- Azərbaycan yığması barədə...
- Bu məsələni kənara qoyaq. Məndən xahiş ediblər ki, bu barədə danışmayım.
***
Aleksey İsayevlə sual-cavabdan bir parçanı təqdim edirik. Bu sözləri söyləyən futbolçu «Sumoqayıt»ın formasını geyinir.
Məcburiyyətdən, istəməyərək.
Rusiyalı yarımmüdafiəçinin mövsümün əvvəlindən payızın oğlan çağınadək olan müddətdə klubunun başına açdığı oyun çoxumuzun yadından çıxmayıb hələ. İsayev həmin vaxt Azərbaycana qayıtmaqdan imtina edirdi.
İki ayağını bir başmağa dirəyib, transfer vərəqini «Sumqayıt»dan geri almaq uğrunda mübarizə aparırdı, hər yola əl atırdı. Bir ayağı «Yenisey»də idi, bir ayağı «Neftçi»də.
«Sumqayıt» 100 min manat təzminat tələb eləyincə, ardınca onu FİFA və UEFA-ya hədələyincə, Aleksey daşı ətəyindən tökdü, qış gəlməmiş özünü bura yetirdi.
O, «Sumqayıt» üçün vacib personadır. Komandanın oyunu onun üzərində qurulub. İsayev qayıdandan, «Sumqayıt»ın oyunu bir qədər də yaxşılaşıb, Ayxan Abbasovun ürəyi əvvəlkitək «tup-tup» eləmir.
Necə də olmasa, İsayev meydanın mərkəzində az yaradıcı iş görmür, hücum xəttini topla lazımınca «qidalandırır». Bu keyfiyyətləri ilə o, əsl «Sumqayıt» futbolçusu olmasını isbatlayır.
Yalnız «Sumqayıt»ın, milliyə faydası haqda isə heç nə söyləyə bilmərik. Nikola Yurçeviçin zamanında 2 dəfə yığmaya çağırılan, Xorvatya ilə səfər oyunundan sonra məşqdə zədələnməsini bəhanə gətirib Zaqrebə yollanmayan, Macarıstanla Bakıdakı qarşılaşmada isə meydana daxil olmaqdan boyun qaçıran Alekseyə görə «Sumqayıt»ın menecer-prezidentinin üzü az danlanmayıb.
Bu hərəkətindən dolayı Riad Rəfiyevi AFFA-ya çağırıb, o ki var tənbeh ediblər, üzünə olmazın sözlər deyiblər. Azərbaycan futbolu adına böyük biabırçı haldır bu.
Aradan xeyli vaxt keçib, amma Alekseyin sözündən belə çıxır ki, o, dəyişməyib, əvvəlki fikrində, mövqeyindədir. Yəni ki, millimizin formasını geyinmək ürəyincə deyil, sadəcə, müqaviləsi var deyə, «Sumqayıt»da çıxışını davam etdirir, yayda isə bilmərrə buradan ayrılacaq, heç arxasına da baxmayacaq, dabanına tüpürüb qaçacaq.
Azərbaycan futbolunun sabahı, axırı yoxdur. Rəfiyevlər söz və səlahiyyət sahibi olduğu bu illərdə yaxşılığa doğru heç nə baş verməyəcək, millimiz bundan da betər rəzilləşəcək.
«Sumqayıt»ın menecer-prezidenti pul qazanmaq üçün Aleksey İsayevi qiymətə mindirmək istəyir, o isə millimizin formasını geyinməklə Rusiyaya yolunun bağlanacağından qayğılanır.
Göründüyü kimi, tərəflərdən biri pul, digəri isə öz dərdini çəkir. Arada şərəfi ilə oynanılan, alaer obyekti olan millidir. Bir ovuc tamahkarın ucbatından dəyərini itirən, isavevlərin özünə yaraşdırmayacağı qədər ucuzlaşan milli!
SPORTİNFO.AZ

