlamıram.

- Büdcəniz imkan versə, hansı 3 Azərbaycanlı futbolçunu "Sumqayıt"da görmək istərdiniz?

- Bəyəndiyimiz futbolçular çoxdur. Digər komandalarda olsalar da belə yerli futbolçuların uğuru bizi sevindirir. "Neftçi"dən Emin Mahmudovu xoşlayıram. Elə bir futbolçunun komandamda olmasını çox istərdim. "Qarabağ"dan Qara Qarayevi deyərdim. Mərkəzdə təcrübəli belə futbolçunun olması üstünlük olardı. İmkanımız olsaydı "Qarabağ"dan bir də Elvin Cəfərquliyevi transfer edərdik. Həqiqətən, bizim sistemə uyğun gələn futbolçudur. Bizdə çox uğurlu mövsüm keçirdi və bu gün milli komandaya kimi yüksələ bildi. Buna biz də sevinirik. Onun böyük potensialı olduğunu görürdük.

- Seçim qarşısında qalsanız hansı bölgəni təmsil edən klubumuzda baş məşqçi işləmək istərdiniz?

- Bölgələrə nəzər salsaq mənim üçün doğma klub "Turan"dı. Tovuzda futbolçu kimi yaxşı mövsüm keçirmişik. Gözəl bir komandamız vardı. Belə bir imkan olsa, ən doğma bölgə oranı deyərdim.

- Hansı uğur sizin məşqçilik karyerasının zirvəsi sayıla bilər?

- Məşqçiliyə başlayanda uğur qazanmaq istəyirsən. İnanmıram ki, hansısa məşqçi flan uğuru qazandım və bu mənə kifayət eliyir deyər. Uğur qazandıqca irəliləmək istəyirsən. Bu da normaldı. Həyatın qanunu belədir. İnsan istədikcə istəyir. Çalışdığın komandanın qarşısına qoyduğu məqsəd önəmlidir. Bu gün "Sumqayıt"da Avropa Liqasının qrupuna düşmək bizim üçün uğurdu. Reallıq budur. Amma, əlbəttə, bir məşqçi kimi Azərbaycan çempionluğunu, Azərbaycan kubokunu və avropada uğurlu çıxış etməyi inanıram ki, bütün məşqçilər arzu edir. Qismətdə varsa, bizə də nəsib olar.

- "Zirə" və "Sumqayıt"dan birini seçmək məcburiyyətində qalsanız, qərarınız necə olardı?

- "Zirə" və "Sumqayıt" arasına seçim edə bilmərəm. Hər iki klub da mənə doğmadır. Hər birinin mənim üçün özəlliyi var. Baş məşqçi olaraq iki komandada çalışmışam. Bəlkə də ondan irəli gəlir. Gələcəkdə necə olacaq onu deyə bilmərəm. "Zirə" mənim qəlbimdə ilk olaraq həmişə qalacaq. Çünki bu komanda baş məşqçi kimi mənə güvəndi. "Zirə"də köməkçi məşqçi kimi çalışmışam. Qısa bir vaxt akademiyaya rəhbərlik etmişəm. Ora doğma evim kimi baxmışam. Vəzifəsindən asılı olmayaraq hər kəs bir ailə kimiydi. "Zirə"yə o qədər köklənmişdim ki, başqa kluba keçmək heç vaxt ağlımdan keçməmişdi. Baş məşqçi kimi ilk dəfə Avropa Liqasına vəsiqə qazandıq və ilk dəfə mərhələ keçdik. İlk iki ili 4-cü yerdə bitirmişdik. Məncə, pis nəticə deyil. İkinci ilim daha yaxşı ola bilərdi. İlk dövrəni 3-cü yerdə bitirdik. Qışdan sonra bəzi futbolçular komandadan ayrıldı. Məşqçilikdə mənə bir təcrübə oldu ki, heyəti qoruya bilmədik. Məndən və məndən asılı olmayan səbəblər oldu. "Sumqayıt"da isə baş məşqçilik karyeramda ikinci səhifə açıldı. Çoxları burda uğursuz olacağımı deyirdi. "Sumqayıt"da işləməyin çətin olduğunu fikirləşənlər vardı. Çünki Sumqayıt futbol şəhəridir. Çılğın azarkeşləri var. Büdcə baxımından digər komandalardan geri qalırdı. Əcnəbi futbolçunun gətirilməməsi məsələsi vardı. İkinci komandada uğursuzluq karyerama zərbə ola bilərdi. Bu səbəblərdən dolayı mənim üçün çətin olacağı deyilirdi. Amma mən bunların hamısın nəzərə alıb gəlmişdim. İlk gündən rəhbərliklə əl-ələ verib "Sumqayıt"ın maksimum yuxarıda olmasına çalışmışıq. Mənə görə bu gün şükürlər olsun komanda uğurludur. Bəli, daha da uğurlu ola bilər. "Sumqayıt"da da ilklərə imza atmışıq. Sumqayıt tarixində ilk dəfə Avropa Liqasında iştirak elədik. İlk dəfə ölkə kubokunun finalında çıxış eləmişik. Təəssüf ki, məğlub olduq. İlk dövrənin qalibi olduq. Ardıcıl 5 tur ilk pillədə getdi komanda. Belə hal birinci dəfə yaşanırdı. İlk dəfə "Sumqayıt"dan eyni vaxta 7 futbolçu əsas milliyə dəvət aldı. Belə ilklər var. Digər klublarda etimad göstərilməyən futbolçular bizdə milliyə kimi yüksəldilər. Bu bizi sevindirir. Pillə-pillə irəliləyirik. Bu da bir daha sübutdur ki, məşqçi bir yerdə çox çalışıb, hansısa sistem quranda o sistem uğur gətirməyə səbəb olur.

- Baş məşqçilik sənətini seçməyinizə görə peşman olduğunuz hansısa məqam olubmu? Olubsa, niyə?

- Baş məşqçi kimi heç vaxt peşman olmamışam. Amma ədalətsizlik görəndə bir az ruh düşkünlüyü olur. Bu da güc tələb edir ki, ədalətsizliyə qarşı ruhdan düşmək yox, daha da motivasiyalı olub işinin öhdəsindən gəlməyə çalışasan. Çətinliklərdən keçdik, amma şükür bu gün hansısa nəticəyə gəlib çıxa bilmişik. Çox çətin sənətdir. Çalışırıq öhdəsindən gələk. Baş məşqçiliyə başlayanda daxilimdə öz prinsiplərim vardı. İlk olaraq ədalətli olmağa çalışıram. Çünki futbolçu kimi bir çox haqsızlıqlar görmüşdüm. Bu mənim öz fikrim idi. Bəlkə də həmin məşqçilərim öz-özlüyündə haqlıydılar. Bunu baş məşqçi olandan sonra anlamışam ki, futbolda fikir ayrılığı olur.

Digər Xəbərlər
Xəbər Lenti